Menu

“AXI SİZ NƏ İSTƏYİRSİNİZ?” - Ermənistanda siyasi böhran qanlı qarşıdurmaya çevrilə bilər

19.03.2021, 15:04
“AXI SİZ NƏ İSTƏYİRSİNİZ?” - Ermənistanda siyasi böhran qanlı qarşıdurmaya çevrilə bilər

Ermənistanın Baş naziri Nikol Paşinyanın növbədənkənar seçki qərarı ölkədəki siyasi gərginliyi səngitmək əvəzinə bir qədər də alovlandırıb.

“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatı baş nazirin iyunun 20-də növbədənkənar parlament seçkisi keçiriləcəyini elan etməsindən sonra istər müxalifət cəbhəsində, istərsə də hakim partiyada çaşqınlıq yarandığını yazır.

Hakim partiyanın parlamentdəki bir çox təmsilçiləri növbədənkənar seçkilə bağlı qərarın onlarla məsləhətləşmə aparılmadan, razılaşdırılmadan verilməsinə narazılıqlarını ifadə ediblər. Ermənistandakı müşahidəçilər bu narazılığı onunla əlaqələndirirlər ki, hakim partiyanın deputatlarının bir qismi seçkidən sonra yeni parlamentdə yer ala bilməyəcəklərini indidən bilirlər.

Müxalifətə gəldikdə isə bu düşərgə iki ihissəyə bölünüb. Belə ki, parlamentdə təmsil olunan müxalif partiyalar əsas etibarilə seçki qərarını dəstəkləyir və seçkidə mütləq iştirak edəcəklərini bildirirlər.

Müxalifətin digər kəsimini təmsil edənlər, daha çox küçə etirazlarına üstünlük verənlər isə qətiyyətlə seçkiyə qatılmayacaqlarını və onun saxtalaşdırılacağına əmin olduqlarını deyirlər.

Belə ki, "Vətənin xilası hərəkatı"nın rəhbəri Vazgen Manukyan və Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi növbədənkənar seçkilərə qatılmayacaqlarını açıqlayıblar.

Vazgen Manukyan iyunun 20-də keçirilməsi planlaşdırılan seçkinin ümumiyyətlə baş tutacağına şübhə etdiyini deyib: "Nikol Paşinyan dövründə keçirilən seçkilər Ermənistan üçün fəlakət olacaq. Ancaq buna baxmayaraq, bu seçki keçirilsə belə mən bu seçkidə iştirak etməyəcəyəm".

Ancaq onlardan fərqli olaraq, parlamentdə təmsil olunan iki partiya - Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" və Artur Vanetsyanın "Vətən" partiyaları artıq bu seçkilərə qatılacaqlarını elan ediblər.

Onlarla yanaşı, növbədənkənar seçki məsələsində ən aktiv görünən “Maariflənmiş Ermənistan” partiyasının sədri, parlamentdəki fraksiya rəhbəri Edmon Marukyan da seçkiyə qatılacağını bəyan edib.

Partiya sədri həmçinin, müxalifətdə olan və seçkinin əleyhinə çıxan qüvvələri sərt tənqid edib: “Axı siz nə istəyirsiniz? Siz nəhayət müəyyənləşdirə bilərsinizmi ki, nə istəyirsiniz?”

Marukyan deyib ki, müxalifətin bir qismi bir tərəfdən vəziyyətdən çıxış yolu axtarır, digər tərəfdən də seçkiyə getmək istəmir: “İndiyə qədər hamı deyirdi ki, ölkəni xaosdan çıxarmaq üçün bir şey edin, heç olmasa növbədənkənar seçki təşkil edin. İndi seçki günü təyin olunandan sonra isə deyirlər ki, bu, ən pis, biabırçı, saxta və s. seçki olacaq.”

Əslində, partiya sədrinin dediyi kimi, doğrudan da Ermənistandakı hakim partiya kimi müxalif siyasi qüvvələr də başlarını itiriblər. Bir tərəfdən müharibədəki sarsıdıcı məğlubiyyət, digər yandan partiyaların ayrı-ayrı xarici dövlətlərin və xaricdəki mərkəzlərin təsiri altında olması vəziyyəti daha da qəlizləşdirir.

Məhz bu səbəbdən bir çox müşahidəçilər növbədənkənar seçkinin Ermənistan üçün indikindən daha təhlükəli perspektiv vəd etdiyi fikrindədirlər. Çünki seçkidən sonra saxtakarlıq və digər iddialar önə sürülərək, ciddi qarşıdurmaların təşkil olunması, hətta qan tökülməsi ehtimalı yüksəkdir. Hər necə olsa, bütün bu proqnoz və ehtimallara, əgər seçki baş tutarsa, iyunun 20-də aydınlıq gələcək.

C.Məmmədov

“AzPolitika.info”  

Şərhlər

Kələntər 2021-03-19 15:43:30

Erməni müxalifətinin hərəsi 5-10 nəfərdən ibarət 5-6 partiyası var ki beşi 5 qəpiyə dəyməz, biri dəheç neçəyə.Azərbaycanın 5-ci kolonu onları nə qədər müdafiə etsə də xeyri yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol