"Dünyada 155 milyon insan kəskin aclıq keçirir" - Əsas səbəb COVİD-19 və münaqişələrdir...

"Ötən il münaqişələr, COVID-19 pandemiyasının iqtisadi fəsadları, aşırı hava şəraiti azı 155 milyon nəfərin kəskin aclıq keçirməsinə səbəb olub. Bu il üçün proqnozlar eyni dərəcədə kəskin və pisdir". "AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bu barədə 16 təşkilatın mayın 6-da açıqladığı hesabatda bildirilir.

Belə böhran həddinə çatanların üçdə ikisi 10 ölkədə – Əfqanıstan, Yəmən, Suriya, Sudan, Konqo, Şimali Nigeriya, Efiopiya, Cənubi Sudan, Zimbabve və Haitidə yaşayır.

Sözügedən 155 milyon nəfərin ərzağa ehtiyacı “böhran”, “fövqəladə vəziyyət”, “fəlakət/aclıq” səviyyəsində dəyərləndirilib. Bu rəqəm 2019-cu ildəkindən 20 milyon çoxdur.

BMT-nin Baş katibi Antonio Quterres 307 səhifəlik “Ərzaq Böhranlarına dair Qlobal Hesabat”a ön sözündə yazıb ki, kəskin ərzaq təhlükəsizliyi ilə üzləşən, təcili ərzağa, qidalanmaya, yaşayış yerinə ehtiyacı olanların sayı artır. "21-ci əsrdə acından ölmək məsələsi olmamalıdır. Biz aclıq və münaqişə ilə mübarizə apararaq hər ikisini yoluna qoymalıyıq”, – Quterres vurğulayıb.

Hesabat humanitar yardımın 97 faizinin ayrıldığı 55 ölkəni əhatələyir. O da qeyd olunur ki, ötən il Burkina-Faso, Cənubi Sudan və Yəməndə 133 min nəfərin acından ölməmək üçün təcili ərzağa ehtiyacı yaranıb.

Dünya Ərzaq Proqramının baş iqtisadçısı Arif Hüseynin dediyinə görə, ərzaq böhranlarının əsas səbəbi münaqişələrdir, ötən il 23 ölkədə 99 milyon nəfər bu səbəbdən ərzaq böhranıyla üzləşib.

“Münaqişələr siyasi həllini tapmayanacan, humanitar yardıma ehtiyacı olanların sayı artacaq", - deyə A.Hüseyn vurğulayıb.

Hesabatda deyilir ki, ötən il 17 ölkədə 40.5 milyon nəfər pandemiyanın fəsadları daxil iqtisadi şok səbəbindən kəskin ərzaq təhlükəsi yaşayıb.

55 ölkədə yaşı 5-dən aşağı 75.2 milyon uşaq isə inkişafdan qalıb, 15.8 milyon nəfər zəifləyib, yaxud boyuna görə çəkisi azalıb. Sənəddə bu il ərzaq böhranlarının uzandığı, yeni mənfi tendensiyalardan özünə gəlməyin getdikcə çətinləşdiyi vurğulanır.

Bu il 40 ölkədə 142 milyondan çox insanın ərzaq böhranları, fövqəladə vəziyyət, yaxud fəlakətlə üzləşəcəyi vurğulanır.

Arif Hüseyn deyib ki, əsas problemlər maliyyə və humanitar çıxışla bağlıdır. Onun sözlərinə görə, bir il ərzində 34 milyon nəfərin gündə bir dəfə yeməyi 5 milyard dollara başa gəlir.

"AzPolitika.info"

635x100

Şərhlər

Niyaməddin 2021-05-06 15:52:42

İmperialistlər lənətə gəlsinlər! Afrika tamamilə onların müstəmləkəsinə çevrilib. Sərvətlərini talayıb, əhalisini bilərəkdən ac-susuz qoyurlar ki, müdaxilə olunmasın! Heç şübhəsiz ki, yeriniz cəhənnəm atəşidir, alçaqlar!

Son yazılar