Menu

ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtona çağırıldı - İki ölkə arasında gərginlik yeni fazaya keçib

20.04.2021, 14:59
ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtona çağırıldı - İki ölkə arasında gərginlik yeni fazaya keçib

Vaşinqtonla Moskvanın münasibətlərində gərginlik yeni fazaya daxil olub. Ötən həftə Prezident Co Bayden administrasiyası kiberhücumlar, seçkiyə müdaxilə, Əfqanıstandakı ABŞ əsgərlərinə təhdidlər səbəbiylə Rusiyaya sanksiyaları açıqlayıb.

Kremlin tənqidçisi Aleksey Navalnının həbsdə səhhəti məsələsi, Rusiyanın Ukraynanın şərqinə və ilhaq etdiyi Krıma qoşun yığması, Rusiyanın 2014-cü ildə Çexiyada sursat anbarındakı partlayışda roluna dair yeni iddialar gərginliyi daha da alovlandırır. Birləşmiş Ştatların Rusiyadakı səfiri Con Salivan bildirib ki, bu həftə məsləhətləşmələr üçün ölkəsinə qayıdacaq. Səfirliyin sözçüsü Rebekka Ross aprelin 20-də Salivana istinadla deyib ki, o, Bayden administrasiyasındakı yeni həmkarları ilə ABŞ-Rusiya münasibətlərinin indiki vəziyyətini birbaşa müzakirə etməlidir.

“Ailəmi bir ildən çoxdur görmürəm və bu, ölkəmə səfərim üçün daha bir vacib səbəbdir. Bir neçə həftəyə, Prezidentlər Bayden və Putinin görüşündən öncə Moskvaya qayıdacağam”, – o vurğulayıb.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bugünlərdə deyirdi ki, Prezident Vladimir Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Salivana ciddi məsləhətləşmələr aparmaq üçün Vaşinqtona qayıtmağı tövsiyə edib. Rusiyanın ABŞ-dakı səfiri ötən ay Moskvaya qayıdıb. Bayden Putinin qatil olmasına inandığını dilə gətirəndən sonra səfirin məsləhətləşmələr üçün döndüyü bildirilib.

Bayden Rusiya lideri ilə üzbəüz görüşərək ikitərəfli münasibətlərin müzakirəsini təklif edib. Putin hələlik, dəvəti qəbul edəcəyini açıqlamayıb. (azadliq.org)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol