“RUSİYANIN QARŞISINDA MƏSƏLƏ CİDDİ QOYULMALIDIR...” – “Ermənistan öhdəliklərini yerinə yetirməyib”

Bu günlərdə Ermənistanın Ədliyyə naziri David Arutyunyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinə səfər edib. Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, D.Arutyunyan qonarma rejimin başçısı Arayik Arutyunyanla görüşüb.

Bununla paralel Ermənistan hökumətinin Dağlıq Qarabağa maliyyə yardımı da göstərdiyi bildirilir. Bundan əvvəl isə tanınmayan qurumun «parlamenti» rus dilini ikinci «rəsmi dil» kimi tanımışdı.

Məlumdur ki, Azərbaycan hakimiyyəti Ermənistan rəsmilərinin onlarla razılaşmadan Dağlıq Qarabağa səfər etmələrini sərt tonda qınayır və bunun sülh danışıqlarına mane olduğunu bildirirdilər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas "Turan" agentliyinə mövzu ilə bağlı bunları deyib: "Necə olur ki, ermənilər Yerevandan Xankəndinə rahat gedə bilir, mən isə Şuşaya Ağdamdan rahat 37 kilometrlik yolla yox, uzun bir yolla getməliyəm?".

Deputatın fikrincə, yenidən danışıqlar olacaq və problem mərhələli yolla həll olunacaq: "Ermənistan öz üzərinə götürdüyü öhdəliklərini, hələlik, yerinə yetirməyib. Ona görə də problemlər yaranıb".

Komitə üzvü hesab edir ki, Azərbaycan Rusiyanın qarşısında məsələni ciddi qoymalıdır: "Ermənistanın nə ixtiyarı var ki, Azərbaycanın ərazisindəki hansısa şəhərə yatırım etsin?".

Deputatın fikrincə, Azərbaycan heç vaxt dinc əhalini bombalamayıb: "Onlar 10 min mərmini Tərtərə atıblar, biz isə Xankəndində, Ağdərədə olan yaşayış evlərinin birinə də atmamışıq. İndi Nikol Paşinyan o pulu hara göndərir, nəyi təmir edib tikəcək? Digər tərəfdən, ruslar da orada qəsəbə tikir. Bu, beynəlxalq qanunlara ziddir".

A.Abbas qeyd edib ki, Azərbaycan ərazisində yalnız Azərbaycan razılığı ilə nəyisə tikmək olar: "Ağdərədə elə kəndlər var ki, orada heç vaxt ermənilər yaşamayıb. İşğaldan sonra ora gəlib yaşamağa başlayıb. 10 noyabr razılaşması imzalanandan sonra onlar oradan çıxıb getmək istəyirdi, çünki hamısı azərbaycanlıların evlərində yaşayır. Onlara isə deyilib qayıdın yerinizə. Bəs ora qayıdan azərbaycanlılar harada yaşayacaq? Ona görə də bu problemlər növbəti danışıqlarda həll olunmalıdır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə "Azadlıq" radiosuna bildirib ki, Dağlıq Qarabağ probleminin 80 faizi həll edilib: "Bəli, böyük uğur qazanmışıq, Dağlıq Qarabağ ətrafdakı rayonları, Şuşanı, Xocavəndin, Ağdərənin bir hissəsini azad etmişik, amma Xocalını azad etməmişik, Şuşanın bəzi kəndləri var ki, hələ də separatçıların nəzarəti altındadır. Üstəlik də, Ermənistandan rəsmi şəxslərin gediş-gəlişi var, sərhədə tam nəzarət etmirik. Bu məsələləri biz gələcəkdə həll etmək məcburiyyətindəyik".

Politoloqun sözlərinə görə, Azərbaycan birinci növbədə Laçın dəhlizində sərhəd yaratmalıdır: "Daha sonra isə adını çəkdiyimiz kənd və qəsəbələrinin azad edilməsi istiqamətində danışıqları intensivləşdirməliyik".

E.Şahinoğlu hesab edir ki, Qarabağa maliyyə yardımı daha çox piara oxşayır: "Baş nazir Nikol Paşinyan iyun ayında seçkilərə gedir və ona səs lazımdır. Onun partiyası çox güman ki, seçkilərdən birinci partiya kimi yenə də çıxacaq. Amma səslər kifayət etməyə bilər ki, Paşinyan təkbaşına hökumət qursun. Buna nail olmaq üçün indi Paşinyan göstərir ki, Qarabağı unutmayıb, elə ona görə də nazırləri da ora göndərir".

"AzPolitika.info"

635x100

Şərhlər

Bitərəf Uçaqdan 2021-04-01 02:43:00

Görünür, vədli-andlı məsul şəxslər belə DQMV münaqişəsi nədir?-ya tam anlamır, ya da ki, ..? Dəfələrlə təklif edilib ki, İŞĞALDAN AZADLIQ Laçın dəhlizi də daxil tam sərhəd boyu MÜDAFİƏ və ya Kremli ilk dövr təklifi üzrə bizim Ermənistanla sərhədlərimizin müqavilə üzrə RF sərhədçiləri tərəfindən müdafiəsidir! Hazırda mübahisə zonası sayılan əski DQMVnin bircə Şuşası(20%i) qaytarılıb!

musa 2021-03-31 20:52:16

Aqil Abbas ermənilər yerevandan xankəndinə rahat gedib gələ bilirsə. sən isə Ağdamdan Şuşaya 37 km-lik yolu qoyub uzun yolu gedirsənsə bu Elxan Şahin oğlunun fərziyyəsinə görə böyük bir uğurdu.Allah ömür verər 30 il də gözlüyərsən.

t.ədalət 2021-03-31 14:18:14

ermənistan dövcləti var ki?ermənilərin yaşadığı ərazilərin sahibi Rusiyadır.Qarabağda aranı qatan,ora-bura mina basdıran Rusiyadır.Çeçen qatili,"tabasaranets" Rüstəm Muradovun manevrlər etmək imkanını,hələlik Türkiyə dayandırıb.

Aqil bəyə 2021-03-31 12:58:48

Məsələni ciddi qoymaq üçün ciddi olmaq vacibdir.Bizimkilər manipulyasiya edir.ciddilikdən isə çəkinirlər.bu son hadisələrə sübut olunur.

Son yazılar