HAKİMƏ QƏRARINI GERİ OXUTDURAN “QƏHRƏMAN”... – Və məhkəmələrimizin bitməyən rəzaləti

“Qətnaməni elan edəndən sonra hakim Vahid Hacıyev dedi ki, iddia təmin olunur. Hətta cavabdeh tərəfin vəkili Altay Əfəndiyevə üzünü tutaraq bildirdi ki, apellyasiya şikayəti etmək hüququnuz var. Sonradan hakim otağına gedib, başqa şey yazıb. Və biz də sevincək məhkəmə binasını tərk etdik. Lakin hakim otağına gedəndən sonra qərarı tamamilə dəyişib, qətnaməyə başqa şey yazılıb. Abel Məhərrəmovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu...”

Bu, çoxsaylı obyektlərində ustaları, fəhlələri işlədib, onların adına tikinti materialları alıb pulunu verməyən BDU-nun keçmiş rektoru, sabiq millət vəkili Abel Məhərrəmova qarşı məhkəmədə iddia qaldıran şikayətçinin sözləridir. Görünür, Abel Məhərrəmovdan və hakimdən bu “qəhrəmanlığı” gözləmirmiş. Yazıq sonradan onunla “gizlənpaç” oynayan hakimin qərarını eşidəndə şoka düşdüyünü deyib. Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin hakimiyyətdə yüksək vəzifə tutanlarla, məmur oliqarxiyası ilə əlaqəsi olmayan sadə təbəqəsi artıq uzun illərdir Azərbaycan məhkəmələrinin, hakimlərinin əməllərindən şoka düşür...

Azərbaycanda artıq iqtisadi, siyasi, hüquqi və s. islahatların elan edilməsindən illər keçir. Buna baxmayaraq, xüsusilə məhkəmə-hüquq sistemində köklü islahatların baş verdiyini demək olduqca çətindir. Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanı var. Həmin sənədin imzalanmasından 2 ildən çox vaxt keçsə də, orada göstərilənlərin böyük hissəsi həyata keçirilməyib. Nəticədə məhkəmə-hüquq sistemi hələ də vətəndaşların ən çox şikayət etdiyi, insanların həyatını, taleyini qaraldan, onları ölkədən, dövlətdən küsdürən, narazı salan, haqsız, ədalətsiz qərarlar çıxaran və nəhayət, Azərbaycanın dünyada sivil, müasir dövlət kimi tanınmasını əngəlləyən, bir çox hallarda isə onu biabır edən sahə olaraq qalmaqdadır. Bunu təkcə Abel Məhərrəmov kimi adı saxtakarlıq, rüşvət, korrupsiya, harınlıq, özbaşınalıq formasındakı “məziyyətlərlə” paralel çəkilən birisinin hələ də Azərbaycan məhkəmələrini barmağına dolaması, hakimə qərarını geri oxutdurması yox, buna bənzər və bundan da betər çoxsaylı faktlar sübut edir. Bunu Avropa Məhkəməsində Azərbaycan dövlətinə qarşı az qala hər gün kəsilən və dəyəri üst-üstə milyonlarla ölçülən cəzalar və Azərbaycan vətəndaşlarının bu quruma məhkəmələrimizlə bağlı durmadan, sel kimi axan şikayətləri də təsdiqləyir. Bəs, niyə məhkəmə sistemində islahatlar lazımi səviyyədə və sürətlə aparılmır, nədir, kimdir buna mane olan? Əksinə, hakimlər sanki getdikcə özlərini daha çox qanundan üstün, cəzasız qalacaqlarına arxayın hiss edirlər. Ümumiyyətlə, elə bir cinayət əməli qalıbmı ki, hakimlər tərəfindən törədilməsin? Rüşvət, dələduzluq, saxtakarlıq, sifarişlə qərar çıxarmaq... hətta aralarında qətl törədəni də var. Hələ bunlar üzə çıxarılanlarıdır. Beləmi olmalıdır ədalət mühakiməsinin kənardan görünən sifəti?...

Yuxarıda qeyd etdiyimiz şikayətçinin “Abel Məhərrəmovun qardaşı Ədliyyə Nazirliyində yüksək vəzifə tutur. Görünür, bu amilin rolu oldu...” deməsi təsadüfi deyil. Hamıya məlumdur ki, məhkəmələrə əsas nəzarəti Məhkəmə-Hüquq Şurası yerinə yetirir. Onun sədri isə 21 ildir bu postda oturan Ədliyyə naziri Fikrət Məmmədovdur. Məhkəmələrə ən çox təsir imkanı olan qurumlar sırasında da bu nazirliyin xüsusi yeri var. A.Məhərrəmovunsa qardaşı həmin nazirlikdə yüksək vəzifə tuturmuş və belə çıxır ki, təkcə bu amil hansısa ustanın, fəhlənin, tikinti materialı satanın haqqını yeməyə, hələ bir üstündən su içməyə də kifayət edir.

Onu da qeyd edək ki, hələ Abel Məhərrəmov hakimiyyətdə “vurulmuş” şəxs sayılır. Əgər hətta beləsi bir qərarı hakimə geri oxutdura, məhkəmə zalında bir, hakimin otağında isə başqa qərar qəbul etdirə bilirsə, indi görün vəzifədə olanların məhkəmələrə təsiri hansı səviyyədədir və onlar necə “minib-çapırlar” ədalət mühakiməsini..

Araşdırsaq, hakimlərin böyük qisminin hansısa vəzifəli məmurla bu və ya digər formada qohumluğu, yaxınlığı üzə çıxar. Belə adamların müstəqil, qanunlara söykənən, təmənnasız, bir sözlə, ədalətli qərarlar çıxarması, ümumiyyətlə, bu adamlarda ədalət hissinin olması nə dərəcədə ağlabatandır? Məsələn, uzun illər metropoliteni şəxsi obyekti kimi işlədən, dövlətin milyonlarını qapazlayıb, hətta bir hissəsini də Çovdarova yedirdən Tağı Əhmədovun oğlunda hansı ədalət hissi ola bilər?... 

Bütün bunlar həm də Azərbaycandakı məmur oliqarxiyasının nümayəndələrinin bir-birilə hörümçək toru kimi bağlanmasının və hər “hörümçəyin” də öz yaxın qohum-əqrabasını çəkib torun ayrı-ayrı hissələrinə yerləşdirməsinin ortaya qoyduğu acınacaqlı, cəmiyyətimizin, dövlətimizin dayaqlarını sarsıdan mənzərədir. Ona görə də məmur oliqarxiyasının bütün sahələrdə “at oynatması” davam etdikcə, bir çox istiqamətlərdəki kimi, məhkəmə-hüquq sistemində də hansısa ciddi dəyişiklik gözləməyə dəymir...

Cəlal Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

boz kardinal 2021-06-13 17:42:53

Yanoş Məhərrəmov və onun qanunsuz işdən azad olunan həyat yoldaşı, Allah sizə səbr versin.

Oxucu 2021-06-12 17:27:24

Məhkəmə sistemində köklü islahatlar aparılmalıdır ?

Fazil 2021-06-12 04:02:31

Neyse Azpolitika dushub Abelnen )))

Niyaməddin 2021-06-11 20:33:54

Haqsızlığa, ədalətsizliyə göz yumanlara, məzlumların haqqını yeyənlərə Allah lənət eləsin! Amin, Amin, Amin!

MRP 2021-06-11 18:30:36

Usta əgər materialı özü alırsa onun pulunu əvvəlcədən sifarişçidən istəyir.Heç bir usta nə nisyə mal almaz nədə iş görməz.Yazılanların düzgünlüyünə şübhə edirəm.

A.Məmmədov 2021-06-11 18:10:39

Azərbaycan Məhkəmələrindəki qanunsuzluqların və özbaşınalıqların qarşısını almaqda hətta Məhkəmə-Hüquq Şurasının sədri də acizdir. Mən, 13 dekabr 2011-ci il tarixdə Bakı şəhər İcra hakimiyyətinin Nəzarət şöbəsi müdiri vəzifəsindən qanunsuz azad edilmişəm. 12 yanvar 2012-ci il tarixdə bu qanunsuzluğa qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etdim. Səbail rayon Məhkəməsi mənim iddia ərizəmi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərdi. Dörd aylıq məhkəmə süründürməçiliyindən sonra hakim Şərafət Məmmədova məhkəmə iclaslarının protokollarını saxtalaşdırdı, bu saxtakarlığın əsasında da cəfəng məhkəmə qərarı çıxartdı. İclasların protokollarının saxtalaşdırılması faktı Məhkəmə-Hüquq Şurası sədrinin və Şura üzvlərinin əksəriyyətinin nəzərinə çatdırıldı. Bu barədə “Zerkalo” qəzetininin 23 noyabr 2013-cü il tarixli nömrəsində “Na priyom k ministru-v Xaçmaz” məqaləsi də çap olunub. Ədliyyə naziri Fikrət Məmmədovun Xaçmaz rayonunda qəbulunda olanda ona protokolları və məhkəmə iclaslarının stenoqramını göstərdim və məhkəmə iclaslarının audio yazısını ona təqdim etdim. Nazir mənə söz verdi ki, məhkəmənin qərarını ləğv etdirəcək. Lakin sonra o, verdiyi sözün üstündə dura bilmədi, saxtakarlığa və qanunsuzluğa göz yummalı oldu. Bunun nəticəsində də 1-ci instansiya məhkəməsinin çıxardığı qanunsuz qərarı, 2-ci və 3-cü instansiya məhkəmələri də təsdiq etdilər.

Həsənağa 2021-06-11 18:04:15

Bu oliqarxın hər şeyi - adı, titulu, mənşəyi - yalan və oğurluqdur. Acgözlüyü sərhədsizdir. Çoxdan həbs edilməlidir. ...........

Adil 2021-06-11 17:27:18

Hakimə təsir,göstəriş olmasa və hakim qorxaq olmasa bu mümkün deyil.Bəs günahkar kimdir? Kimdir hakimi qərarını dəyişməyə məcbur edən?

Camal 2021-06-11 17:21:40

bu artq rəzalət həddidr..

Xalq 2021-06-11 16:51:49

Məhkəmələrdə bir misqal da ədalət qalmayıb! Biz inanmırıq ki, bundan sonra nəsə yaxşılığa doğru dəyişə bilər.Bunlar öz "yollarını" seçiblər artıq. Biz deyəsən ədalətli məhkəmə qərarı deyə-deyə öləcəyik! Çox təəsüf ki, məhkəmə ancaq pullu adamlara xidmət edir ədalətə yox!

Nazim 2021-06-11 16:34:11

gorunur sudya Abelin kendlisidir

Nazim 2021-06-11 16:30:31

ramiz mehdiyev kimi dayisi var, hele bu yaxwi adamdi ki qudurganliqdan bawi getmeyib, 20 il rektor....

Xeqani 2021-06-11 16:03:23

Mıxarremofda gunah deyərdim ki,yoxdur o oğru- alimdir............

Həsən 2021-06-11 16:00:29

Bəsdirin bilmədiyiviz məsələlərlə bağlı şərh verəsiniz. O ki qaldı məqaləyə bu aydındırki sifarişli yazıdı

Roma 2021-06-11 15:43:57

Abelin əmlakı əlindən alınmalı, özü isə həbs olunmalıdır...

Ədalət 2021-06-11 15:33:43

Bunun bir adı var, BİABIRÇILIQ !

Vüqar 2021-06-11 14:34:34

İndi bunun adının əvvəlinə "atanşik" qoysam məni qınamay;n....Həm də yaraşır e..ATanşik Abel..Qısaldılması AA..Lap bərk gedən nömrələrin seriyasına oxşadı...

Mahir 2021-06-11 14:25:29

məhkəmə sistemi elə qurulub ki, bir dəfə bura düşdü də ömür boyu bu labirint də fırlanacaqsan və buna da pul lazımdır.Yəni pulu çox olan udacaq, o da Abellərdədir...

Son yazılar