13 deputat layihənin əleyhinə səs verdi - Parlamentdə əlilliklə bağlı gərgin müzakirələr

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna təklif olunan dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, əlillik dərəcəsinin təyin edilməsi ilə əlaqədar yeni qaydalara keçilir. Belə ki, artıq I, II və III qrup kimi əlillik göstəricisi olmayacaq.

Əlillik dərəcəsi orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək.

Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda təsdiq edilib. Yeni qaydalar 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, səsvermə zamanı 13 millət vəkili layihənin əleyhinə səs veribb.

Deputat Vahid Əhmədov müzakirələr zamanı xatırladıb ki, Səlim Müslümov da islahat adıyla parlamentə belə bir qanun layihəsi göndərmişdi: "Bu günə qədər biz bu qanun layihəsinin altından çıxa bilmirik. Bu da o cür qanun layihəsidir. Bu qanun çox ciddi problemlər yarada bilər".

Deputat təklif edib ki, qanun layihəsi parlamentə paket şəklində təqdim olunsun və nazir izahat versin: "Nazir gəlib bizə bu qanun layihəsini şərh etsin. Qanun layihəsi Avropa ilə müqayisə edilir. Biz Avropa deyilik. Bu qanun layihəsi üzərində çox ciddi iş getməlidir. Bu qanun layihəsi bizə paket şəklində verilməlidir".

Deputat Qüdrət Həsənquliyev isə deyib: "Azərbaycanda əhalinin 7 faizi 65 yaşdan yuxarıdır. Deməli, 7 faiz əhali pensiya ala bilir".

Deputat bildirib ki, deməli, Azərbaycanda orta yaş aşağıdır: "Buna görə də Azərbaycanda pensiya yaşını aşağı salmaq lazımdır. İnsanlar DSMF-yə pul ödəyir. Bir çox insan bu qanun layihəsini "mütərəqqi" adlandırır. Bu o zaman mütərəqqi olardı ki, faiz dərəcələrinə uyğun pensiya verilərdi. Yəni, "31 faiz"lə "60 faiz" eyni pensiya alacaq?! Burada 100 faiz sağlamlığın itirilməsi ölüm deməkdir. Ona görə də burada sağlamlığın itirilməsi nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə pensiya təyin edilsin. İndi vətəndaş 3-cü qrup əlillik almaq üçün orqanizmin neçə faizi funksiyasını itirməlidir?".

Q.Həsənquliyev nazirliyin bu dəyişikliklərdən əvvəl parlamentə maliyyə əsaslanması təqdim etməli olduğunu söyləyib: "Komitə sədri Musa Quliyev ötən iclasda dedi ki, bəlkə də bu qanunun qəbulundan sonra əlillərin sayı artacaq. Bu gün mən də deyirəm ki, ola bilsin, əlilliyi olanların, əlilliyə görə pensiya alanların sayı azalacaq. Bu kimi hallar olmaması üçün nazirlik bizə maliyyə əsasnaməsi təqdim etməliydi. Biz bilməliydik ki, nə qədər vəsait artacaq, yaxud azalacaq".

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deputatların "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanuna təklif olunan dəyişiklərin tənqid edilməsinə münasibət bildirib. O deyib ki, bura Milli Məclisdir, kim istəyər qanuna səs verər, kim istəməz səs verməz: "Elə təsəvvür etdim ki, burada tək qapıya futbol oynayırıq, mən qapıçıyam, hamı da mənə qol vurur".

Qeyd edək ki, spiker Sahibə Qafarova təklif edib ki, gələn həftə genişləndirilmiş komitə iclası keçirilsin və əlaqədar qurumlar da iclasa dəvət edilib suallara aydınlıq gətirilsin.

"AzPolitika.info"

635x100

Şərhlər

Seyid Ənhi 2021-06-12 12:45:59

ÖZ MİLLƏTİNƏ QƏNİM KƏSİLƏN, XƏSTƏLƏRƏ ÖLÜM HÖKMÜ ÇIXARAN PARLAMETƏ NİFRƏT OLSUN!

Amon 2021-06-12 09:56:31

Birdefelik bir qanun qebul eliyin ki pensiya yasi 90+ olsun belke ondan sonra haminiz rahatlasasiz

Musa 2021-06-12 09:50:24

Gələcəkdə 1-ci q.yəni 80-100 faizli xəstə olmayacaq.Bu ona görə edilir ki,həmi faizli əlillər Prezident təqaüdü və müavinət alırdılar.onu ləğv etmək ücün bu qanun qəbul edildi

t.ədalət 2021-06-12 09:44:15

Sahil Babayevin hazırladığı bu qanun layihəsi vətənpərvərlik ruhunu öldürmək üçün nəzərdə tutulub.O ki qaldı Avropa məsələsinə,bizim haramız düzəlib ki,Avropalığımız da düzəlsin?

seçici 2021-06-12 06:56:46

deyiləndə ya yazılanda ki hansısa deputat nıyinsə əleyhinə səs verib adamın bir az gülməyi həm də ağlamağı gəlir.

Vetendaş 2021-06-12 00:49:53

Parlamentdə 13 Azərbaycanlı oldugun bildik, şükür buna da

Tahir 2021-06-12 00:27:51

Bu qanun layihəsinin hazırlanması və qəbulu bir daha göstərdi ki ƏƏSM nazirliyi və parlamentin 90 faizi bu milləti istəmir...

Son yazılar