Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.
“Report”un yerli bürosunun məlumatına görə, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.
Hadisə zamanı bir neçə azərbaycanlı gənc soyuq silahla xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. Yaralıların vəziyyəti ağırdır.
Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.
Azərbaycanlının qətlə yetirilməsi ilə bağlı artıq bir nəfər saxlanılıb.
Həmin şəxs törədilən cinayət barədə məlumat verməməkdə təqsirli bilinir.
Gürcüstanın Daxili İşlər Nazirliyində hadisə zamanı daha 3 nəfərin xəsarət alması faktını təsdiqləyiblər.
İnsidentlə bağlı istintaqın davam etdirildiyi qeyd olunub.


Şərhlər