Menu

“Bakı Yastıq Zavodu” ASC-nin borcu olmayıb ... - "Məlumatlar həqiqəti əks etdirmir”+ FOTOLAR

24.05.2021, 11:26
“Bakı Yastıq Zavodu” ASC-nin borcu olmayıb ... - "Məlumatlar həqiqəti əks etdirmir”+ FOTOLAR

“Bir neçə gün öncə “Bakı Yastıq Zavodu” ASC barəsində “300 minlik müqavilədə vergi saxtakarlığı” başlığı altında saytınızda yayımlanmış yazıda qeyd olunan məlumatlar həqiqəti əks etdirmir”. Bunu saytımızla əlaqə saxlayan “Bakı Yastıq Zavodu” ASC-nin İdarə Heyətinin sədri İmam Əhmədov bildirib.

Onun dediklərindən və zavodun hüquqi işlərini həyata keçirən nümayəndəsinin saytımıza təqdim etdiyi sənədlərdən məlum olur ki, hit.az saytında dərc olunan və saytımızda da yayımlanan sözügedən yazıda yanlışlıqlara yol verilib.

Belə ki, “300 minlik müqavilədə vergi saxtakarlığı” başlığı altında yayımlanmış yazıda “Bakı Yastıq Zavodu” ASC-nin 8008,85 manat vergi borcu olduğu, “Dövlət satınalmaları haqqında” qanuna əsasən vergi borcu olan şirkətlərin tenderə qatıla bilmədiyi vurğulanaraq, ASC rəhbərliyi tərəfindən “Bakı Metropoliteni" QSC-nin mis şin, mis torpaqlama zolağı və müxtəlif ölçülü mis kabel ucluğun satın alınması üzrə elan etdiyi tenderdə iştirak üçün vergi borcu olmadığı barədə saxta arayış təqdim edildiyi göstərilib.

Bundan əlavə, həmin yazıda “Bakı Yastıq Zavodu” ASC İdarə Heyətinin sədri İmam Əhmədovun adının məhkəmə işində keçdiyi, Loğman Bəşirov adlı vətəndaşın onu əmlak üzərində mülkiyyət hüququnun tanınması və zərərin ödənilməsi, saxta sənədləşdirmə yolu ilə əmlak və nağd vəsaitin mənimsənilməsi iddiası ilə məhkəməyə verdiyi göstərilib.

Qeyd edilən birinci iddia ilə bağlı zavodun nümayəndəsinin saytımıza təqdim etdiyi sənədlərdən məlum olur ki, ASC-nin tenderdə iştirak üçün vergi borcunun olmadığı barədə təqdim etdiyi arayış saxta olmayıb, həmin vaxt real vəziyyəti əks etdirib.

Belə ki, tenderin keçirilməsi haqqında elanda tenderdə iştirak etmək istəyən təşkilatların 23.04.2021-ci il saat 14:00-a tarixinə kimi müvafiq sənədləri (vergi borcu olub-olmaması barədə arayışı –red.) təqdim etməli olduğu vurğulanııb.

Zavodun nümayəndəsinin saytımıza təqdim etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11.04.2021-ci il tarixli rəsmi arayışından (aşağıda şəkli dərc olunur-red) aydın olur ki, həmin tarix üçün “Bakı Yastıq Zavodu” ASC-nin heç bir borcu olmayıb. Sənəddə ASC-nin həm vergilər üzrə dövlət büdcəsinə, həm də muzdla işləyənləri işə götürən sığorta edənlər (MDSS) üzrə borcu olmadığı göstərilib.

Bu isə “Bakı Yastıq Zavodu” ASC-nin “Bakı Metropoliteni” QSC-nin mis şin, mis torpaqlama zolağı və müxtəlif ölçülü mis kabel ucluğunun satın alınması üzrə elan etdiyi tenderdə iştirak etmək üçün heç bir qanuni maneənin olmadığını söyləməyə əsas verir.

ASC təmsilçisinin təqdim etdiyi sənədlərdən belə məlum oldu ki, sözügedən yazıda qeyd edilən 8008,85 manat borc ASC tərəfindən tenderdə iştirak etmək üçün sənədlər təqdim edildiyi tarixdən sonrakı dövrdə yaranıb. Həmin vəsait “Muzdla işləyənləri işə götürən sığorta edənlər (MDSS) üzrə” kvartal üzrə ödənilməsi müəyyən edilmiş məbləğ olub və cari ayda müəyyən edilib.

Bu cür cari borclar hər bir müəssəsədə ayın əvvəlində yarana bilir və hesabındakı vəsaitdən tutularaq bağlanır.

Zavodun nümayəndəsinin sözlərinə görə, sözügedən yazıda qeyd olunan digər məlumatda da yanlışlığa yol verilib. Belə ki, “Bakı Yastıq Zavodu” ASC-nin İdarə Heyətinin İmam Əhmədovun adının məhkəmə işində keçdiyi, Loğman Bəşirov adlı vətəndaşın iddiası ilə onun məhkəməyə verilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Saytımıza verilən məlumatda həmin mülki işin 2015-ci il tarixə aid olduğu, sözügedən tarixdə qəbul edilən məhkəmə qərarları ilə İmam Əhmədovun iddiasının təmin olunaraq Loğman Bəşirov tərəfindən ona təzminat ödənilməsinin qərara alındığı bildirilir.

Qeyd olunanlar, “Bakı Yastıq Zavodu” ASC rəhbərliyi tərəfindən tenderdə iştirak üçün vergi borcu olmadığına dair saxta arayış təqdim edildiyi barədə saytımızda hit.az-a istinadən yayılmış məlumatın həqiqətə uyğun olmadığını göstərir.

“AzPolitika.info”





Şərhlər

t.ədalət 2021-05-24 13:05:28

Bəlkə zavodun adı Diyircəkli yastıq (podşipnik) zavodudur?Çünki yastıq sözünün nəyə aid olduğu bilinmir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol