Menu

Baş həkim məhkum əlildən rüşvət istəyir? - 11 saylı Cəzaçəkmə Müəssisəsindən şikayət

19.02.2021, 12:59
Baş həkim məhkum əlildən rüşvət istəyir? - 11 saylı Cəzaçəkmə Müəssisəsindən şikayət

“Penitensiar Xidmətin Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilov tutduğu vəzifədən sui-istifadə edərək, dövlət müəssisəsini özəl obeyekti kimi istifadə edir. O, xəstə məhkumlar üçün dövlət tərəfindən ayrılmış yüksək məbləğ dəyərində dərman preparatlarını və tibbi avadanlıqları mənimsəyərək, Bakı şəhərində yerləşən özünə məxsus 2 aptekdə satışa çıxarır”.

Bunu 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum, ikinci qrup əlil Səmədov Əli Azər oğlu Prezident İlham Əliyevə ünvanladığı müraciətində bildirib.

Şikayət məktubunu Göyçay rayon Birinci Ərəbcəbirli kənd sakini, anası Səmədova Gülnaz Mirzə qızı vasitəsilə “AzPolitika.info”-ya da göndərən məhkum, baş həkimin bu cür mənimsəmələrlə böyük var-dövlət əldə etdiyini iddia edir: “Əlbəttə, bunların hamısı xəstə və eyni zamanda kimsəsiz məhkumların əlindən alınmış haqları hesabına qazanılıb. Hətta COVİD-19 virusuna yoluxduğu ehtimal edilən xəstələr də müalicə müəssisəsinə daxil olmamışdan öncə testdən və yoxlamadan keçmədən Nicat Cəlilovun tələb etdiyi məbləği ödəməyə məcburdurlar. Əks halda, həmin xəstələr dərhal gəldikləri cəzaçəkmə müəssisələrinə geri qaytarılırlar...”

Şikayətçi daha sonra yazır ki, 2019-cu ildə Müalicə Müəssisəsində olarkən, şəxsən Nicat Cəlilovun çoxsaylı qanunsuz əməllərinə şahid olub. “Bütün gördüklərimi məktub vasitəsilə Sizə və aidiyyatı sturukturlara ünvanladım. O zaman, baş həkim mənim müalicəmin təşkili və xəstəlik sənədlərimin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Komissiyasına təqdim edilməsi üçün 2000 manat rüşvət istəmişdi. Lakin Nicat Cəlilov çoxsaylı tapşırıqlardan sonra qorxaraq bu məsələni pulsuz etdi və mənə 5 il müddətinə ikinci qrup əlillik dərəcəsi təyin edildi”.

Gülnaz Səmədova Prezidentinə müraciət edərək bildirir ki, hazırda məhkum oğlunun xəstəliyinin ağırlaşması səbəbindən əlillik qrupunun vaxtından əvvəl dəyişdirilməsi vacibdir: “O, haqqı olan birinci qrup əlillik dərəcəsi almaq istəyir, amma baş həkim Nicat Cəlilov ondan 1000 manat istəyir. Sizdən çox xahiş edirəm, dediklərimin obyektiv araşdırılmasını Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin korrupsiya və rüşvət çirkabında çabalayan məmurlarına deyil, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edəsiz. Cəlilov haqqında qanunun müvafiq maddələri ilə cinayət işi başlanılsın, haqq öz yerini tapsın”.

Şikayətdə göstərilən iddialarla bağlı Nicat Cəlilovun da mövqeyini işıqlandırmağa hazırıq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol