Ermənistanda ikili vətəndaşlıq faktını gizlətdiyinə görə prezident Armen Sarkisyan barəsində cinayət işi qaldırılıb.
"AzPolitika.info" erməni mediasına istinadla xəbər verir ki, bu barədə Vəkillər Palatasının sədri Ara Zöhrabyan bildirib. Onun sözlərinə görə, Ermənistan Baş Prokurorluğu Sarkisyan barəsində Cinayət Məcəlləsinin (CM) 325-ci maddəsinin birinci hissəsinə müvafiq olaraq cinayət işi açıb.
CM-nin həmin maddəsində sənədlərin saxtalaşdırlmasına və onlardan istifadə edilməsinə görə məsuliyyət nəzərdə tutulur. Buna baxmayaraq, indiyədək Ermənistanın Xüsusi İstintaq Xidməti cinayət işi açmaqdan imtina edirdi. 523 vəkil bu səbəbdən rəsmi şikayət yazıblar.
Zöhrabyanın sözlərinə görə, Baş Prokurorluğun qərarında deyilir ki, Armen Sarkisyanın Britaniya vətəndaşlığını 2011-ci ildə deyil, daha gec tarixdə dayandırması barədə iddialar tədqiq ediləcək.
Ermənistan Konstitusiyasına görə, son altı ildə yalnız Ermənistan vətəndaşı olmuş şəxs prezident seçilə bilər. 2018-ci ildə "Xetq" qəzeti Britaniya Şirkətlər Reyestrindən alınmış çıxarışa əsasən yazmışdı ki, Sarkisyan 2014-cü ildə hələ də Britaniya vətəndaşı idi. O vaxt jurnalistlərin suallarına cavab verən Armen Sarksiyan bildirmişdi ki, vətəndaşlıqla bağlı problemi yoxdur, çünki Britaniya vətəndaşlığından 2011-2012-ci illərdə imtina edib.
"AzPolitika.info"


Şərhlər