Milli Məclisin dünən - 25 iyun 2020-ci ildə keçirilən iclasında millət vəkili Etibar Əliyev Azərbaycan Milli Ensiklopediyasının hazırlanması zamanı yol verilən ciddi nöqsanlardan danışıb. “AzPolitika.info” deputat Etibar Əliyevin həmin çıxışının mətnini təqdim edir:
Məlumdur ki, Ensiklopediya ölkələrin alim potensialının səviyyəsinin göstəricisidir. İngilislər “Britannika”, fransızlar “Laruss”, italyanlar “İtalyana”, ruslar “Bolşaya Rossiyskaya Ensiklopediya” ilə öyünürlər. 2004-cü ildə Prezident İlham Əliyevin ensiklopediya ilə bağlı keçirdiyi məşhur müşavirə yaddaşlardan silinməyib. Həmin müşavirə onu göstərdi ki, Prezident mükəmməl bir ensiklopediyanın tərtib olunmasında son dərəcə maraqlıdır.
Bu məqsədələ Dövlət başçısı "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", həmçinin Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzinin yaradılması haqqında" sərəncamlar imzaladı. Sual olunur, cəmiyyətimizin həsrətlə gözlədiyi Milli Ensiklopediyanın hazırlanması işi nə yerdədir?

17 ildə cəmi 8 cildin işıq üzü görməsi onu göstərir ki, işlər yaxşı getmir. Dünyada çap olunmuş bütün ensiklopediyaların əsas xarakteristikası bunlardır: məqalələrin, məlumatların, bioqrafiyaların dolğunluğu, orijinallığı və yığcamlığı, orijinal illüstrasiyalar, müəllif hüquqlarının qorunması, materialların yeniliyi və s.
Ancaq burada ən mühüm məsələ plagiatlıqla bağlıdır. Ensiklopediyanın plagiat olması onun hazırlanmasına cavabdeh olan şəxslərin məsuliyyətsizliyinə, bacarıqsızlığına, naşılığına dəlalət edir. Azərbaycan Milli Ensiklopediyası təəssüf ki, plagiatlıqla çox "zəngindir".
Məqalələr bioqrafiyalar məlum bir ensiklopediyadan olduğu kimi köçürülür və orijinaldan olan müəlliflərin adları göstərilmir, mənbələr göstərilmir, məqalə müəlliflərinin adları dəyişdirilir başqa adlar yazılır. Texnika, təbiət elmlərinə aid anlayışlar başa düşülmür. Mən bütün bunları istənilən yerdə sübut etməyə hazıram. Təsəvvür edin, Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin həyatı Ensiklopediyaya düşüb.
“Ekzistensializm” anlayışını varlıq haqqında təlim kimi göstəriblər. 8-ci cild səh 476. Biabırçılıqdır. Cənab ensiklopedistlər “varlıq” haqqında təlim ontologiyadır.
Rusiya da daxil olmaqla dünyanın əksər ölkələrində Ensiklopediyaların hər bir cildinin çapı bayrama çevrilir. Kitab mağazalarında növbələr yaranır. Bizdə isə milyonlar xərclənən ensiklopediyaların cildləri kitab mağazalarında tərpənməz olaraq qalır. İstifadə əmsalı çox aşağı səviyyədədir. Elm sahələri üzrə məqalələr, elmi cərəyanlar, müəlliflərin əsərləri, anlayışlar, bioqrafiyaların böyük əksəriyyəti, ölkələr haqqında məlumatlar köçürülürsə, onda yerdə nə qalır?
Fikrimcə, tez bir zamanda yol verilən qüsurlar aradan qaldırılmalıdır. Ensiklopediya işi məsuliyyətli və çətin işdir. Burada işi bilməyənlər kənara çəkməlidirlər”.


Şərhlər