VAKSİN VURULUR, YOLUXMA ARTIR... - Səbəb peyvəndin keyfiyyəti ilə bağlı ola bilərmi?

Çindən verilən açıqlamaya görə, ölkədə istehsal olunan peyvəndin effektivliyi aşağıdır. Çin Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Gao Fu bildirib ki, “Sinovac” peyvəndinin qoruma təsiri cəmi 50,4%-dir. Çindən kənarda ən çox bu peyvənd Braziliya və Türkiyədə vurulub, hər iki ölkədə hazırda virusun yayılmasının növbəti kəskin dalğası yaşanır. Azərbaycanda isə 1 milyondan çox insana “Sinovac” peyvəndi vurulub və son günlər bizdə də virusun yayılması artıb. Bəs, bu barədə ekspertlər nə düşünür?

Həkim, markoloq Müşfiq Hüseynov "AzPolitika.info"-ya bildirib ki, Çin və Rusiya istehsallı vaksinlərin nə qədər təsirli olması ilə bağlı bilgilər gəlir. Onuns sözlərinə görə, adıçəkilən vaksinlərin dünyanın ən keyfiyyətli "Pfizer" peyvəndi qədər keyfiyyətli və effektli olmadığı məlumdur.

Həkim qeyd edir ki, peyvənddən sonra bədəndə antitellərin yaranması, yəni peyvəndin dayanıqlılığı individual məsələdir: "Mənim tanışılarım var, ikinci dozadan 15-20 gün sonra analiz verəndə məlum olub ki, antitellər sıfır səviyyədədir. Yəni peyvənd ümumiyyətlə effekt göstərməyib. Başqa bir şəxsdə isə 80 faiz effekt göstərir, hansı ki, normalda təsir etmə 50 faiz civarındadır. Belə fərqli məsələlər var. Azərbaycanda 1 milyon doza yaxın "Sinovac" peyvəndi vurulub. Amma hər kəsin adlğı dozun nə qədər effektli olduğunu öyrənmək üçün bədəndəki antıtelləri yoxlatdırması lazımdır".

Peyvəndləmə ilə bərabər yoluxmanın artmasına gəlincə, M. Hüseynov bildirir ki, Azərbaycanda 3-cü dalğanın baş verməsini hamı gözləyridi. Onun sözlərinə görə, bunun səbəbi "Sinovac"-ın zəif olması ilə bağlı deyil:"10 milyon əhalidən cəni 1 milyon nəfərə peyvənd vurulubsa, bu cəmi 10 faiz deməkdir. Təbii ki, bundan sonra da yoluxmalar olacaq. Fikrimcə, gələn həftədən etibarən xəstə sayı ilə sağalanaların sayı bərabərləşəcək. Bundan sonra üçüncü dalğa sönməyə doğru gedəcək. Biz sönmə prosesini iki həftə müşahidə edəcəyik. Uzaqbaşı may ayının birinci yarısına yenə ikirəqəmli yolxuma saylarına gedib çıxacağıq".

Həkim Türkiyə nümunəsi ilə bağlı da fikirlərini bölüşüb: "Bu ölkədə vaksinləşmənin sürətli aparılmasına rəğmən yolxumanın çox olmasına gəlincə, bu ölkədə qapanma olmadı. Şənbə-bazar məhdudiyyətlərini qapanma saymaq olmaz. Avropa ölkələrinin çoxunda 3 həftəlik sərt qapanma oldu, demək olar, həyat dayandı. Türkiyə isə iqtisadi səbəblərdən ona getmədi. Bütün iş yerlə sərbəst çalışırdı, bu da kültəvi yoluxmaya, nəticədə cəmiyyətdə kütləvi immunitetin yaranmasına getdilər. Bunun da nəticlərini görürük. Sual yarana bilər ki, bu metodu seçən İsveçdə niyə belə olmadı? Təbii ki, bu mental fərqlərlə bağlıdır. Qərbi Avropa ölkəsi ilə müsəlman ölkəsindəki fərqliliklər eyni nəticələrin olmamasına gətirib çıxardı. Avropada sadəcə insanlar özləri-özlərini qorudular. Bir sözlə, ortada olan nəticlələri peyvəndin keyfiyyətinə bağlamaq doğru deyil".

