Menu

"Ermənistanın rəyini daha heç kəs soruşmur" - "Bu ağır məğlubiyyətdən sonra biz artıq oyunçu deyilik"

11.06.2021, 13:18
"Ermənistanın rəyini daha heç kəs soruşmur" - "Bu ağır məğlubiyyətdən sonra biz artıq oyunçu deyilik"

"Daha Ermənistanın Qarabağ barədə rəyini heç kim soruşmur”. "AzPolitika.info" xəbər verir ki, bu bəyanatı iyunun 10-da Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan verib.

Ter-Petrosyan mətbuat konfransında deyib ki, Rusiya daha heç vaxt Qarabağı tərk etməyəcək: “Biz təkcə müharibəni uduzmamışıq. Ondan daha pisi baş verib. Əgər əvvəllər Qarabağ Robert Köçəryanın günahından tənzimləmə prosesindən çıxarılmışdısa, bu məğlubiyyətdən sonra artıq Ermənistan münaqişə tərəfi olmaqdan çıxarılıb. Ermənistanın rəyini daha heç kəs soruşmur. Ermənistan Qarabağ barədə müstəqil qərar qəbul edə bilmir. Bu ağır hərbi məğlubiyyətdən sonra yəqin ən pis olanı budur ki, biz artıq bu oyunda oyunçu deyilik”.

Seçkidən sonra başqa siyasi qüvvələrlə koalisiyanın mümkünlüyü məsələsinə toxunan Ter-Petrosyan deyib ki, onun Erməni Milli Konqresi düzgün olmayan qərarlar qəbul etməməyə çalışacaq.

Levon Ter-Petrosyan habelə Nikol Paşinyan hakimiyyətə gələndən sonra onunla 2018-ci ildə etdiyi söhbətə toxunub. Keçmiş prezident bildirib ki, həmin görüş zamanı Paşinyana Qarabağ məsələsində Serj Sarqsyandan ona qalmış mirası sənədləşdirməyi məsləhət görüb.

1990-cı illərdə I Qarabağ müharibəsində qazanılmış qələbəni möhkəmləndirə bilməməsi barədə ittihamlara cavab olaraq keçmiş prezident deyib: “Mən möhkəmləndirilmiş qələbəni növbəti hakimiyyətə vermişdim. Mən bu barədə çoxdan, son dəfə keçirdiyim mətbuat konfranslarında, yazdığım məqalələrdə demişəm. Bir məsələ aydın idi: Vazgen Sarkisyan, Robert Köçəryan və Serj Sarqsyanın əhval-ruhiyyəsi belə idi ki, onlar mənim bu proqramı həyata keçirməyimə nəyin bahasına olursa olsun imkan vermək istəmirdilər. Mən məsələni şişirtmirəm. Əgər bunu etməyə cəhd göstərsəydim, vətəndaş müharibəsi başlanardı. Mən bunun baş verməməsi üçün istefaya getdim”.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol