Ermənistanda müharibədə itkin düşmüz erməni hərbçilərinin ailə üzvlərinə qarşı ağılasığmaz cinayət törədilib. "AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, özünü azərbaycanlı kimi təqdim edən Ermənistan vətəndaşı itkin əsgərlərin yaxınlarından pul qopartmaq cəhdlərinə görə saxlanıb.
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) yaydığı məlumata görə, "Facebook"-da özünü azərbaycanlı Əziz Muradov kimi təqdim edən Ermənistan vətəndaşı bu sosial media platformasında itkin düşmüş əsgərlərin qohumları olan qadınlarla əlaqə yaradıb.
Onların arasında 16 yaşına çatmamış qız uşağı da var. Həmin şəxs itkin əsgərlərin qohumlarına onların yeri və saxlanma şəraiti barədə yanlış məlumatlar verib. O, itkinlər barədə infiormasiyanın müqabilində qadınlardan çılpaq şəkil və videolarının göndərilməsini tələb edib. Bu şəxs əks halda itkin sayılan əsgərlərin öldürüləcəyi ilə hədələyib.
Ermənistan MTX-nin məlumatına görə bu "Facebook" istifadəçisi itkin əsgərlərdən narahat qadınların istismarı ilə məşğul olub. Ermənistan MTX-nin yaydığı videoda sözü gedən vətəndaşın saxlanaraq gətirilməsi görünür. Sözü gedən şəxsin kim olduğu açıqlanmır. O təqsirini etiraf edib və və hərəkətlərindən peşman olduğunu deyib. Onun hansı maddə ilə məsuliyyətə cəlb edildiyi də məlum deyil.
Məhkəməyə ona qarşı həbs-qətimkan tədbirinin görülməsinə dair vəsatət daxil olub. Erməni mediası bildirir ki, ilkin istintaqda sözü gedən şəxsin hərəkətlərindən zərər çəkmiş on qadın ifadə verib. Bu da xəbər verilir ki, şübhəlinin evində aparılmış axtarış əsnasında onun istifadə etdiyi mobil telefonlar tapılıb.
Xəbərdə deyilir ki, MTX-nin saxlananın hansı maddə üzrə şübhəli olduğunu bildirməməsinə baxmayaraq, söhbətin son dərəcə ağır cinayətdən getdiyi bildirilir. Sözügedən maddə 10-12 il müddətində azadlıqdan məhrum edilməni nəzərdə tutur.
"AzPolitika.info"


Şərhlər