Menu

Virtual siyasət günümüzün “reallığına” çevrilir

14.05.2021, 15:58
Virtual siyasət günümüzün “reallığına” çevrilir

Heç kimə sirr deyil ki, yeni media vasitələri gündən-günə səslərini və təsirlərini artıraraq virtual bir gerçəklik yaratmaqdadır. Sosial medianın istifadəsindən asılı olaraq, bu virtual reallıq rəqəmsal şəxsiyyətlərin yaradılmasına belə gətirib çıxartdıb. Beləliklə, sosial media və rəqəmsal texnologiyalar həyatın özünə çevrilərkən, eyni zamanda rəqəmsal ictimai və siyasi məkan yaratmağa başladılar.

Bər virtual siyasi məkanın reallıqdakı təhdidləri və faydaları nələrdir?

Dünyaca məşhur “Paw Research Center” beynəlxalq araşdırma mərkəzinin sosial media şirkətlərinin siyasətə təsiri ilə bağlı keçirdiyi sorğunun nəticələri maraq doğurub. Belə ki, sorğuda iştirak edənlərin 72%-i, nə qədər absurd görünsə də, siyasətə siyasi qurumlardan daha çox məhz sosial media şirkətlərinin təsir etdiyini düşünür. Çox az sayda şəxs, bu şirkətlərin sahib olduğu siyasi gücün lazımi miqdarda (% 21), ya da yetərsiz (% 6) olduğuna inanır.

Görünən odur ki, bugünkü şəraitdə, sosial medianın və rəqəmsal şirkətlərin gücü siyasətin gündəmini müəyyənləşdirəcək səviyyəyə gəlib. İş o həddə çatıb ki, rəqəmsal texnologiya şirkətləri ictimai və siyasi həyatı idarət etməyə, daha sərt dillə desək, “dövlət” kimi davranmağa başlayıb. Xüsusilə texnoloji şirkətlərin "insanlarsız güc" olmaq istəkləri açıq-aydın görünməkdədir. Demokratiyanı gücləndirməkdən uzaq olan bu sosial media platformaları və yeni kommunikasiya texnologiyaları bir növ “rəqəmsal faşizm”-i yaradır.

Sosial media, artıq hər bir istifadəçini çox rahatlıqla məşhur köşə yazarına çevirə bilər ki, bu nöqtədə ənənəvi medianın köşə yazarları geniş kütlələrə təsir göstərə və siyasət gündəmində rol ala bilirlər. Sosial mediada (xüsusən Twitter-də) mütəşəkkil və sistematik şəkildə işləyən trollar da bu yolla fərqli siyasi və sosial dairələrə güclü şəkildə təsir edə və sosial medianın gündəmini, müvəqqəti də olsa, ələ ala bilirlər.

Son vaxtlar, sosial media, fərqli siyasi və sosial aktorların döyüş meydanına çevrilib. Əgər hər hansısa siyasi ideologiya və ya lider sosial şəbəkədə “görünmürsə”, cəmiyyətin bir hissəsi tərəfindən artıq qəbul edilmir. Buna görə də, rəqəmsal platformalar "rəqəmsal demokratiya" konsepsiyasını yaratmış və bir növ siyasəti mediaya “çəkməyi” bacarmışdır. Biz bunun bariz nümunəsini Donald Trampın timsalında görmüş olduq.

Artıq siyasi sahə və bu sahənin insanları sosial medianı və rəqəmsal şirkətləri görməzdən gələ bilməzlər. Sosial media istifadəçiləri də bunun fərqindədirlər və fikirlərini çatdırmaq, gündəmlər yaratmaq, ictimai və siyasi inkişaflara reaksiya vermək üçün sosial mediada siyasi mübarizə aparırlar.

Digər tərəfdən, dövlətlər də terror təşkilatlarına qarşı rəqəmsal psixoloji müharibə aparır. Saxta və bot hesabları vasitəsi ilə ölkələri hədəf alan rəqəmsal psixoloji müharibəyə qarşı yeni metod və üsullar inkişaf etdirmək artıq məcburiyyətə çevrilib.

Siyasətlə sosial media arasındakı əlaqə inkişaf etdikcə, yaxın gələcəkdə onlayn mitinqlər, hər bir hədəf auditoriyası üçün spesifik siyasi mesajlar və vədlərin verilməsi, siyasi liderlərin hologramlardan istifadə etməsi kimi yeniliklər gözləniləndir. Bundan əlavə, "reklam oyunları" (rəqəmsal oyunlarda reklam yerləşdirmə) məsələsi siyasi reklam baxımından çox faydalı ola bilər. 

Güntəkin Mehnətli

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol