"Kür çayı sürətlə quruyur, vəziyyət pisdir" - "Görülən işin bir nəticəsi yoxdur"

"Kürün suyunun böhran səviyyəsində azalması, hər yerdə çay yatağının boşalması və Xəzərin şor sularının çay yatağını dolduraraq bütün Neftçala ərazisini ötüb Salyana çatması, taleyi bu çaya bağlı olan on minlərlə əkinçinin, heyvandarın çıxılmaz vəziyyətə düşməsi, şor sularla suvarılan torpaqların şorlaşması, bütünlüklə Neftçala rayonunun maşınla daşınan suyun ümidinə qalması barədə düz bir il bundan öncə həyəcan təbili çalmışdıq. Sosial mediada bu barədə həyəcanlı yazılar yazılıb, Mili Məclisin yığıncaqlarında vəziyyətin ciddiliyi nəzərə çatdırılıb. Yay aylarında əhalinin içməli suya olan ehtiyacı su maşınları vasitəsiylə qismən olsa da ödənilmişdi. Neftçala şəhərinə çoxdan planlaşdırılan içməli su kəməri çəkilib noyabr ayında istifadəyə verilib".

"AzPolitika.info" xəbər verir ki, bunu VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı "Facebook"-dakı hesabında Kür çayında suyun səviyyəsinin kəskin azalmasına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, Kürün durumu keçən il olduğundan da ağırdır: "Sahillərini dağıdan çaydan geniş yatağın bir küncünə qısılmış və görkəmi ürək ağrıdan arx qalıb. Dənizin şor suyu çayı doldurub və çay yatağı ilə irəliləyir; yenə gəlib Salyan ərazisinə çatmaqdadır. Hər gün Neftçala rayonundan telefon zəngləri gəlir".

S. Rüstəmxalı qeyd edib ki, problemləri görəndə bu məsələnin rəsmi orqanlarda müzakirəsini, verilən vədləri xatırlayır: "Bir il əvvəl biz Kürün deltasında cənub istiqamətinin şimala doğru dəyişdirilməsinin doğru olmadığını və dəniz suyunun çay yatağına müqavimətsiz axınına şərait yaratdığını qeyd etmişdik. Bu, həm də Kürün təbiətini yaxşı bilən insanların fikri idi. Təəssüf ki, bu təklifə heç bir reaksiya olmadı. 

İkinci təklifimiz yenə yerli əhalidən gəlirdi: Kürün dənizə töküldüyü yerə bənd çəkmək. Bu da qulaqardına vuruldu. Cavab belə oldu ki, həm Kürün suyunun azalması, həm aran rayonlarımızın su probleminin həlli ilə bağlı kompleks tədbirlər hazırlanır. Mən bu cavabın məsələnin məsuliyyətini dərk edən bir yüksək vəzifə sahibi tərəfindən verildiyini nəzərə alaraq ümid edirəm ki, doğurdan da Azərbaycanın su probleminin kompleks şəkildə həlli ilə məşğuldular. Ancaq görünən də budur ki, il dolanıb keçdi, Kür daha sürətlə quruyur, hətta qışda və qarların əridiyi indiki vaxtda da suyu axmır, deməli görülən işin bir nəticəsi yoxdur. Çarəsiz qalan kənd əhalisi hətta bu ərazidən axan böyük kollektor kanalının suyundan da istifadə edir. Bunun nə qədər təhlükəli olduğunu deməyə ehtiyac yoxdur".

Millət vəkili qarşıda isti ayların gəldiyini xatırlatmaqla indidən Kürün dərdinə çarə tapılmasını vacib sayır: "Kürün xilasıyla bağlı nə işlər görülür, hansı proqram hazırlanır? Azərbaycanın aran rayonlarında əhaləni çirkli kanal suyu içməkdən nə vaxt bütövlüklə xilas edə biləcəyik? 50 ildən sonra Azərbaycanın içməli suya olan ehtiyacı nə qədər artacaq və bunu hansı yollarla təmin edə biləcəyik? Bunlar çox ciddi suallardır. Bu məsələlər haqqında düşünərkən kabinet mütəxəssisləriylə yanaşı, o bölgələrdə yaşayan insanların da fikirləri nəzərə alınmalıdır".

S. Rüstəmxanlının sözlərinə görə, ötən il verilən iki təklif - Kürün dənizə töküldüyü yerdə istiqamətli köhnə yatağa qaytarmaq və dəniz suyunun qarşısına bənd çəkmək yenə də qüvvədə qalır. 

"Başqa təkliflər də var, bilirik ki, kənd təsəruffatı və əkinçilik inkişaf elədikcə suya tələbat artır. Kür üstündə tikilmiş su ayrıclarının sayını bilmirik. Amma hər ayrıc-nasosxana Kürdən balaca bir çayın suyunu götürür və bu su köhnə qayda ilə taxıl və pambıq tarlalarına, həyətlərə axıdılır. Görünür, bu köhnə suvarma sistemindən imtina etməyin və suyu daha qənaətlə işlədən yeni suvarma üsullarına keçməyin vaxtı çatıb. Bu yolla su israfçılığını yarıya qədər azaltmaq olar",-deyə millət vəkili vurğulayıb.

Partiya sədri bildirib ki, Kür boyu çayının suyunu gecə-gündüz sümürən balıq nohurları da ciddi problemlər yaradır: "Ərköyün balıqlar yalnız şirin su içmək istəyir və onun dayanmadan təzələnməsini tələb edirlər. Bu göllərin, nohurların hamısı bağlanmalıdır. Kimlərə aid olduğu nəzərə alınmadan! Xalq nohur balığı olmadan da yaşaya bilər, amma susuz yaşaya bilməz!

Gənclik illərimdə Azərbaycanda yarana biləcək su qıtlığı barədə çox düşünür və hətta xəyali layihələr də qururdum. Bunun biri – dəniz suyunun duzsuzlaşdırılması, çox xərc aparsa da, amma hər halda fantastik deyil; dünya təcrübəsində geniş yayılıb. Yadımda qalan ikinci layihə Volqanın Xəzərə töküldüyü yerdən azərbayacana su kanalının çəkilməsi Qobustan vadilərində Ceyranbatan su tutarına bənzər anbarların yaradılması idi.

O vaxt bir dövlətin tərkibində idik və bəlkə də belə bir təklif təəccüblə qarşılanmazdı. İndi bu məsələ reallıqdan uzaq görünür. Amma hər halda dünyanı hörümçək toru kimi bürüyən nəhəng neft, qaz kəmərləri ilə yanaşı Volqanın və ya Ural çayının deltalarndan Bakıya uzanan iri bir su kəmərini təsəvvür etmək də fantastika deyil. Sadəcə ölkələrarası razılaşma əldə edilməlidir. Amma bunlar gələcəyin işidir. Bu gün isə Kürü xilas etmək haqqında düşünməliyik. Çünki Kürün taleyi çay boyu yaşayan yüz minlərlə insanın taleyidir..."

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2021-04-07 20:44:32

Kürün qolu Arazın qabağında qurulan bəndlər də su qıtlığı yaradır

Xalq 2021-04-07 18:41:39

Maştağada, Ramanada qrunt suları yarım metrədən çıxır! Qışda hər yer yağış yağandan sonra qrunt suları ilə dolur. Maştağa Olimpiya sarayının böyrü il uzunu qrunt sularının əsarətindədir. Qrunt sularını təmizləyib işlətmək olar. Bu su mənbəyidir. İstifadə edilsə çox xeyir verər.

Son yazılar