Menu

Lukaşenko geri çəkildi - Raman Prataseviç və sevgilisi ev dustaqlığına buraxıldı

25.06.2021, 15:18
Lukaşenko geri çəkildi - Raman Prataseviç və sevgilisi ev dustaqlığına buraxıldı

Belarus hakimiyyətinin qalmaqallı şəkildə həbs etdiyi bloger, jurnalist Raman Prataseviç və sevgilisi Sofiya Sapeqa məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. Bu barədə onların valideynləri jurnalistlərə məlumat veriblər.

Dmitri Prataseviç iyunun 25-də BBC-yə deyib ki, Belarus hakimiyyətinin niyə belə addım atdığını anlamır, bunun hansısa siyasi oyun ola biləcəyini düşünür.

“Vəkil, hakimiyyət bir söz demir. Məhdudiyyət dəyişdirilsə, bu, onların yaşam şəraitinin yaxşılaşması deməkdir. Əks halda, sonra nə baş verəcəyi bəlli deyil”, – o deyib.

Sapeqanın atalığı da qızının ev dustağı edildiyini, Minskdə kiçik mənzildə tək yaşadığını təsdiqləyib.

“Biz şokdayıq”, – Sergey Dudiç BBC-yə bildirib.

Xatırladaq ki, mayın 23-də Belarus hakimiyyəti "Ryanair" hava yolları şirkətinə məxsus təyyarəni qırıcının müşayiətilə zorla Minskə endirib. Sonra güc strukturları müxalif bloger Prataseviçi və onun rusiyalı sevgilisi Sapeqanı həbs ediblər.

Avropa Birliyi insidentə cavab olaraq iyunun 24-də Belarus iqtisadiyyatının əsas sektorlarına, avtoritar lider Aleksandr Lukaşenko rejiminin böyük gəlir mənbələrinə sanksiyalar açıqlayıb. Buraya potaş gübrələrinin ixracı, tütün sənayesi, neft və neft-kimya məhsulları daxildir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol