Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb

Sərəncama əsasən, Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin edilib.

Qeyd edək ki, E.Məmmədov bu təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər təhsil nazirinin müşaviri olub.

Bununla da xarici işlər nazirinin müavinlərinin sayı 5-ə çatıb.

Qeyd edək ki, Elnur Məmmədov 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Bakı şəhəri T.Həsənov adına 23 nömrəli tam orta məktəbi fəxri şəhadətnamə ilə başa vurub.

Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr (2002) və magistr (2004) səviyyələrini fərqlənmə diplomu ilə bitirib.

2004-cü ildə Vaşinqton Universitetinin hüquq fakültəsinin magistr səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

2007-2010-cu illərdə BDU-nun hüquq fakültəsinin mülki hüquq kafedrasında beynəlxalq kommersiya əqdləri fənnini ingilis dilində tədris edib.

2018-ci ildə Fransada yerləşən nüfuzlu INSEAD biznes məktəbinin idarəçilik ixtisası üzrə məzunu olub.

Bu təyinatdan əvvəl Elnur Məmmədov Xarici İşlər Nazirliyinin Ümumi katibliyinin rəisi vəzifəsində çalışıb.

Müxtəlif illərdə təhsil nazirinin müşaviri, Vergilər Nazirliyinin aparatında (şöbə rəisi), özəl hüquq şirkətində, iri investisiyalı müəssisələrdə baş direktorun müavini, direktorlar şurasının üzvü və sədri vəzifələrində çalışıb.

Azərbaycan, rus, ingilis və fransız dillərini bilir.

Ailəlidir, iki övladı var.


Azərbaycanın Təhsil nazirinə yeni müavin təyin olunub. “AzPolitika.info”-ya daxil olan məlumata görə, Təhsil Nazirliyinin Aparat rəhbəri Muxtar Məmmədov Təhsil nazirinin müavini vəzifəsinə təyinat alıb.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Muxtar Məmmədov 2005-2013-cü illərdə Xarici İşlər Nazirliyində çalışıb və ikinci katib vəzifəsinədək yüksəlib.

2013-cü ildən isə Təhsil Nazirliyində çalışır. Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsində sektor müdiri, müdir müavini və şöbə müdiri vəzifələrində çalışıb. 2018-ci ilin yanvar ayından isə Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

Xatırladaq ki, Muxtar Məmmədov ötən il iyunun 23-də Prezident İlham Əliyevin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunub.

“AzPolitika.info”