Elmi Tədqiqat Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru, professor Adil Allahverdiyev isə bildirdi ki, ayrı-ayrı ölkələr vaksinin effektivliyi ilə bağlı müxtəlif nəticələr elan edə bilər: “Türkiyədə aparılan araşdırmaların nəticələrinə əsasən həmin peyvəndin 83 faiz effektiv olduğu və ağırlaşmaya qarşı da yüksək təsir göstərdiyi təsdiqlənib”.

Professorun sözlərinə görə, ümumiyyətlə, Dünya Səhiyyə Təşkilatı 47-48 faizdən artıq effektivliyi olan vaksinləri yararlı və təsirli sayır: “Digər tərəfdən, aparılan araşdırmalara görə, vaksinasiya olunmuş şəxslər ya xəstəliyə tamamilə tutulmur, ya da yüngül keçirir. Bu, çox mühüm amildir. Bununla belə, qeyd edək ki, Azərbaycan bütün vaksinlərin alınması istiqamətində danışıqlar aparır və əhaliyə də seçim verilir. Bizim üçün peyvəndin təhlükəsizliyi çox önəmlidir”.

Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə isə qeyd edib ki, Azərbaycanda yoluxma sayının artmasını peyvəndin effektivsizliyi ilə əlaqələndirmək olmaz: “Ölkəmizdə vaksinasiyaya yanvarın 18-dən başlanıb. Bəs, niyə yoluxmalar fevral ayında artmadı? Fevral ayı yoluxmalar 200-300 civarında olurdu. Yoluxmalar mart ayından yüksəlməyə başladı. Çünki 8 mart və Novruz bayramı ilə əlaqədar insanların bir-biri ilə təması artdı. İnsanlar bir-birlərinin evlərinə qonaq getdilər. Ona görə də mart ayında yoluxmaların kəskin şəkildə artdı. Yoluxma sayındakı artım hazırda da davam edir. Bunun vaksinasiyaya heç bir bağlılığı yoxdur. Peyvəndin effektivliyinə gəldikdə isə əgər Çin effektivliyin 50,4 faiz olduğunu deyirsə, 50 faizin özü də yaxşı göstəricidir. Vaksin bir nəfərin həyatını xilas edirsə, bu da yüksək bir göstəricidir”.

Həkim-infeksionist peyvənd olunub, yenidən xəstələnən insanların olduğunu da söylədi: “Xəstələrim arasında iki doza peyvənd qəbul edib, virusa yenidən yoluxanlar da var. İki dozanı qəbul etdikdən üç gün sonra virusa yenidən yoluxan xəstələr olub. Bu isə təbii haldır. Çünki ikinci dozadan sonra ən azı iki həftə keçməlidir. Ümumilikdə birinci vaksin olunan şəxslərdə ikinci vaksinasiya daxil, 40-42 gün müddətində immunitet yaranmalıdır. Bu müddət ərzində insan yenidən virusa yoluxa bilər”.

Cavadzadənin sözlərinə görə, peyvənddən sonra virusa yenidən yoluxan insanlarda xəstəlik orta dərəcədə müşahidə olunur:“Həmin xəstələrdən biri xəstəliyi yüngül, biri isə orta dərəcədə keçirdi. Orta dərəcədə keçirənlərin isə yanaşı xəstəlikləri – şəkərli diabet, təzyiqi olduğu üçün bu cür keçiriblər”.

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2021-04-15 09:30:40

Səhiyyə sahəsi ölü olan ölkələr,o cümlədən Azərbaycanda peyvəndləmə və peyvənd haqqında etibarlı nəticə yoxdur.İcbari tibbi sığortanın tətbiqi həkimləri sevindirmədi.Yenə həkimlər onlara pul ödənilmədiyini söyləyir.Ayaqqabını geyinmək üçün əvvəlcə onu tikirlər.Bizdə isə heç nəsiz keçid oldu.Poliklinikalar çaş-baş qaldılar.

Son yazılar