QAZİYƏM, “MÜHARİBƏ VETERANI” STATUSU ALA BİLMİRƏM!

Ağdam rayonu, İsmayılbəyli kənd sakini AĞAYEV ŞAKİR HÜSƏN oğlu (Mirzə AĞ)

Tam 27 il gözlədim, nədən ki, şəxsi problemimi mətbuata çıxarıb, insanların «vaxtını almaq» istəməmişəm. Həm də açığını deyim, utanmışam ki… illərlə olmazın əziyyətlərinə qatlaşsaq da, doğma elimizi mənfur düşmədən tam halında qoruyub saxlaya bilməmişdik. Hər dəfə status məsələsinin üstünə gələndə, istər-istəməz, fikirləşirdim ki, birisi qalxıb, yaxamdan yapışar və deyər: Nə böyük iş görmüsən, Ağdamı qoruya bilmisənmi?!

Bunun oxşarı 1993-ü ildə tanınmış jurnalist (şair), əslən ağdamlı olan Qəşəm İlqala baş vermişdi. Həmin vaxt bildiyimə görə, Qəşəm müəllim «Respublika» qəzetində işləyirdi. Günlərin birində Qəşəm müəllim Suraxanı Rayon İcra Hakimiyyətində olur. Rayonun «kattası» isə Hacıbala Abutalıbov imiş. Xilafi-professor jurnalistin ağdamlı olduğunu öyrənərkən, ona belə «irad» tutub: «Ağdamı erməniyə verib, nə gəlmisən mənim yanıma?». Şair də borclu qalmayıb: «Bəs, siz neçə erməni başı gətirmisiniz Bakıya?». Bu cavaba görə, Abutalıbov redaksiyaya zəng vurub, müxbiri işdən azad elətdirmişdi…

Nəhayət, aprelin 4-də (2021) yerli KİV-in yaydığı bir xəbəri oxuyandan sonra bu qənaətə gəldim ki, problem tək mənim şəxsi problemim yox, yüzlərlə qazinin üzrəşdiyi haqsızlıqdır. Xəbərə görə, parlamentin növbəti iclasında deputat Aqil Abbas sözügedən problemi qabardıb: «Kəndə getmək mümkün deyil. Müharibə iştirakçısı deyir ki, bax, bu mənim hərbi biletim, onun möhürü, hərbi hissənin nömrəsi var və s. Ancaq mənə veteran adı verilməyib. Onlar veteranlara verilməli olan 80 manatı da istəmirlər. Sadəcə, onlara bu adın verilməsini istəyirlər. Hazırda veteran adının verilməsi ilə bağlı komissiya yaradılıb. Həmin komissiya bu şəxslərin də müraciətinə baxmalıdır».

Aqil müəllim düz deyir. Elə biri mən - müharibə iştirakçısı, ehtiyatda olan baş leytenantam. 1992-ci ildə, Xocalı qətliamından bir neçə gün sonra mən, könüllü olaraq Milli qəhrəman, mərhum polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyevin komandir təyin edildiyi, Ağdam rayonu ərazisində yeni yaradılmış 836 saylı hərbi hissədə hərbi xidmətə yazılmışam. Əmrimi Şirin Mirzəyev özü imzalayıb - məni alayın (motoatıcı) qərargah rəisinin kadr və nizami xidmət üzrə böyük köməkçisi vəzifəsinə təyin edib. Bu barədə hərbi biletimdə qərargah rəisi, mayor Rəhimovun imzası ilə qeydlər var. Üstəlik, xidməti vəsiqəm də özümdədir…

Alayın komandiri Şirin Mirzəyev faciəli surətdə həlak olandan sonra, müəyyən mülahizələrdən dolayı, könüllü olaraq, hərbi xidmətdən kənarlaşmışam. Onu da qeyd edim ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargah rəisi, general Şahin Musayevin imzası ilə yaradılmış 836 sayla hərbi hissə ölkəmizdə ilk Milli ordu hissələrindən biri idi O zaman rayonların hərbi komissarları Milli orduya hərbi xidmətə çağırışı həyata keçirmədiklərinə görə Müdafiə Nazirliyi Şirin Mirzəyevi həm də müvəqqəti olaraq, Ağdam rayonunun hərbi komissarı təyin etmişdi. Rayonda Milli orduya ilk çağırışı da Mirzəyev gerçəkləşdirdi və 836 saylı hərbi hissədə ayrıca bir «tədris batalyonu» yaratdı…

Uzunçuluq etmədən, demək istəyirəm ki, ölkəmizdə Milli ordunun formalaşması prosesində, həmin ağır illərdə, bacardığım qədər iştirak etmişəm. Həmin vaxt mən, Ağdam rayonundakı 2 №-li Üzüm emalı zavodunda baş şərabçı işləyirdim. «Qazançı əməliyyatından» bir gün sonra, döyüşdə həlak olmuş iki nəfərin (Məmməd Zeynalov və Hümbət Zeynalov) meyiti kəndimizə gətirilərkən, mən orduya yazılmaq qərarı vermişdim. Orduda xidmətimlə əlaqədar bir epizod hərbi jurnalist İbrahim İbadoğlunun yazdığı «Sərkərdə» kitabında (1990-cı illərdə nəşr olunub) yer alıb…

Aradan 28 il ötsə də, mən, “Müharibə veteranı” adını ala bilməmişəm. Ötən müddətdə bir dəfə Ağdam rayon səfərbərlik xidmətinə (keçmiş hərbi komissarlıq), bir dəfə də Müdafiə Nazirliyinə (Baş arxiv idarəsinə) müraciət etmişəm, ancaq nəticəsi olmayıb. Odur ki, bu tribunadan yaramaz məmurcuqlara üz tutub demək istəyirəm: mənim haqqımı nə üçün «oğurlayırsınız»? Mən, sadəcə Vətənə borcumu yerinə yetirmişəm, maddi heç nə istəmirəm, HAQQIMI VERİN!!!


635x100

Şərhlər

V.Qərib 2021-04-08 10:54:48

Qarabağ uğrunda döyüşlərdə iştirak etmiş bütün əsgər və zabitlərimizə veteran adı verilməlidir. Deyirlər ki, komissiya yaradılıb ümüd edık ki,bu komissiya obyektiv araşdıracaq bütün müraciətləri.

Patriot 2021-04-08 10:29:20

Necə yəni könüllü olaraq öz mülahizəmlə ordudan kənarlaşmışam?!

t.ədalət 2021-04-08 10:29:19

Baş veteran Abdulla Qurbani olandan sonra başqalarına yer olmayacaq.

Yəhya 2021-04-08 00:35:39

Verin ayə..verin mırzəyə vetran adını dana. medalda verin.. son vaxtlar qələmi tamam əyri bitib.. öy falanda verin.bi dənədə naz maşın.(bez kraska)

Xalq 2021-04-08 00:24:20

Haqlısınız Mirzə müəllim!

Son yazılar