Hələ hakimiyyətə gəlməmişdən öncə əvvəlki administrasiyanın siyasətini "ölkə üçün dağıdıcı" hesab edən Bayden, sözlərinin üstündə duraraq, prezidentliyinin ilk günlərindən sələfinin verdiyi qərarları ləğv etməkdədir.
Bidiyimiz kimi, Donald Tramp tərəfindən bir çox “green card” müraciətçilərinin ABŞ-a girişini əngəlləyən qadağa da daxil olmaqla, bir sıra yeni qərarlar tətbiq edilmişdi. Tramp bu qadağanı keçən il koronavirus pandemiyası səbəbindən yüksək işsizlik fonunda ABŞ işçilərinin qorunması üçün zəruri olduğunu söyləyərək, qəbul etmişdi. Bayden isə ötən gün bunun ölkədəki kiçik və orta həcmli bizneslərə zərər vurduğunu əsas gətirərək, viza qadağasını ləğv etdi.
Xatırladaq ki, yeni administrasiya nümayəndələrinin açıqlamalarına görə, Ağ Evdəki ilk günlərində Bayden, səkkiz il ərzində ölkədə yaşayan təqribən 11 milyon qeyri-qanuni immiqrantın yalnız hüquqi status ala bilməyəcəyini, eyni zamanda daimi yaşayış üçün müraciət edə biləcəyini təmin edən bir qanun layihəsini ABŞ Konqresinə təqdim etmək niyyətində idi. Bu qanun layihəsinə görə, qanunsuz immiqrantlar polis yoxlamasından keçməli, cinayət təqibi və qanun pozuntuları olmadığını sübut etməli, həmçinin vergilərin ödənilməsinə dair sənədlər təqdim etməlidir. Bundan beş il sonra ABŞ-da oturma izni (yaşıl kart), üç il sonra isə vətəndaşlıq üçün müraciət edə biləcəklər.
Valideynləri tərəfindən ABŞ-a gətirilən uşaqlar və kənd təsərrüfatı işçiləri də daxil olmaqla, bəzi miqrant kateqoriyası üçün bu müddətlər azaldıla bilər.
Bayden, ABŞ-ın cənub sərhədindəki ailə ayrılığına son qoymaq üçün dərhal hərəkətə keçəcəyini də açıqlamışdı.
Ləğv edilmiş qərarlar içində Trampın “qanunsuz” və “anarxist yurisdiksiya” hesab etdiyi bir neçə şəhərdə yerləşən federal binaların klassik memarlıq üslubunda dizayn edilməli olduğuna dair qanun da var. Bununla bağlı qəbul edilmiş memorandumda, memarların ilham alması üçün Ağ Ev, ABŞ Konqresi, Ali Məhkəmə, Xəzinədarlıq Departamenti və Linkoln Memorialı kimi “Amerikanın sevilən simvolu binalarına” baxılması da nəzərdə tutulmuşdu.
Güntəkin Nizam


Şərhlər