Cəza humanistləşir, cinayətkar isə humanistləşmir...

Şəmsəddin Əliyev

Tarixən cinayətkarlıq hər bir sosial-siyasi sistemə xas olan və kökünün kəsilməsi mümkün olmayan sosial hadisələrin məcmusu kimi qəbul edilib. Bir növ cinayətkarlıq,ictimai orqanizmin normal inkişafını və fəaliyyətini qəsdən və ya, ehtiyatsızlıqdan pozan insanların sosial davranış formasıdır.Doğuran səbəblər və səbəblər arasında əlaqə cinayətlərin törədilməsini “hökm”edir.

Cinayətkarlığın meydana gəlməsi dövlətin və hüququn yaranması ilə bağlıdır. Sosial və əmlak bərabərsizliklər,sinfi ziddiyyətlərin antoqonist həddə çatması dövrü-dövlətin və hüququn yaranması quldarlıq quruluşu ilə əlaqələndirilir.

Cinayətkarlıq, cəmiyyət üçün neqativ,arzuolunmaz hallar doğurduğuna görə, ona nəzarət üçün dövlətin (özünə xas) spesifik tədbirlər planını tələb edilir. Bu mənada cinayətkarlıq müəyyən dövr ərzində və müəyyən ərazidə-regionda baş vermiş sosial hadisələrin kəmiyyət və keyfiyyət göstəricisidir. Amma cinayətkarlıq və cinayət oxşar ifadələr olsalar da,biri digərindən ayrı mövcud ola bilməzlər. Cinayətkarlıq cinayətlərin törədilməsini labüdləşdirir.

Azərbaycan Respublikası CM-nin14-cü maddəsində ehtiva edildiyi kimi,cinayət bu məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli(hərəkət və hərəkətsizliklə törədilən) əməlin təqsirli olaraq törədilməsidir. Yəni,ictimai təhlükəli əməli törədənlər öz bərəkət və hərəkətsizliklərinin nəticəsini görür və arzulayırsa, ona şüurlu şəkildə (nə etdiyini bilirsə) yol verirsə, deməli onu qəsdən törədir və yaxud, əməlin nəticəsini arzulamırsa və yaxud,onun qarşısını almağa yüngül fikirlə ümid edirsə bu,ehtiyatsızlıq üzündən törədilən əməl hesab olunur. (Yol-nəqliyyat hadisələri bu baxımdan qəsdən yox, ehtiyatsızdıqdan baş verir.)

Ölkə ərazisində il ərzində baş vermiş ümumi cinayətlər kəmiyyət və keyfiyyət göstəricilərinə görə cinayətkarlığın vəziyyətini əks etdirir.

Ölkədə cinayətkarlığın vəziyyətinə nəzər salaq: 2020-ci ilin yekun təhlilindən məlum olur ki,il ərzində 26004 cinayət qeydə alınmışdır. Burada diqqət çəkən cəhət ondan ibarətdir ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə qeydə alınan cnayətlərin sayı 668 fakt və yaxud 2,5% az baş vermişdir. 26004 cinayətin (13,3%-i)3263-ü ağır və xüsusilə ağır cinayətlər növünə aid olsa da,narahatlıqla qarşılanan rəqəm deyil. Avropa ölkələrindən və MDB-dən fərqli olaraq Azərbaycanda hər 100 min əhaliyə düşən cinayətlərin sayı 257 fakt təşkil edirsə ,qeyd etdiyim avropa və MDB ölkələrində bu rəqəm iki dəfə çoxdur və dinamikada bu fərqi görməmək mümkün deyil. Amma bizdə kriminogen durumu nəzarətdə və sabitliyi qoruyub saxlaya bilən qüvvələr heç vaxt bunun fərqində olmamışlar. Zatən belə də olmalıdır. Axı,vəziyyətin bu məcrada qorunub saxlanılmasına bütün gücünü sərf edən vətənpərvər,andına sadiq qüvvələr,göstərilən etibara və etimada məsuliyyətlə yanaşan zabitəli polis məmurları və yüksək rütbəli zabitlər var.

Ümumilikdə cinayətkarlıqla mübarizə asan başa gəlmir. Təhlükəsizliyin və ictimai qaydanın təmin edilməsi spesifik səlahiyyətə malik heyətin narahat gecələrinin, istirahət,habelə bayram günlərində də vəziyyəti nəzarətdə saxlaya bilməsilə əldə edilir.

Adətən cinayətkarlıqla mübarizənin vəziyyəti cinayətlərin ayrı-ayrı növlərinin statistik göstəricilərini qeyd etməkdə əks olunur,doğuran səbəb və şəraitin aradan qaldırılması, səbəblərin tədqiq edilməsi istiqamətində akademik təhlillərin olmaması təəssüf hissi doğurur.

Cinayətkarlığı doğuran səbəblərin tədqiqi və ona qarşı mübarizənin səmərəsini artırmaq üçün elmi tədqiqat(ETİ) institutun yaradılmalmasına ehtiyac var. RF-də, Avropada və qardaş Türkiyədə belə tədqiqat institutları var. ETİ-də sosioloq-hüquqşünaslar, antropoloqlar, hüquqşünas-kriminoloqlar səbəbləri tədqiq və təhlil etdikdən sonra hökumətin qarşısında kriminoloji faktorların kökünü kəsmək yox,onu zərərləşdirilmək, qarşısını almaq və qabaqlayıcı tədbirlərin görülməsi üçün təkliflər zərfi hazırlayır. Təkliflər zərfində NK-nin tərkibinə daxil olan bütün mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə aid müvafiq tapşırıqlar yer alır, bu qurumların koordinasion qaydada işləməsi təklif olunur və s.

Azərbaycan müstəqil demokratik, hüquqi dövlət kimi mütəşəkkil və transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan «İnsan alverinə qarşı mübarizə», habelə «Narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi» ilə bağl çox illik Dövlət Proqramlarını qəbul edib. Amma burada da mütəxəssislərin təcrübəsi və peşəkarlığı ilə uzlaşan”Nə etmək lazımdır?”təklifləri hiss olunmur. Cinayətlərin təşkilatçıları və təhrikçiləri, bəzən icraçıları da cəzasızlıq mühitindən faydalanıb,təhlükəli əməllərinin təkrar törədilməsindən çəkinmirlər. Doğuran səbəblər və motiv isə demək olar ki, bütün dünyada eynidir. Sosial, iqtisadi, işsizlik, yoxsulluq və s. .

Sözün geniş mənasında cinayətkarlığın səbəbləri elə hallar-faktorlardır ki, onlarsiz ictimai münaisbətlərə zidd heç nə baş vermir. Hamının başa düşdüyü dildə ifadə etsəm, su qızdırılmazsa, onun buxara çevrilməsi səbəbi də mümkün olmaz. Hər dəfə su qızdırıldıqda onun buxara çevrilməsi prosesi başlayır.Və yaxud,kimya elmində reaksiyaların(tənliyin)bərabərləşməsi elektron nəzəri əlaqələrin istifadəsi üzərində baş verir.Buna uyğun olaraq da kimyəvi elementlər ionlaşır. Lakin heç vaxt,heç kim belə tənliklərin reaksiyasında bir ionu belə görə bilməyib. Bir növ cinayətkarlığı doğuran səbəb və şərait,sosial faktorlar da görünmür,səbəb nəticəni hasil edir.Təbii ki, cinayətlərin ayrı-ayrı növlərinin baş verməsinə təsir edən səbəblər də müxtəlif olur.Cinayətkarlıq və səbəblər cəmiyyətin əlavə məhsuludur-deyərdim. ”Nə tökərsən aşına,o çıxar qaşığına!”-zərb məsəlinə bənzər.

Qeyri-aşkar şəraitdə baş verən cinayətlərin açılmasında, şübhəli şəxslərin yerini və şəxsiyyətlərinin müəyyən olunmasında ictimai dəstək var,vətəndaşlardan daxil olan məlumatlar səmərə verir.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, bəzən KİV-də cinayətkarlıqla mübarizə aparan əməkdaşların missiyasına və fəaliyyətinə,işgüzar nüfuza,peşəkarlığa təsir edən informasiyaların yayılması dövlət və cəmiyyət üçün arzuolunan deyil. Belə məlumatların yayılması məqsədli xarakter daşıyır. Ehtiyatlı olmaq lazımdır, hissə qapılmaq olmaz. Asayişin təmin olunması, ictimai qaydaların qorunması mürəkkəb,vaxt aparan,bacarıq və fiziki hazırlıq tələb edən prosesdir. Bu missiyanı icra edənlərin də yorğunluğu, gərginliyi olur. Müəyyən mənada təyinatından qısa müddətə kənara çəkilmək də mümkündür.

Cəmiyyətin sezmədyi belə halları ictimailəşdirmək həm dövlət,həm də cəmiyyət üçün zərərlidir. Xatırlayırsınızsa təxminən bir neçə il bundan öncə Amerikada və Fransada polisə qarşı həyata keçirilən ictimai təpgilərə susqunluğun nümayiş etdirilməsi polislərin təhlükəsizliyin təmin olunması vəzifəsindən imtinaya apardı,cinayətkarlıqla mübarizə niyyətindən müvəqqəti də olsa kənara çəkilməyə vadar etdi.«Cəmiyyətlə kriminal aləmin üzbəsurət - qarşı-qarşıya dayanmasını» göz önünə gətirsək hansı sonluqla bitəcəyini təsəvvür etmək çətin deyil...

Ötən il ərzində məhz hüquq mühafizə orqanlarının birgə mübarizəsi nəticəsində quldurluq faktları(16,9%),oğurluqlar(11,8%),soyğunçuluqlar-qarətlər(7,8%)azlma ilə müşahidə olunmuşdur.Mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 2237 nəfəri vahid niyyətlə birləşdirən 882 cinayətkar qrup zərərsizləşdirilmişdir.Azərbaycan polisinin bu fəaliyyəti qürurvericidir və Avropaya görk olacaq “sabitliyin təminatı”mesajıdır...

Hesabat dövründə İnsan alverinə qarşı mübarizədə də prinsipallıq və peşəkarlıq nümayiş etdirilmişdir.155 insan alveri faktı aşkar edilmiş,3 cinayətkar qrup zərərsizləşdirilmişdir.

Transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsinə qarşı da mübarizə səmərəli olmuş,301 nəfərdən ibarət olan 131 cinayətkar qrup zərərsizləşdirilmiş,5041 (bu 2019-cu il ilə müqayisədə 965 fakt çoxdur)fakt aşkar edilmiş,1 tona yaxın tiryək və heroin dövriyyədən çıxarılmışdır. Görürsünüz, cəmiyyət üçün zərərli olan narkotik vasitələrlə bağlı nə qədər faktlar aşkar edilib? 

Bir az dərin düşünəndə bu faktların üzə çıxarılması zaman və gərgin xidmət,prinsipallıq və peşəkarlıq,həm də fiziki baxımdan hazırlıq tələb edir.Bunu bacarmaq lazımdır. Elə-belə başa gəlmir.Düşünürəm ki, KİV-də polisin qanunsuz hərəkətləri ilə bağlı hər hansı bir məlumat daxil olmuşsa,bu barədə informasiyanı tirajlamaq yox,onun xidmət etdiyi orqanın rəhbərliyinə müraciət etməsi daha vacibdir.Polisin hərəkət və hərəkətsizlikləri ilə bağlı DİN-ə daxil olmuş şikayətlərə diqqətlə və obyektiv baxılır. Bu orqan spesifik dövlət orqanı olmaqla onun fəaliyyət istiqamətləri də spesifik fəaliyyətə aid edilir.

Qanunvericiliklə DİO-ya verilən səlahiyyət heç bir dövlət orqanına verilməyib. Polis əməkdaşı hakimiyyətin müəyyən səlahiyyətlər verdiyi şəxsdir. Onun qanuni tələbləri hamı üçün məcburidir. Hakimin qüvvədə olduğu aktın icra edilməməsinə qanunvericilik necə reaksiya verirsə ,burda da eyni məsuliyyət yaradır.

Heç bir cəmiyyətin cinayətkarlıqdan və cinayətlərdən doymuş həddi olmaməş, olmayacaq. Bu baxımdan hər bir cəmiyyətin də özünəməxsus cinayətkarları və cinayətləri olur. Yəni,cinayətkarlıq və cinayətlər “Cəmiyyət deyilən(ərsəyə gətirdiyimiz)bir ağacın acı meyvələridir”və cəmiyyət kimi əbədədir - deyərdim. Cəmiyyət mürəkkəbləşdikcə, orada fərdlərin də yaşamağı,həyat tərzi çətinləşir, davranışlar pozulur, ekstravaqant (qeyri-adi) hərəkətlərə yol verilir. Qanunların çoxluğu, artan sanksiyalara tab gətirə bilməmək, emosiyaların nəzarətdən çıxıb cılovlanmaması və s. hallar insanları «yolunu azmağa» vadar edir.

Son vaxtlar intihar hallarını KİV yaydıqca zəif iradəyə məxsus gənclər və ya yeniyetmələr «özlərini nümayiş»etdirmək və qeyri-adi davranışlarını ictimaiyyətə təqdim etmək üçün bu addımı atmağa başladılar.(Bilmədiyimiz səbəblər də var.İşlərin istintaqı buna aydınlıq gətirəcək) Amma KİV-lər belə faktları tirajlamaqdan çəkinmədilər,əksinə cəmiyyət üçün ucuz,lakin təhlükəli bir “reklam oyunu” tapdılar. Məlumat üçün ictimai diqqətə çatdırmaq istəyirəm ki, Azərbaycanda intihar halları hər 100 min nəfərə 3-5 fakt təşkil üdir.Bu ,10 milyon əhalisi olan ölkə üçün faciə deyil. Amma Rusiyada 100 min əhaliyə düşən bu rəqəm 31-40, Avropada 31-41 fakt təşkil edir.

Təbii, bu faktlar cəmiyyətin faciəsidirAmma doğuran səbəblər araşdırılmır,tədqiq olunmur, təhlil edilməli olduğu halda edilmir.Bəzi psixoloqların bu sahədəki mülahizələri isə real vəziyyəti əks etdirmir.(?) Ümid edirəm ki, Ailə, Qadın və Uşaq problemləri üzrə Komitə bu sahədə səbəbləri təhlil edə bilmək bacarığındadır. Qənaətimə görə intihar halları qeyd etdiyim dövlət qurumu üçün həyəcan təbilinin və yaxud kilsə zənginin səsi qədər narahatlıq doğurmalıdır. Yeniyetmə gənclərin özünə qəsd etməsini adi hal tək nəzərdən keçirmək olmaz. Şübhəm yoxdur ki,bu qəsdlərin istintaqı ilə məşğul olan hüquq-mühafizə orqanları istintaqın nəticəsindən asılı olaraq müvafiq icra orqanlarına və komitəyə prosesual baxımdan ciddi əhəmiyyət kəsb edən təqdimatlar göndərəcək...

Sezmədiyimz bir cəhət də var. İnsan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə mərhələli şəkildə cəza humanistləşdirilsə də, cinayətkarlar humanistləşmirlər, davranışlarında insanlara mərhəmət və sevgi hiss olunmur.

Dünyada gedən humanizm islahatlarının əleyhinə deyiləm. Amma daha çox hərəkətlərinə sahib çıxa bilməyənlərə humanizmi aşılamaq lazımdır,onlar anlamalıdırlar ki, cinayət varsa, ona uyğun cəza da mütləq olacaq. Belə şəxslərin cinayət əməllərinin qurbanı daxilən hansı iztirablara məruz qalırsa, cinayətkara tətbiq olunan cəzanın da dərəcəsi ən azı elə bir həddə olmalıdır ki,çəkdiyi “ağrıların”nədən və nəyə görə olduğunu anlasın. Dövlət, ona mənsub zərərçəkmiş vətəndaşının qisasını,qatil vətəndaşından törətdiyi ictimai təhlükəli əməlin dərəcəsinə uyğun almalıdır ki, qisasa,təkrar cinayətə dəhliz açılmasın. Yalnız bu halda sosial ədalət bərpa oluna bilər və zərərçəkən də arxasında möhkəm dayağın-dövlətin olmasını görüb inanacaq...

Sonda:Dünyada “bakirə”cəmiyyət yoxdur. Hamımızın birgə yaşadığı və çalışdığı,qarşılıqlı əlaqədə olduğu bu cəmiyyətə görmədiyimiz və heç vaxt görə bilməyəcəyimiz “İblislər”və”şeytanlar” tərəfindən təcavüz edilib və edilir. Cəmiyyətin saflığı da çoxdan pozulub. Bu mənada bütün cinayətlər də mövcüd ictimai münasibətlərə qəsdlə müşayət olunur. Cinayətkarlıq klassik və pozitivist məktəbin nəzəriyyələri(Gedonist tərəfdarı-həyatın zövq və səfa üçün yaranmış olduğunu iddia edən qədim yunan nəzəriyyəsi) baxımından cəmiyyətin qorunmaq istədiyi,lakin qoruna və qaça bilmədiyi təcavüzün qurbanına çevrilməsidir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar