"Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, eləcə də geostrateji mahiyyəti ilə ötən dövr ərzində öz təsdiqini tapıb. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq, qarşılıqlı maraqlar əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir".
Bu sözləri Milli Məclisin Təbbi ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iki ölkə arasında münasibətlərin hazırki durumunu və inkişaf perspektivlərini "AzPolitika.info"-ya şərh edərkən bildirib.
Xatırladaq ki, ötən həftə YAP sədrinin müavini Tahiq Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankarada səfərdə olub.
Millət vəkili qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətləri hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Komitə sədri vurğulayıb ki, ölkələrin iqtisadi potensialı da qardaşlığımızın qüdrətini daha da artırır. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin mövcud potensialı əlaqələrin iqtisadi sferada, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin indiki ilə müqayisədə xeyli dərəcədə artırılmasına imkan verir.
S.Qurbanov bu istiqamətdə mühüm addımlar atıldığı qənaətindədir: "Məlumdur ki, Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb. Ölkələrimiz arasında yeni sazişin imzalanması isə böyük bir coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm faktorlardan biri olacaq. Çünki Avropa İttifaqının, digər Qərb ölkələrinin böyük ümidlərlə baxdığı “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır".
Millət vəkili daha sonra qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarının ötən il əks-hücumla erməni işğalından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək təmənnasız qardaşlıq nümunəsi idi. "Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi", - deyə Sadiq Qurbanov vurğulayıb.

Komitə sədri daha sonra 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyətinin Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olduğuna diqqət çəkib. Bildirib ki, bu səfər hakim partiyalar arasında əməkdaşlığı dərinləşdirməklə bütövlükdə daha güclü siyasi birliyin qurulmasına mühüm töhfə verib: "Partiya liderləri arasında olan dostluq münasibətlərinin YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcək".
S.Qurbanovun sözlərinə görə, qardaş ölkənin aparıcı şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərində yaxından iştirakı iqtisadi əlaqələrin inkişafında yeni dövrün başlanğıcının əsasını qoydusa, YAP və AKP arasında imzalanmış niyyət protokolu iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın müjdəçisidir.
Millət vəkili qeyd edib ki, Azərbaycan və Türkiyənin iqtidar partiyaları üzv olduqları müxtəlif beynəlxalq siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, eləcə də müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclərin beynəlxalq fəaliyyətində və digər istiqamətlər üzrə davamlı əməkdaşlıq edəcəklər.
"AzPolitika.info"


Şərhlər