KİTAY ELƏ XƏTAYDIR...

İlhami Cəfərsoy 

Dünyanın ən böyük ölkələrindən birinə ruslar Kitay deyirlər. Əslində Kitay Çin səddinin şimalındakı üç ölkədən birinin adıdır. Kitay adı tarixi mənbələrdə Xitay, Xətay, Xatay, Kara Kitay variantlarında yazıya alınmışdır.

Mahmud Kaşğari yazır: “Çin adlanan ölkə üçdür. Yuxarı Çin, aşağı Çin, orta Çin. Orta Çinə Xətay da deyirlər” (MK IV. 2006. s. 726).

Kitay və ya Xətay qədim dünyanın elitar nəsillərindən biridir. Onlar Mancuriyadan Suriyaya qədər yayılmış, neçə-neçə dinlər, mədəniyyətlər yaratmış, dövlətlər qurmuşlar.

Mənim “Xətayi təxəllüsü” adlı yazım 20 il bundan qabaq “Elm və həyat” jurnalında dərc olunanda alimlərimizdən biri yazmışdı ki, Ərdəbil xətayları ilə Çin xətayları arasında əlaqələr axtarmaq uğursuz cəhddir.

Slavyanlar IX əsrə qədər Novqorodun şimalında yaşayırdılar. Onlar Don kazaklarını ruslaşdırıb onların köməyi ilə Sibiri tutdular, Yapon dənizinin sahillərinə gedib çıxdılar, ucqar bir liman şəhərinə Vladivostok adı verdilər.

Vladivostok şərqin hakimi, Vladimir dünyanın yiyəsi deməkdir. İndi kim deyə bilər ki, Sibir və ya Ural dağları rusların deyil? Tarixdə ayrı-ayrı xalqların yüksəlişi və çöküşü olur. Bir gün Rusiya çökəcək, bölünəcək. Xətayların qədim yurdu, Turan diriləcək, yüksələcək.

Orta Çində hakim olan xətaylar qurxan titulu daşıyırdılar. Həm Kitay qurxanları, həm Azərbaycan xətayları antropoloji əlamətlərinə görə bir-birinin eyni idilər. Onlar yüzillərlə başqa xalqlara qız vermir və başqa nəsillərdən qız almırdılar. Öz irqi özəlliklərini qoruyub saxlayırdılar.

İbn əl-Əsir yazır ki, Kitay qurxanları çox gözəldirlər. Onların qadınları da, kişiləri də yad adamların qarşısına üzüniqablı çıxırlar (Бартольд г.2, ч.1, 1965. s. 50).

Şah İsmayıl Xətayi də çox gözəl idi. Onu görən Avropa elçiləri yazırlar ki, bu cənab gözəldir. O qədər gözəldir ki, ailə üzvlərindən başqa heç kəsin qarşısına üzü niqabsız çıxmır. Avropa ölkələrinin diplomatları onu da diqqətə çatdırırlar ki, Şah İsmayıl çox güclüdür. Zahirən incə görünən bu adamda heç kəslə müqayisə olunmayacaq dərəcədə fiziki qüvvət var.

Ərdəbilə gələn elçilər yazırlar ki, bu cür qüvvətli bir adam insanlarla çox mülayim davranır, asta səslə danışır. Onun dostlarla münasibətində bir qadın incəliyi, düşmənlərlə rəftarında şimşək, ildırım qəzəbi vardır.

Kitay qurxanları, Ərdəbilin şeyxləri, Suriyanın müsəlman təriqət dərvişləri yalnız qol yox, həm də dil pəhləvanı idilər. Natiq, şair, rəssam, bəstəkar idilər. Onlar bütün bu dəyərlərlə bir şeyə çalışırdılar: hakimiyyətə. Güc az olanda dini, mənəvi hakimiyyətə, güc çox olanda siyasi hakimiyyətə can atırdılar.

Şəms Təbrizi də Xətay nəslindən idi. Ancaq onun fiziki gücü olmadığına görə insanların qəlbinə sehirli sözlərilə yol tapa bilirdi. Cəlaləddin Rumi onu torke-Xətayi, yəni Xətay türkü adlandırır.

Məra rahe səvabi bud qom şod,

Əz an torke-Xətayi mən, çe danəm?

Mən məqaləmdə Cəlaləddin Rumiyə, Sənan Azərə, Kitay qurxanlarının məktublarına istinadən sübuta yetirirdim ki, Xətai və yə Xətayi təxəllüs deyil, Şah İsmayıl Xətayinin nəslinin adıdır.

Sənan Azər “İran türkləri” kitabında yazır ki, Ərdəbildə və cıvarında 15 min, Təbrizdə 40 min Xətay ailəsi yaşayır. Şah İsmayıl Ərdəbildəki xətaylardandır (Sanan Azer 1942.s.8).

Sənan Azərin kitabının bir nüsxəsi AMEA-nın dördüncü mərtəbəsindəki oxu zalında saxlanırdı. Həmin zalı restavrasiya üçün İran səfirliyinə verdilər. Fondun çoxlu nadir nüsxələri ilə birlikdə Sənan Azərin kitabı yoxa çıxdı...

Xətayların monqolların və mancurların üzərində hökmran olan sülaləsi 5-6 yüz ildən sonra öz dilini unutdu, zahiri görkəmini dəyişdi. Sarışın saçlı, mavi gözlü irqdən qıyıq gözlü, qarabəniz bir irqə çevrildi. Azərbaycanda və Volqa boyunda isə XVI əsrə qədər qismən də olsa, öz etnik cizgilərini qoruyub saxlaya bildilər.

Xətayların bir hissəsi Azərbaycana Əmir Teymurun zamanında Suriyanın Xatay mahalından köçürülmüşdür. Türk ədəbi dilində “x” səsi olmadığına görə həmin mahalı Hatay adlandırırlar.

Xətaylar öz şeyxlərinin məsləhəti ilə Teymurdan icazə alıb, Azərbaycanda qaldılar. Təbrizdə, Ərdəbildə yurd saldılar.

İran tarixçiləri hər cür çalışırlar ki, onların türk mənşəyini şübhə altına alsınlar. Onlardan fərqli olaraq hələ XIV əsrdə Əbdürrəşid Bakuvi yazırdı ki, xətaylar türk xalqıdır (Бартольд т.1, 1963.s.393). Xətayların bir hissəsi də Krımda və Şimali Qafqazda yaşayırdı. K.Ş.Şaniyazova görə, onlar qıpçaq tayfasıdır (Шаниязов 1974.s.174). Əslində isə onlar qıpcaq deyildilər. Qıpçaqlara qoşulub Volqa və Don çaylarının arasına gəlib çıxmışdılar.

Xətayların başqalarından fərqlənən silahları, xalça çeşniləri var idi. Görkəmli xalçaşünas alim Lətif Kərimov həmin çeşniləri toplamış, Azərbaycan xətayları ilə Çin xətaylarının xalça sənətində çoxlu uyğunluqlar görmüşdür. Hər iki xalqın nəbati naxışları bir-birinin eynidir (Лятиф Керимов г.2, 1983.s.26,78).

Xətayların silahları da başqalarından fərqlənirdi. “Dastani-Əhməd Hərami”-də Xoca Rüstəm belə təsvir edilir:

Xətayi yay əlində, ox dolu kiş,

Bahadurluq ana olmuş idi iş.

(Dastani-Əhməd Hərami 2004, s.67).

Xətay etnonimi totem mənşəli olub, durnaya sitayişlə bağlıdır. Əbdürrəşid Bakuvi yazır: “Başqurd türk xalqıdır. Onların arasında Torna Xataylar adlı tayfa var. Onlar durnaya sitayiş edirlər” (Bakuvi 1992.s.147).

R.Q.Kuzeyev yazır ki, xətaylar başqurdlardan başqa Kazan tatarlarının, qazaxların və qaraqalpakların da mənşəyinə daxil olmuşlar (Кузеев 1974.s.126,193).

Xətayların bir nəsli də özünü Kitey adlandırır və qırğızların Buka ordasında yaşayırdı (Харузин 1889.s.27,45). N.Q. Volkova yazır ki, davakar Kitay-Qıpçaq tayfası Volqa və Don çayları arasında yaşayırdı. Onlar XVIII əsrin 20-ci illərində Krıma köçdülər (Волкова 1973.s.81).

Türk xalqlarının tarixini bir ölkə, dövlət, müəyyən coğrafi məkan daxilində öyrənmək istənilən nəticəni verə bilmir. Bu tarix ucsuz-bucaqsız Avrasiyada, Altay dağlarından Nil çayı vadisinə, Sibirdən Şotlandiyaya qədər geniş torpaqlarında öyrənilməlidir.

Xətay və ya kitaylar III-VII əsrlərdə mancurlar, VIII-IX əsrlərdə monqollar üzərində hökmran olmuşlar. Bundan çox qabaq eradan öncə II-I minilliklərdə onlar Anadoluda, Suriyada, Elamda yaşayır və Şumer dilinə qohum olan bir dildə danışırdılar.

Tarix yalnız qaliblərin təntənəsindən ibarət deyildir. Həm də qaliblərin faciəsindən ibarətdir. Biz bumeranqı, ox-yayı kəşf etməklə, atı əhliləşdirməklə dünyanın yarısını özümüzə tabe edə bildik. Ancaq öz səhvlərimiz ucbatından çox zaman o qələbələrdən bəhrələnə bilmədik.

Yeni dünya düzənində açıq və gizli hədəflərimizi düzgün müəyyən edə bilsək, ürəyimizdəki Turanı gerçəkliyə çevirə biləcəyik. Bir zaman Romadan keçən yolları Xəzər dənizi ilə Qara dənizin, Krım ilə Aralıq dənizinin arasından keçirə biləcəyik.

635x100

Şərhlər

t.ədalət 2021-06-15 11:32:37

Akademiyanın qədim əlyazmaları elə həmişə yadların əlində olub.Yadıma gəlir,Nizaminin məqbərəsini restavrasiya etmək ermənilərə tapşırılmışdı.ermənilər də şairin sür-sümüyünü aparıb Gəncədəki zirzəmilərin birinə atmışdılar.Akademiyada oğurlanan,itən azmı qədim əlyazmalar var?Elə indi də İsa Həbibbəylinin gəlişindən sonra Əli bəy Hüseyzadənin kimliyi təftiş olunur.

Son yazılar