Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədirliyi ilə AzTV QSC-nin keçmiş sədri Arif Alışanovun şikayəti əsasında həbs edilmiş Şamaxı rayon sakini, fermer Şücayət Əkbərovun kassasiya şikayətinə baxılıb.
Ş. Əkbərovun qızı Cəmilə Tağıyeva "AzPolitika.info"-ya bildirib ki, prosesdə atasının vəkili İmanqulu Həsənov vəsatətlə çıxış edib: "Vəkil bildirdi ki, Şücayət Əkbərov kassasiya şikayəti verdiyinə görə, o da proses iştirakçısı sayılır. Bu səbəbdən məhkəmədə iştirak onun hüququdur və təmin olunmalıdır".
Hakim Fərhad Kərimov vəsatəti təmin edərək prosesi mart ayının 2-ə təyin edib.
Xatırladaq ki, 2017-ci ilin yanvar ayında Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynov həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şücayət Əkbərov 18 il, Qoçəli Cəbiyev 17 il, Zöhrab Şirinov 16 il, Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıt Apellyasiya Məhkəməsində hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə Şücayət Əkbərovun apellyasiya şikayəti qismən təmin edilib. Onun 18 il azadlıqdan məhrumetmə cəzası 16 ilə endirilib. Digər təqsirləndirilən Zöhrab Şirinovun cəzası 16 ildən 14 il 6 ayadək azaldılıb.
Qeyd edək ki, Şücayət Əkbərovun ailə üzvlərinin mətbuata verdikləri məlumata görə, həbsdə olduğu müddətdə Qoçalı Cəbiyev xərçəng xəstəliyindən vəfat edib, Zöhrab Şirinov isə dəri xərçənginə yoluxub. İki dəfə açıq ürək əməliyyatı keçirən Ş. Əkbərov isə ağır şəkər xəstəsidir.
Onun yaxınları media vasitəsi ilə dəfələrlə ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət edərək ittihamların tamamilə əsassız olduğunu, məhkəmə hökmlərinin Arif Alışanovun sifarişi ilə çıxarıldığını bildiriblər. Ailə üzvləri keçmiş AzTV rəhbərinin onlardan qisas aldığını, zorakılıq və qanunsuz yollarla bütün var-dövlətlərini ələ keçirdiyini bəyan ediblər.
Ş. Əkbərovun vəkilləri də ittihamların sübuta yetirlmədiyini bildirərək məhkəmə hökümlərini ədalətsiz və sifarişli adlandırıblar. Onlar və məhkumun ailə üzvləri ümid edirlər ki, nəhayət Ali Məhkəmədə cinayət işi obyektiv araşdırılaraq verilən hökmlər ləğv edilib iş ibtidai istintaqa qaytarılacaq.
"AzPolitika.info"


Şərhlər
Allah rəhmət eləsin!