Şuşa görüşü ermənilərin “bayraq günü”nə təsadüf etdi - “Belə getsə, erməni bayrağının yerində...”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və orada Azərbaycan prezidentilə keçirdiyi görüş Ermənistandakı siyasi qüvvələrin və erməni mətbuatının da gündəmindədir. Maraqlıdır ki, sosial şəbəkələr də daxil olmaqla, Ermənistanın bütün informasiya məkanında isterika ilə qarşılanan bu səfər ermənilərin hər il qeyd etdikləri “bayraq günü”nə təsadüf edir.

44 günlük müharibədəki layiq olduqları biabırçı məğlubiyyətdən sonra bütün bayramları matəmə dönən Ermənistanda “bayraq günü” də qətiyyən bayram əhval-ruhiyyəsində keçməyib. Seçki kampaniyasının ən qızğın dövrünə təsadüf edən bu günlərdə müxalifət Nikol Paşinyana qarşı kampaniya aparmaq üçün bütün fürsətlərdən istifadə edir və “bayraq günü” də bu baxımdan istisna təşkil etməyib.

Belə ki, Paşinyanın əsas rəqibi sayılan Robert Koçaryanın rəhbərlik etdiyi blokun aparıcı nümayəndələrindən biri, “Dirçələn Ermənistan” partiyasının sədri Vaqe Akopyan seçicilər qarşısında çıxış edərkən “bayraq günü” barədə danışıb və Ermənistan byrağının hazırda ən acınacaqlı günlərini yaşadığını bildirərək, buna görə Nikol Paşinyan hökumətini günahlandırıb.

O, deyib ki, hətta hakim partiyanın seçki plakatlarında da Ermənistan bayrağı cırılmış, cırmaqlanmış formada təsvir olunub: “Bunlar bir az da hakimiyyətdə qalsalar, erməni bayrağının yerində Türkiyə və Azərbaycan bayraqları olacaq. Bu gün “bayraq günü”dür. Və o(Paşinyan-red.), Sünikə (Zəngəzur-red.) 1500 xüsusi avadanlıqla təchiz olunan polislə gedir. Mən ümid edirdim ki, bu ordu Sevliç (Qaragöl-red.) istiqamətinə yollanacaq. Amma yox, sadəcə o, Sünikdə orduyla dolaşır...”

Ümumiyyətlə, Ermənistandakı revanşist kəsim tərəfindən Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa görüşünün hansı hislərlə qarşılandığını xüsusi şərh etməyə ehtiyac yoxdur. Həmin görüşün ermənilərin “bayraq günü” ilə eyni tarixə düşməsi isə kifayət qədər simvolik xarakter daşıyır...

Cəlal

“AzPolitika.info” 

635x100

Şərhlər

Xalq 2021-06-15 20:58:27

"dirçəlirsən" haaa karapet!

Son yazılar