Menu

"Ermənistan Zəngəzur dəhlizinin açılmasını hamıdan çox istəməlidir" - Deputat

18.05.2021, 17:57
"Ermənistan Zəngəzur dəhlizinin açılmasını hamıdan çox istəməlidir" - Deputat

Mayın 17-də Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasında bildirib ki, onların ərazisindən keçən dəhlizi heç vaxt müzakirə etməyiblər və etməyəcəklər: "Regionda kommunikasiyanın açılması bizim siyasi gündəmimizdə durur, amma bunun dəhliz təbliğatı ilə heç bir əlaqəsi yoxdur. Hazırda Azərbaycanda və Ermənistanda konkret siyasi dairələr bu məsələni təbliğ edirlər".

Xatırladaq ki, mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvana səfər zamanı demişdi ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaq: "Bildiyiniz kimi, 10 noyabr tarixli birgə bəyanatda bu, təsbit edilib. Ondan sonra Azərbaycan-Ermənistan-Rusiya baş nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən işçi qrupun iclaslarında da artıq bu məsələ ilə bağlı çox ciddi addımlar atılır. Əminliklə deyə bilərəm ki, dəmir yolu dəhlizi açılacaqdır. Heç kimdə bu haqda şübhə olmasın".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov da "Turan"a deyib ki, dəhlizin olması Azərbaycan, Rusiya, Ermənistan rəhbərliyinin 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzaladıqları sənədlərdə də öz əksini tapıb. Deputat hesab edir ki, N.Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı dediyi daxili auditoriyaya yönəlik bəyanatdır.

E.Məmmədovun fikrincə, o, baş nazirliyə gələndən elə belə populist bəyanatlar verməklə məşğul olub: "İndi o yenə də həmin variantlara əl atır. Bu, Ermənistanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə bağlıdır".

E.Məmmədovun fikrincə, əgər Ermənistan xalqı düşünüb düzgün nəticə çıxara bilsə, onlar inkişaf etmək üçün Zəngəzur dəhlizinin olmasını hamıdan çox istəməlidir: "Çünki o dəhlizin olması onları tarix boyu dəstəkləyən, bu gün də müdafiə edən Rusiya ilə birbaşa dəmir yolu əlaqələrinin olmasına gətirib çıxaracaq. Bu onların çox xeyrinədir. Yəni, onlar digər əlaqələrini də bu dəhliz vasitəsilə həyata keçirə bilər, tranzit dövlət statusunu əldə edə bilər".

Deputat da hesab edir ki, həmin dəhliz açılacaq: "Burada Rusiyanın da, Türkiyənin də, İranın da, bizim də, elə Ermənistanın özünün də çox ciddi strateji maraqları var".

"AzPolitika.info"

Şərhlər

Mirzə AĞ 2021-05-18 18:11:49

Bu adam çəkinmədn Ermnistann vəkili kimi danışır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol