GENERAL ƏKBƏROVUN MÜƏMMALI HƏBSİ – Niyə məhz indi?

İş adamının qətlində günahlandırılan Əkbərov Ordudan niyə uzaqlaşdırılmışdı?

1995-ci ilin mart hadisələrində fəal iştirak edən, “Milli qəhrəman” adı alan, daha sonra Azərbaycan Ordusunda general-leytenant rütbəsi və korpus komandiri vəzifəsinə qədər yüksələn Rövşən Əkbərovun həbsi cəmiyyətdə böyük əks-səda doğurub. Əslində, hələ İkinci Qarabağ Müharibəsinin ilk günlərində Rövşən Əkbərovun vəzifəsindən kənarlaşdırılaraq ehtiyata göndərilməsinə dair xəbərlər yayılanda, bunun təsadüfi olmadığı bəlli idi. Həmin vaxt hətta generalın mümkün həbsi barədə də məlumatlar dolaşmağa başladı.

Bu gün həmin proqnozlar öz təsdiqini tapdı, lakin bununla bərabər sabiq korpus komandiri ətrafında müəmmalar daha da artmış oldu. Çünki bu həbsin R.Əkbərovun hansı cinayətinə görə həyata keçirildiyi, daha doğrusu, bunun rəsmən elan olunacaq ittihamla gerçəkdən bağlı olub-olmayacağı məlum deyil. Belə ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən rəsmi məlumata görə, Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs olunub. Mətbuata isə R.Əkbərovla bağlı yalnız bir cinayət işi məlumdur. Söhbət 20 il əvvəl Ukraynanın paytaxtı Kiyevdə baş vermiş qətldən gedir. Məlumata görə, Rövşən Əkbərov Kiyevdə iş adamı Elçin Əliyevi şəxsi münasibətlər zəminində qətlə yetirib. Vaxtilə mətbuatda yayılan məlumatlara görə, azərbaycanlı iş adamının ürək nahiyəsinə hərbi bıçaqla zərbələr endirilibmiş. İstər Ukrayna hüquq-mühafizə orqanları, istərsə də E.Əliyevin yaxınları bu hadisəni R.Əkbərovun törətdiyini iddia edirdilər. Həmin vaxt fakt üzrə Ukrayna Prokurorluğu cinayət işi başlayıb və cinayəti törədən şəxsin Azərbaycan Respublikası vətəndaşı olması, hadisəni törətdikdən sonra qaçıb gizlənməsi müəyyən edilib. Hətta 26 fevral 2003-cü il tarixdə Əliyev Elçin Faday oğlunun öldürülməsi faktına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin general-leytenantı Əkbərov Rövşən Telman oğlu barəsində Ukrayna Respublikası Cinayət Məcəlləsinin 115-ci maddəsinin 1-ci hissəsi ilə, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Buna görə də cinayət dosyesi 27 fevral 2003-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Bundan sonra uzun illər Elçin Əliyevin anası Səmayə Əliyeva oğlunun qətlinin açılması üçün çabalar göstərib, mətbuat konfransları keçirib, Avropa Məhkəməsinə müraciət edib. Səmayə Əliyeva oğlunun qətlində israrla Rövşən Əkbərovun adını çəkib, onu ittiham edib. Lakin belə görünür ki, Rövşən Əkbərovun vəzifədə olması, yaxud hansısa digər səbəblər bu ittihamların obyektiv araşdırılmasına mane olub. Nəticədə, cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu və məhkəmələr başda olmaqla, müvafiq qurumlarımızın dəhlizlərində “ilişib qalıb” və lazımi sonluğa çatdırılmayıb.

Mətbuata çoxsaylı müraciətlər edən E.Əliyevin anası açıqlamalarının birində deyirdi: “Oğlumun cənazəsini Kiyev şəhərindən Nazim İbrahimov və oğlumla birlikdə işbirliyində olan Səməd Novruzov Bakıya gətirdilər. Soruşacaqsınız ki, ailə üzvlərindən cənazəni gətirməyə kimsə getmişdimi? Bizim Kiyevə getməyimizi şəxsən Nazim İbrahimov, hansı səbəbdənsə məsləhət bilmədi. O vaxtlar Ukraynada müvəqqəti işlər vəkili, sonradan Diasporla iş üzrə Dövlət Komitəsinin sədri olan Nazım İbrahimov, oğlumun yas mərasimində iştirak edərkən mənə bildirdi ki, Səmayə ana, bu işin arxası ilə getməyin. Dedi ki, bu cinayətin arxasında böyük qüvvələr durur...”

N.İbrahimovun “böyük qüvvələr” deyərkən kimləri nəzərdə tutduğunu deyə bilmərik. Ancaq görünən odur ki, artıq həmin qüvvələr əvvəlki kimi böyük deyil və bu, özünü Əkbərovun həbsi də daxil olmaqla, bir çox məsələlərdə göstərməkdədir...

Xatırladaq ki, Rövşən Əkbərov adı mətbuatda tez-tez müxtəlif məsələlərə görə hallanan generallardan biri idi. Bəzi məlumatlarda R.Əkbərovun sabiq Müdafiə naziri Səfər Əbiyevlə az qala düşmən münasibətlərində olduğu da qeyd olunurdu. Son məlumatlara gəlincə, rəsmi məlumatda general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılovun vəzifələrindən eyni vaxtda, müharibənin ilk günlərində azad edildiyi qeyd olunur. Lakin “AzPolitika.info”-nun əldə etdiyi məlumata görə, Rövşən Əkbərovla bağlı qərar Baş Qərargah rəisi Nəcməddin Sadıkovla eyni anda verilib. Həmin məlumatda hər iki generalın Ordudan eyni vaxtda və böyük ehtimalla da eyni səbəbdən uzaqlaşdırıldığı bildirilir. Bu isə həm də o deməkdir ki, Rövşən Əkbərovun həbsi qətl hadisəsilə əlaqələndirilsə də, onun Ordudan uzaqlaşdırılması Kiyevdə 20 il əvvəl törədilmiş cinayətlə yox, Ordudakı fəaliyyətilə bağlıdır. Bəzi mənbələr müharibənin ilk günlərində ona tapşırılan istiqamət üzrə (Murov istiqaməti olduğu iddia edilir-red.) əməliyyatın uğursuz olduğu və çoxlu sayda itki verildiyini iddia edir. Lakin generalın karyerasına sadəcə bir əməliyyata görə son qoyulması və sonradan onun hətta həbs edilməsi o qədər də inandırıcı görünmür. Yəqin ki, ortada daha ciddi səbəblər və faktlar var...

Hər necə olsa, Baş Prokurorluğun Rövşən Əkbərovun həbsilə bağlı geniş məlumat yayacağı gözlənilir və bu məlumat baş verənlərə müəyyən dərəcədə aydınlıq gətirəcək. Lakin əgər həmin məlumatda həbsin 20 il əvvəl törədilmiş cinayətlə bağlı olduğu bildiriləcəksə, R.Əkbərovun personası ətrafında müəmmalar qalmış, hətta artmış olacaq. Ən azından ona görə ki, “20 il əvvəl törədilmiş cinayətin izinə niyə məhz indi – müharibə bitəndən və R.Əkbərov Ordudan uzaqlaşdırılandan sonra düşülür” sualı açıq qalmış olacaq.

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2021-03-16 23:19:16

Mene göre ümumiyyetle Nehremliler Naxçıvan Müxtar respublikasının en qorxmaz,merd,kişi kimi sözü qorxmadam çekinmeden üze deyen kiminse arxadıncs danışmayan insalarolublar tarixen .Zamanında Andranik kimi qaniçenlerin qabağından qaçmayıb mübarize aparıb qalib gelem bir qövm olub O cümleden İbrahimov qardaşları ki bınlar da bu hakimiyyet dövründe maksimıum özleei üçün yararlanıblar.Qeribedir Nazim göresen kimden çekinib zülme boyun eyib axı o vezifede olub ve rli en yuxatılara çatıb.O heqiqeti kimese deye bilerdi.Qeribedir?

Eli 2021-03-16 23:08:37

Böyük Türk şairi Namiq Kamal göze deyib: Zülmün topu var ,güllesi var qelesi varsa Haqqın da bükülmez qolu geri dönmez üzü vardır.Göz yumma Güneşden ne qeder nuru qaralsa,Sönmez ebedi her gecenin gündüzü vardir.

Xalq 2021-03-16 16:41:51

məlumatları xalqla bölüşmək lazımdır!

t.ədalət 2021-03-16 15:53:00

Ölkədə cinayətkarlığın baş alıb getməsi böyük bir təhlükəyə doğru uzanır.Cinayətkarlar cəzalanmasa ölkə ermənidən də təhlükəli cinayətkarların əlində qala bilər.R.Əkbərov,N.Sadıkov,Eldar Həsənov və onlarla digər cinayətkarların həbsi haqqında əsil həqiqət deyilmir.E.Həsənovun Avropadan .... Cənab Prezidentin cinayətkarlara qarşı başlatdığı mübarizə alqışlanasıdır.İş o yerə çatıb ki,firma və şirkətlər işçilərinə verdiyi əməkhaqqının yarısını geri alır.Rayonlasrın məğulluq mərkəzləri müdirlərə istədikləri qadınların axtarışı ilə məşğuldurlar.Mübarizə isə,ancaq DTX səviyyəsində aparılmalıdır.

Rovşən 2021-03-16 13:57:58

Haqq gec tez oz yerini tapır.

Son yazılar