ƏSGƏRLƏRİNİ QORUYUB, ÖZÜ ŞƏHİD OLAN KOMANDİR - Vətən müharibəsinin daha bir qəhrəmanı + FOTOLAR

,Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixinə əbədi olaraq qızıl hərflərlə həkk olundu. Bu tarixi qələbənin qazanılması naminə canınını fəda etmiş zabitlərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Hüseynağa Salman oğlu Balıyevdir.

Hüseynağa Balıyev 1987-ci il dekabrın 22-də Salyan şəhərində dəmiryolçu ailəsində anadan olub. Atası Salman kişi və anası Rəna xanım indi də dəmir yolunda işləyirlər.

Hüseynağagil ailədə dörd övlad - iki qız və iki oğlan olublar. Dördü də ali təhsil alıb. Qardaşı İsa Balıyev Aprel döyüşlərinin iştirakçısıdır.

H.Balıyev 2004-cü ildə orta məktəbi bitirdikdən sonra hərbçi peşəsinə yiyələnmək üçün Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2010-cu ildə oranı əla qiymətlərlə bitirərək Naxçıvandakı N saylı hərbi hissədə zabit kimi qulluq etməyə başlayıb. 2015-ci ildə onun xidmət yeri cəbhə xəttinin Ağcabədidən keçən hissəsində yerləşən hərbi hissələrdən birinə dəyişdirilib. Əvvəlcə qərargah rəisi, bir müddət sonra isə tabor komandiri kimi xidmət edib.

Hüseynağa Balıyev 2011-ci ildə çoxdan sevdiyi, onlarla üzbəüz qonşuluqda yaşayan Nərmin xanımla ailə həyatı qurub. Hazırda qızı Rənanın 9, oğlu Harunun isə 3 yaşı var. Harun hələ uşaq olduğu üçün baş verənləri anlamasa da, balaca Rənanın gözlərindəki kədər baxanı əridir.

“Hüseynağaya öz atamın adını qoymuşdum, qızı Rənaya da öz adımı...heç vaxt inanmazdım ki, Hüseynağa şəhid olacaq. Nə vaxt zəng vururdu, deyirdi “məndən nigaran qalmayın, hər şey yaxşıdır”, - deyə anası Rəna xanım xatırlayır.

Nərmin xanım da həyat yoldaşından danışanda göz yaşlarını saxlaya bilmir, bizi də kövrəldir: “... 10 ildi ailə həyatı qursaq da Hüseynağa zabit həyatı ilə bağlı evdə üst-üstə çox az olmuşdu. Olduqca qayğıkeş və mehriban ailə başçısı idi. Qadına qarşı misilsiz dərəcədə nəzakət nümayiş etdirirdi. Uşaqlara baxıb sevinərdi... Sonuncu gəlişində uşaqlara elə həsrətlə baxdı ki...

Heç vaxt mənə iş buyurmazdı. Zabit həyatı ona özünəqulluq vərdişi aşılamışdı. Həm də çox səliqəli idi. Axırıncı dəfə evə avqust ayının sonunda gəldi. Uşaqları da götürüb Hacıqabul rayonunda yerləşən “Qədir-xum” ailəvi istirahət mərkəzinə getdik. Sanki ürəyinə dammışdı ki, şəhid olacaq. Evə qayıdanda Haruna veliosiped də alıb qoydu... Elə bilirəm ki, baş verənlər bir yuxudur, Hüseynağa yenə qapını açıb evimizə girəcək. Şəhid olmamışdan iki gün əvvəl, oktyabr ayının 6-da evə zəng vurub hal-əhval tutdu. Sonda telefonu oğlumuz Haruna verməyimi istədi. Haruna dedi ki, “özündən muğayat ol, oğlum!””.

“Mənə çox ağırdır onun yoxluğunu qəbul etmək. Hüseynağa şəhid olanda onun tabeliyində qulluq etmiş əsgərlər instaqram-da yazmışdılar: “Qızıl komutanımız şəhid oldu. Onun özündən də, soyadından da bir dənə idi . O bizim qayğımıza öz doğma balası kimi qalırdı”.

Hüseynağa bizə müharibə barədə heç bir şey demədi. Elə televizordan aldığım məlumatdan bilirdim ki, Vətən müharibəsi başlayıb. Gözləyirdim ki, o qayıdanda soruşaram olanları, qismət olmadı... balam şəhid oldu Vətən yolunda. Oğlu Harun deyir ki, “Nənə sən ağlama, ağladığına görə atam qayıtmır...”, - deyə Rəna xanım söhbəti davam etdirir.

Hüseynağa Balıyev oktyabr ayının 8-də Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. O, döyüşdə əsgərlərinə düşmənin atdığı minadan qorunmaq üçün təkrar “yerə yatmaq” əmri vermək üçün qalxarkən özü şəhid olub. Sağlığında igid komandirə verilmiş mayor rütbəsi vəsiqəsi o, dəfn olunan zaman məzarı başında atasına təqdim olunub.

“Sonuncu dəfə 3 günlük evə gəlməsi vidalaşamaq üçün imiş, amma görüşüb gedəndə gülə-gülə çıxdı... Peşəkar hərbçi olan oğlum Qələbə ilə başa çatmış müharibədə komandir kimi şəhid oldu. Mən Hüseynağa ilə fəxr edirəm. Komandir Hüseynağa Balıyevin adından - onun əvəzinə bütün şəhid əsgər və zabitlərin valideynləri qarşısında baş əyirəm. Vətən sağ olsun!”- deyir sonda atası Salman kişi.(Virtualaz.org)

Silahlı Qüvvələrin tabor komandiri, mayor Hüseynağa Balıyev ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda medalı” ilə təltif edilib.


635x100

Şərhlər

Xalq 2021-02-06 21:25:26

Şəhid mayora Allah rəhmət eləsin! Yaxınlarına baş sağlığı verirəm! Balaları sağ olsun!

Son yazılar