Dünya Səhiyyə Təşkilatının pandemiya dövründə dezinformasiyanın nəticələri ilə bağlı son statistikasına görə, sosial mediada koronavirusla bağlı yayılan səhv məlumatlar dünya üzrə təkcə 2020-ci ilin ilk üç ayında təxminən 6000 insanın xəstəxanaya yerləşdirilməsinə və 800 nəfərin ölümünə səbəb olub.
“Oxford” Universiteti tərəfindən hazırlanan başqa bir statistikaya əsasən isə 2020-ci ildə sosial mediada dünya üzrə paylaşılan bütün məlumatların 57 faizi saxta olub. Həmçinin, ümumi məlumatların 30 faizi təcavüz, 45 faizi fırıldaqçılıq məqsədi daşıyıb. Həmin hesabatda Azərbaycanla bağlı bildirilir ki, ötən il ölkəmizdə sosial şəbəkələrdə pandemiya ilə əlaqədar paylaşılmış bütün məlumatların 35 faizi dezinformasiya, 11 faizi isə fırıldaq xarakterli olub.
Statistikadan da göründüyü kimi, sosial medianın ən böyük problemlərindən biri məhz mənbənin etibarlılıq səviyyəsidir. Sosial mediada adi mediadan fərqli olaraq, istifadəçilər yalnız istehlakçı deyil, həm də məzmun istehsalçısıdır. Hər bir istifadəçinin istədiyi vaxt istənilən məlumatı, sənədi, fotoşəkli, xəbəri və arqumentləri sosial mediada paylaşa bilməsi demokratik olduğu qədər də təhlükəlidir. Çünki sosial mediada yalan, natamam və dezinformasiya xarakterli məlumatların yayılması ehtimalı daha çoxdur.
Medianın sürətli inkişafı gerçəkliklə uydurma arasındakı sərhədlərin getdikcə aradan qalxmasına səbəb olub. Buna görə də, rəqəmsal platformalardakı saxta xəbərlər və neqativ təsirlərlə mübarizə aparmaq zərurətə çevrilib. Rəqəmsal dezinformasiyanın toruna düşməmək üçün sosial media istifadəçiləri çox diqqətli olmalı, məlumat əldə edərkən öncə ona şübhə ilə yanaşmalı, yazıların mənbəyini araşdırmalı və daha çox rəsmi mənbələri izləməlidirlər.
“AzPolitika.info”


Şərhlər
Bu dezinformasiya və fırıldağı TƏBİB yayıb? Belə bir qurum kimə xidmət edir? TƏBİB-in yestləri isə tam bənzətmədir. Bə niyə hakimiyyət buna göz yumur? Yenə də rüşvətV