Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin nədə ittiham olunduğu məlum olub. R.Quliyevin qardaşı,

“Səs” qəzetini baş redaktoru Bəhruz Quliyev “Report”a bildirib ki, sabiq Aparat rəhbəri Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham olunur: “Rasim Quliyevin barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb”.

B.Quliyev qərarla razılaşmadıqlarını və apellyasiya şikayəti verəcəklərini deyib.

Baş redaktor qeyd edib ki, R.Quliyev aprelin 2-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb və məhkəmənin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

***

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Yol verdiyi korrupsiya əməllərinə görə saxlanılan R.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xəbəri unikal.org saytı yayıb.

Baş Prokurorluğun Mətbuat xidməti “Report”a faktı təsdiqləyib. Bildirilib ki, R.Qulieyvin həbs ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Xalq hərəkatının fəal iştirakçısı, mərhum prezident Heydər Əliyevin qatı tərəfdarlarından olub.

O, BŞİH-nin keçmiş başçısı Hacıbala Abutalıbovun əmri ilə öncə meriyanın ərazi idarəetmə şöbəsinin müdiri, daha sonra Aparat rəhbəri təyin edilib.

"AzPolitika.info"