Menu

Ermənistandan Qarabağa hərbçilərin göndərilməsi dayandırılıb

09.02.2021, 15:36
Ermənistandan Qarabağa hərbçilərin göndərilməsi dayandırılıb

Ermənistandan Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsinə hərbçilərin göndərilməsi dayandırılıb. “Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, Ermənistanda faktiki olaraq silahlı qüvvələrin qış çağırışı başlayıb. Məlumata görə, çağırışçılar ölkədən kənarda deyil, yalnız Ermənistanda yerləşən hərbi hissələrdə xidmət edəcək.

O da qeyd edilib ki, xidmət ediləcək hərbi hissənin seçilməsi ilə bağlı ənənəvi püşkatılan yerlər siyahısında Qarabağın adı göstərilməyib.

Xatırladaq ki, Ermənistanın kapitulyasiyasından sonra Dağlıq Qarabağda qalan erməni hərbi birləşmələrinin qalıqlarının taleyinin necə olacağı barədə neçə vaxtdır müzakirələr gedir. Əvvəlcə bu birləşmələrin tərkibində yer alan və müharibədə iştirak edən Ermənistan vətəndaşları məzuniyyətə geri çağırılıblar. 

Onların yenidən Qarabağa göndərilməsinə cəhdlər edilsə də valideyinlər Ermənistan Müdafiə Nazirliyi qarşısında aksiyalar keçirərək övladlarının yenidən Azərbaycan ərazilərinə göndərilməsinə imkan verməyəcəklərini bildiriblər. Habelə belə xəbərlər vardı ki, Azərbaycan tərəfi də Ermənistandan çağırışçıların Qarabağa qayıtmasına imkan verməyib, onları Gorus-Qafan yolundan buraxmayıb.

Daha sonra qondarma “dqr müdafiə ordusu”nun ləğv ediləcəyi haqda xəbərlər yayılıb, bu xəbərləri Ermənistan rəsmiləri nə təsdiq, nə təkzib edir. Qarabağdakı separatçıların qalıqları isə “müqavilə əsasında xidmət keçən hərbçilərdən ibarət peşəkar birləşmələrin yaradılması” planları haqda danışırlar.

10 noyabr üçtərəfli razılaşması imzalananda və Ermənistan təslim olanda Dağlıq Qarabağın indi Rusiya sülhməramlılarının məsuliyyət zonasına çevrilən hissəsində təxminən 15 minlik erməni silahlı birləşməsinin qaldığı bildirilirdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol