"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub. "Report" xəbər verir ki, bu vəzifəyə Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.
Qeyd edək ki, M.Hətəmov 2011–2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılmışdı.
Daha sonra bu vəzifəyə ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova gətirilsə də, o, bir neçə gün sonra istefa verib.
***
Müşfiq Mürşüd oğlu Hətəmov 6 may 1969-cu il Ağdamda anadan olub. O, ssenarist, kinoprodüser, "Azərbaycanfilm" kinostudiyasının direktoru (2011–2019), Azərbaycan Prodüserlər Gildiyasının sədri, Azərbaycanın Əməkdar incəsənət xadimidir.
Həyatı
1976-1986-cı illərdə orta təhsil almış, 1986-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsinə daxil olmuş, 1992-ci ildə bu təhsil ocağını bitirmişdir. 1987-1989-cu illərdə ordu sıralarında xidmət etmişdir. Ailəlidir.
Fəaliyyəti
1992-2002-ci illərdə Əhməd Cavad adına Bakı Mədəni Maarif Texnikumunda gənc nəslə rejissor və aktyor sənətini tədris etmişdir. 2000-ci ildə təsis etdiyi "MM" MMC-də 100-ə yaxın konsert və televiziya proqramlarının, reklam kampaniyalarının rəhbəri, 12 video-filmin prodüseri, bir çox televiziya layihələrinin müəllifi olmuşdur. 2002-ci ildən 2006-cı ilə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsində inspektor, 2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsində filmlərin dövlət reyestri sektorunun müdiri, 2010-cu ildən isə Kinematoqrafiya şöbəsinin müdir müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin dekabr ayından 2019-cu ilədək C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına rəhbərlik etmişdir. 2012-ci ildə Azərbaycan Prodüserlər Gildiyası təsis edilmiş və gildiyanın sədri seçilmişdir.
Ad və mükafatlar
“Humay” mükafatı (“Uğurlu prodüser” nominasiyası) (2014)
13-cü Pune Beynəlxalq Film Festivalında (Hindistan) “Nabat” bədii filminin prodüseri kimi beynəlxalq münsiflər heyətinin “Xüsusi vurğulama” mükafatı (2015)
"Nabat" filminə görə "Ən yaxşı prodüser" nominasiyasında "Qızıl Pəri" mükafatı (2015)
Azərbaycanın Əməkdar incəsənət xadimi (29 iyul 2016-cı il).


Şərhlər
Niyə insanlara öz ixtisas sahələrinə uyğun iş verilmir? Universitetlərin Jurnalistika fakültələrinin nəqədər peşəkar televizyonşik prodüserləri, rejissorları var. Mütrüfləri TV-lərə gətirməklə nə əldə edirsiz?