“Beynəlxalq hüquq minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsini tələb edir” – Nizami Səfərov

Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qələbəsi ilə başa çatmış 44 günlük müharibədən 5 ay ötdü. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanat döyüşlərin dayandırılması ilə yanaşı bölgədə vəziyyətin normallaşdırılmasını təmin edən əsas sənəddir. Təəssüf ki, bu günə qədər Azərbaycanın tələbi ilə bəyanata salınmış müddəalar yerinə yetirilməyib. Bura erməni hərbi birləşmələrinin sülhməramlıların məsuliyyət zonasındakı əraziləri tərk etməməsi, Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılmaması, azərbaycanlı köçkünlərin geri qaytarılmaması, Laçın dəhlizndə Azərbaycanın suverenliyinin əsas atributu sayılan sərhəd nəzarətinin təmin olunmaması və s. fəaliyyətlər daxildir.

Müharibədən sonra işğaldan azad edilmiş ərazilərin minalanması Azərbaycana ciddi problemlər yaradır. Son 5 ay ərzində xeyli sayda hərbçi və mülki şəxslər mina partlayışlarının qurbanı olub. Azərbaycan ərazilərin təmizlənməsi üçün ANAMA-nın fəaliyyətini gücləndirib, habelə Türkiyədən böyük həcmdə yardım alıb. Amma minalanmış sahələr böyük olduğuna görə, təmizləmə işləri uzun çəkəcək. Bu səbəbdən mülkü şəxslərin işğaldan azad edilmiş yerlərə səyahət etməsinə qadağa qoyulub.

Azərbaycan bir neçə dəfə Ermənistandan minalanmış ərazilərin xəritəsinin verilməsini tələb etsə də, təmin olunmayıb. Bölgədə sülhyaratma missiyasını öz üzərinə götürmüş Rusiya isə bu məsələdə İrəvana təzyiq göstərmir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru, Nizami Səfərov durumu “AzPolitika.info”-ya şərh edərkən bildirib ki, işğal altında olmuş ərazilərdə böyük quruculuq işlərinə start verilib və yaxın zamanda irimiqyaslı layihələri həyata keçirəcək.

“Ancaq silahlı münaqişənin Ermənistanın kapitulyasıyası ilə nəticələnməsinə baxmayaraq, hələ də mənfur qonşularımız öz çirkin əməllərindən əl çəkmirlər. Minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməməsi bunun bariz nümunəsidir”,-deyə millət vəkili vurğulayıb.

Hüquqşünas əlavə edir ki, ümumiyyətlə minaların və xüsusi olaraq piyadalar əleyhinə minaların qadağan edilməsi üzrə beynəlxalq səviyyədə həyata keçirilən kampaniya, qlobal səviyyədə ən mühüm humanitar təşəbbüslərdən biri kimi yadda qalıb: “Minaların geniş miqyasda yayılmasının nəticəsi olan ciddi humanitar böhrana cavab olaraq 10 oktyabr 1980-cı ildə BMT çərçivəsində Həddindən artıq xəsarətlər yetirən və ya hədəf seçməyən hesab edilə bilən müəyyən adi silahların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında Konvensiya (I, II və III saylı Protokollar daxil omaqla) və 1997-ci il 18 sentyabr tarixində Kanadanın paytaxtı Ottava şəhərində Piyadalar əleyhinə minaların tətbiqinin, yığılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya qəbul olunub. Birinci Konvensiya 2 dekabr 1983-cü ildə qüvvəyə minibm və onun 125 iştirakçısı var. ikinci Konvensiya isə 1 mart 1999-cu ildə hüquqi qüvvəyə minib və hal-hazırda bu beynəlxalq sənədinin iştirakçı dövlətlərinin sayı 164 çatıb. Ermənistan bu Konvensiyaları imzalamayıb ratifikasiya etməsə də, hətta bu mühüm müqavılələrin iştirakçısı olmayan dövlətlər qeyd edilən hər iki konvensiyanın beynəlxalq adət hüququna əsaslanmasını rəhbər tutaraq, onların müddəalarına mütləq formada riayət etməlidirlər”.

N.Səfərov qeyd edib ki, silahlı münaqişələr hüququnda minaların istifadəsinin məhdudlaşdırılması beynəlxalq adət hüququ norması statusunu əldə edən bir necə mühüm prinsipdən irəli gəlir: “Birincisi, fərqləndirmə prinsipidir. Yaxşı məlumdur ki, beynəlxalq humanitar hüququn təməlində mülki şəxslərlə kombatantların (münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan şəxsi heyət -red) fərqləndirilməsi durur.

12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarına “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolunun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi “mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini” beynəlxalq humanitar hüququn ciddi pozuntusu və müharibə cinayəti kimi qiymətləndirilir. Məsələ burasındadır ki, minalardan istifadə müvəqqəti xarakter daşıyır və yalnız müharibə dövrü ilə məhdudlaşır. Müharibənin bitməsi mina təhlükəsinin aradan qaldırılmasını mütləq formada özündə ehtiva edir. Ermənistan 6 iyun 1993-cü ildə Cenevrə konvensiyaları və onların I və II saylı Əlavə Protokollarına qoşularaq, həmin sənədlərdən irəli gələn bütün hüquqi öhdəliklərə riayət etməli olduğu halda, yalnız hüquqi məsuliyyətsizlik nümayış etdirir. Bunu təsdiq etmək üçün həmçinin Ermənistanın 17 may 2005-ci ildə qoşulduğu “Beynəlxalq müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasının ən vacib müddəaların pozulmasına istinad etmək olar. Sonuncu Konvensiyanın 26-cı maddəsində “pacta sunt servanda” prinsipini əks etdirən “qüvvədə olan hər bir müqavilə onun tərəfləri üçün məcburidir və onların tərəfindən vicdanla yerinə yetirilməlidir” müddəasına Ermənistan tərəfindən məhəl qoyulmaması, sivil dövlətlərin davranış qaydalarını müəyyən edən beynəlxalq hüquq müqavilələrinin bu dövlət üçün yalnız əhəmiyyətsiz kağız parçası olmasının bariz nümunəsidir. Əlbəttə ki, militarist siyasəti yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, etnik təmizləmələr, soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədən Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət edilməsini gözləmək sadəlövlük olardı”.

Nizami Səfərov vurğulayıb ki, mülki şəxslərlə kombatantların fərqləndirilməsi Ottava konvensiyasında da öz əksini tapıb və həmin sənədin ayrılmaz tərkib hissəsi olan Preambulasına daxil edilib: “Həmcinin 1980-cı il tarixli Konvensiyaya dair Minalar, tələ-minalar və digər qurğuların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında II saylı Protokolun 3-cü maddəsinin 2-ci hissəsində də hədəf seçməyən, yəni mülki əhali ilə legitim hərbi hədəfləri fərqləndirməyən, mülki şəxslərin təsadüfi ölümlərinə və ya yaralanmalarına səbəb olan, silahların tətbiqi qadağan edilir”.

Hüquqşünas ikinci mühüm humanitar prinsipin mütənasiblik olduğunu qeyd edir: “Həmin prinsip Cenevrə konvensiyalarına I saylı Əlavə Protokolun 51-ci maddəsinin 5-ci hissəsinin “b” bəndində əksini tapıb və nəzərdə tutur ki, mülki əhali arasında itkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyanın vurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbi üstünlüyə mütənasıb olmayan hücumlar qadağandır. Yuxarıda istinad edilən 1980-cı il tarixli Konvensiyaya Minalar əleyhinə II saylı Protokol və 1997-ci ildə qəbul olunmuş Ottava Konvensiyası bu prinsipə əsaslanırlar. Həmçinin nəzərə almaq lazımdır ki, həmin II saylı Protokolun 10-cu maddəsinə əsasən, fəal hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra münaqişədə iştirak edən hər bir tərəf bütün mina sahələri, minalanmış zonalar, minalar, tələ-minalar və digər qurğular barədə məlumat verməyi öhdəsinə götürür”.

Nizami Səfərovun sözlərinə görə, təcavüzkar Ermənistan tərəfindən minalanmış sahələrin xəritələrinin ölkəmizə təqdim edilməməsi beynəlxalq humanitar hüquqda təşəkkül tapmış mülki əhali ilə hərbi hədəflərin fərqləndirilməsi və mütənasıblik prinsiplərini açıq-aşkar pozaraq, müharibə cinayəti kimi tövsüf edilməlidir.

“Bunun əyani formada hüquqi təsdiqini 1998-ci ildə Roma Diplomatik konfransında qəbul edilib və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq cinayət məhkəməsinin Statutunda (Nizamnaməsində) tapmaq olar. Həmin Nizamnaməyə uyğun olaraq “mülki şəxslərin təsədüfi ölümünə və ya xəsarət yetirilməsinə və ya mülki obyektlərə ziyan vurulmasına səbəb olan, əldə edilməsi gözlənilən hərbi üstünlüyə açıq-aşkar mütənasıb olmayan hücumların qəsdən törədilməsi” (maddə 8 (2b, “iv”)), “mahiyyətınə görə hədəf seçməyən və ya lüzumsuz xəsarətlər yetirən və ya artıq iztirablara səbəb olan silah, sursat və texnikanın və həmçinin müharibə üsullarının beynəlxalq silahlı münaqışələr hüququnun əleyhinə tətbiqi” (maddə 8 (2b, “xx”)) müharibə cinayəti hesab edilir və bu əməlləri törətmiş şəxslər cinayət məsuliyyəti daşıyırlar”-deyə Nizami Səfərov vurğulayıb.

E. Rüstəmli

“AzPolitika.info”

635x100

Şərhlər

Xalq 2021-04-11 17:45:10

məncə bu minaları ruslar basdırırlar!

Son yazılar