Sadiq Qurbanov, millət vəkili
Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 102 illiyi münasibətilə bu sahədə çalışan bütün əməkdaşların peşə bayramlarını təbrik edir, onlara bu çətin və şərəfli işlərində uğurlar arzulayıram.
Məlumat üçün: Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra - 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart - Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
Azərbaycanda ilk milli təhlükəsizlik orqanı 1919-cu il martın 28-də yaradılıb. Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə nazirlik tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi (kvartirmeyster) təşkil edilib. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib.
Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya ("ÇK") adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının ("NKVD") tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. 1967-ci ilədək respublikanın təhlükəsizlik orqanlarına qeyri-azərbaycanlılar rəhbərlik ediblər. Həmin il general Heydər Əliyev Azərbaycan DTK-nın sədri təyin olunub.
Bu gün Azərbaycan təhlükəsiz və sabit dövlət imicinə malik bir ölkədir. Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində Azərbaycan hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilmişdir. Təbii ki, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında təhlükəsizlik xidməti orqanlarının xüsusi rolu danılmazdır. Sizin vətənpərvərlik və dövlətçilik ideallarına, Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli-mənəvi və bəşəri dəyərlərə hörmət hissi ilə sədaqətli xidmətiniz, eyni zamanda ümummilli liderimiz Heydər Əliyevin azərbaycançılıq, dövlətçilik və müstəqillik ideyalarının həyata keçirilməsi istiqamətdəki fəaliyyətiniz təhlükəsizlik orqanlarının keçdiyi yolu daha da şərəfləndirərək, cəmiyyətdə müsbət imicinizin formalaşmasında mühüm amil kimi çıxış edir.
Digər tərəfdən isə möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun canı-qanı bahasına ermənı ordusunun “məğlubedilməz” mifinin 44 günə dağıdılmasında, o cümlədən bütün xarici və daxili qüvvələrin xalqımızın iradəsi ilə hesablaşmağa məcbur edilməsində, ərazi bütövlüyümüzün bərpa olunmasındakı fəaliyyətinizi də xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan xalqının bu möhtəşəm qələbəsi Ermənistanda ciddi çaşqınlıq, çaxnaşma və olduqca mürəkkəb vəziyyət yaradıb. Hazırda Ermənistan keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın yaşadığı mürəkkəb, ziddiyyətli və qalmaqallı günləri yaşamaqdadır. Ermənistanın qüdrəti, lobbisinin gücü, erməni quldur dəstələrinin məğlubedilməzliyi haqqında onilliklər boyu formalaşdırılmış miflər Milli Ordumuzun aramsız zərbələri altında dünyanın gözü qarşısında "cəhənnəmə vasil oldu". Azərbaycan Ordusu xalqımızın son otuz ildə verdiyi şəhidlərin və qurbanların intiqamını aldı. Azərbaycan "sivilizasiyaların toqquşmasından" qalib çıxdı, suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı BMT-nin tarixi qətnamələrini kağız üzərindən gerçək həyata köçürdü.
Möhtəşəm qələbəmizdən sonra kefiyyətcə yeni mərhələyə qədəm qoyan Azərbaycanımızın qarşısında görüləcək çox işlər var. Ümid edirəm ki, xalqımızın bütün çətin sınaqlardan çıxmasında həmişə olduğu kimi rolunuzu və fəaliyyətinizi əsirgəməyəcək, üzərinizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəksiniz.


Şərhlər
Sovet dövrünü dövlətçilik adlandırmaq savadsızlıqdır.Biz həmin illəri müstəmləkə rejimində yaşamışıq.Həmin illərdəki bütün fəaliyyətlər işğalçı sovet-rus dövlətinə qulluq olub.Biz müstəmləkiçilik dövrünü balalarımıza dövlətçilik kimi yedirdə bilmərik.Rusiya "seçilmiş" sədaqətli adamlar hesabına milli mübarizəmizi öldürüb.İndi də həmin təsirdə olan,işğalçı və qatil Rusiyanı sevən xainlər var.
DTX , Azərbaycan dövlətinin onurğa sütunudur. Bu qurumun əməkdaşları Vətən Müharibəsində böyük qəhrəmanlıqlar göstərdilər. Əli müəllim başda olmaqla, bütün DTX əməkdaşlarına eşq olsun!