“BU CİNAYƏTKAR-SEPARATÇI QURUMU MƏHV ETMƏLİYİK!” - “90 min azərbaycanlı öz evinə qayıtsa, ermənilər ayaq altında qalacaq...”

“Rus sülhməramlıları əslində sülhməramlı adı altında ərazimizdə kök salan cinayətkar-separatçı rejimlə və qanunsuz silahlı birləşmələrlə əməkdaşlıq edir”

Ötən həftə Rusiya Qarabağ məsələsində xüsusi fəallığı ilə diqqəti cəlb etdi. Prezident Vladimir Putin illik mətbuat konfransında Rusiyanın problemlərini “unudaraq” Qarabağla bağlı bəyanatlar verib, müharibədən sonra “Dağlıq Qarabağda” yaşayan ermənilərin təhlükəsizliyi ilə yanaşı həyat səviyyəsinin düzəldilməsinin vacibliyini vurğulayıb.

Bu açıqlamadan qısa müddət sonra Putinin Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı olub və yenidən diqqət Qarabağa yönəldilib. Rusiya Fransadan bu əraziyə humanitar yardım ayırmağı, sərmayə qoymağı "xahiş edib".

Rəsmi Bakı isə bütün bu addımlara rəğmən 15 erməni diversantını İrəvana yollamaqla Zəngilan və Füzulinin minalanmış ərazilərinin xəritələrini əldə edib. Bu proses də Rusiyanın təşəbbüsü ilə baş tutub.

"AzPolitika.info" bu mövzular ətrafında Milli Məclisin deputatı, Xocalı rayonunun sabiq icra başçısı Elman Məmmədovla söhbətləşib. Müsahibəni təqdim edirik: 

- Elman müəllim, Azərbaycan daha 15 diversantı Ermənistana verməyin qarşılığında Füzuli və Zəngilan rayonlarının minalanmış ərazilərinin xəritəsini əldə etdi. Təxmini 92 min minanın basdırıldığı yerlərin xəritəsinin alınmasında vasitəçi kimi çıxış edən Rusiyadır. Siz bu prosesi necə qiymətləndirirsiniz?

- Mina xəritələrinin alınması bizim üçün çox vacibdir. Ərazilərimizin minalardan təmizlənməsi, xüsusilə geri qayıdacaq insanların təhlükəsizliyinin təmin edilməsi baxımından xəritələri əldə etmək vacibdir. Əvvəl Ağdamın xəritəsini aldıq, idi Zəngilan və Füzulinin xəritələrini almışıq. Cinayətkar ermənilər bu xəritələrin verilməsinə əvvəlcə etiraz edirdi. İndi qarşılıqlı şərtlər əsasında buna nail oluruq. Tarixən dövlətlərarası müharibələr zamanı müəyyən şərtlər daxilində belə dəyişmələr baş verib. Son 7-8 ay ərzində bəlli oldu ki, nə bunlar xəritələri könüllü təhvil vermirlər, nə də Rusiya vasitəçi dövlət kimi onlardan bu xəritələri ya ala bilmir,ya da almaq istəmir. Birmənalı olaraq Rusiyanın Ermənistandan minalanmış ərazilərin xəritəsini ala bilmədiyini iddia etmək səmimi çıxmazdı. Yəqin ki, rusların da bu alış-verişdə öz məqsədləri var. Üstəlik, beynəlxalq təşkilatlar var ki, onlar bu məsələdə səlahiyyət sahibidir. Məsələn, BMT. BMT-nin strukturları var ki, onlar müharibə cinayəti hesab olunan minalanmış ərazilərin xəritəsinin verilməməsi ilə bağlı tədbir görə, Ermənistanı buna məcbur edə bilərdilər. Təəssüflər olsun ki, onlar son 28 ildə Ermənistanı işğal edilən ərazilərdən çıxmağa, BMT qətnamələrinin yerinə yetirilməsinə məcbur etmədikləri kimi, indi də xəritələr məsələsində də eyni oyun oynadılar. Azərbaycan da məcbur olaraq bu xəritələri əldə etmək üçün müəyyən addımlar atdı. Başqa sözlə, bizim üçün insanlarımızın təhlükəsizliyi, onların həyatı daha vacibdir. Müharibə başa çatdıqdan indiyə qədər işğaldan azad edilən ərazilərdə çoxlu sayda hərbçimiz və mülki şəxslər minaya düşüblər. Bunların qarşısı alındı. Yaxın dövrdə məcburi köçkünlərin kütəvi qayıdışı olacaq. Nəzərə alın ki, hazırda ərazilərin minalardan təmizlənməsi həm vaxt, həm maliyyə, həm də insan həyatı tələb edir. Bütün bunlar cənab Prezidentin nəzarətində olan məsələlərdir və bu addımları düzgün qiymətləndirmək lazımdır. 92 min mina xəritəsinin əldə edilməsi nə qədər insanın həyatının sığortalanması deməkdir. Biz, müharibədə onsuz da kifayət qədər erməni məhv etmişik. Geri verilən 14-15 erməninin zərərsizləşdirilməsilə işimiz düzəlmir. Əlbəttə, erməni cinayət törədibsə, hərbi əsir deyilsə və müharibədən sonrakı dövrdə təxribatçı kimi ərazimizə daxil olubsa, sözsüz ki, Azərbaycan qanunları əsasında cəza almalı, cəzalarını çəkməlidir. Ancaq müəyyən şərtlər yarananda güzəştə getmək olar... 92 min mina heç kimə zarafat gəlməsin. Nəzərə alın ki, bu ərazilər həm də dağlıq, dağətəyi ərazilərdir. Burada mina təmizləmək də çətin prosesdir. Mən hesab edirəm ki, bu düzgün dəyişmə oldu.

- Müharibənin nəticələri və ondan sonrakı 8 ay ərzində baş verənlər göz önündədir. Delimitasiya, Ermənistan ordusunun Qarabağı tərk etməsi və tərəflər arasında sülh müqaviləsinin imzalanması kimi məsələlər həllini tapmalıdır. Bu kontekstdə siz Azərbaycan, Ermənistan və Rusiyanın mövqeyində hansı dəyişiklikləri müşahidə edirsiniz?

- Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan öz ərazilərini tamamilə düşməndən təmizləyəcək. Öz ərazimizdə 30 ildir fəaliyyət göstərən saxta və cinayətkar separatçı qurum bu gün də işləyir. Onlar bu gün də faktiki fəaliyyət göstərirlər, Araik Arutyunyan adlı "prezidentləri" var, bir dəstə cinayətkar strukturları, silahlı dəstələri var. Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmək üçün bu cinayətkar qurumdan təmizlənməlidir. Yəni həmin cinayətkar-separatçı qurum məhv edilməlidir. Onlara məxsus olan silahlı birləşmələr, terrorçular, diversantlar və digər cinayətkarlar zərərsizləşdirilməlidir. Onlar Azərbaycan ərazilərindən çıxarılmalı, təmizlənməlidir. Yəni, ya məhv edilməli, ya da cəzalarını almalıdır. Bu, birmənalıdır. Nə qədər ki, bu baş verməyib, Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi bir az sual altında olur. Çünki ərazimizdə separatçı-cinayətkar qurum və ona məxsus qanunsuz silahlı birləşmələr var. Onlar bu gün Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonları ərazisində və Xankəndində mövcuddur. Bu bizə də, dünyaya da məlumdur. Biz onların kökünü kəsməli, onları ərazimizdən təmizləməliyik. Mən belə düşünürəm ki, Azərbaycanın mövqeyi belədir.

Ermənistanın mövqeyinə gəldikdə, deyim ki, onlar murdar niyyətlərindən əl çəkmir, belə fikirlərinin olduğu da görünmür. Əgər belə murdar niyyətlərindən əl çəkmək istəyində olsalar, bu gün bizim ərazimizdə Ermənistana aid silahlı birləşmələrin müəyyən qruplaşmaları qalmaz. Ermənistan bizim ərazilərimizdə hərbçi saxlayır. Üstəlik, revanşist fikirlər səsləndirilir, Qarabağla bağlı qanunazidd və bizim əleyhimizə olan fikirlər deyilir. Ermənistan bu mövqeyindən - ərazi iddiasından əl çəkməyib.

Rusiyanın mövqeyinə gəldikdə, deyim ki, bu ölkə sülhməramlı məsuliyyətini üzərinə götürüb. Rus sülhməramlı kontingenti ərazimizə daxil olandan bu günə qədər separatçı qurumun müdafiəsi, onun təhlükəsizliyinin təmin olunması, fəaliyyətinin davamlı olması ilə məşğuldur, onlara şərait yaradır. Və ərazimizdə mövcud olan separatçı qurumun qanunsuz silahlı dəstələri və Ermənistan ordusunun orada mövcud olmasına şərait yaradır, onlarla əməkdaşlıq edir, təminatlarını həyata keçirir. Çünki onlar harada yerləşibsə, təminatı da olmalıdır. Ərzaq, yanacaq, silah-sursat və digər təminatlar olmalıdır. Bunlar haradan gəlir? Laçın dəhlizindən. Laçın dəhlizinə kim nəzarət edir? Rusiya sülhməramlıları. Deməli, məntiqi olaraq deyə bilərik ki, rus sülhməramlıları əslində sülhməramlı adı altında ərazimizdə kök salan cinayətkar-separatçı rejimlə və qanunsuz silahlı birləşmələrlə əməkdaşlıq edir. Bu fakt ortadadır. Onlar, Rüstəm Muradov başda olmaqla, sülhməramlıların gözü önündə fəaliyyət göstərir və sülhməramlılarla əməkdaşlıq edirlər. Gündəlik görüşləri olur, onların bütün problemlərini sülhməramlılar həll edir.

Bu yaxınlarda cənab Putin illik mətbuat konfransı zamanı Qarabağdan bəhs edərək elan etdi ki, orada yaşayanların həyatlarının normal hala gətirilməsinə çalışmalı, buna şərait yaratmalıyıq. Bəli, edirlər. Kimə? Ermənilərə! Rusiya sülhməramlıları ərazimizə daxil olan gündən həmin ərazidəki ermənilərin problemləri ilə məşğuldur. Yaxşı, Rusiyanın yadından çıxıb ki, həmin ərazidən məcburi köçkün olan əhalimizin sayı 90 mini keçib? Biz də o ərazilərin sakiniyik. Bizim ora qayıtmağımız haüda niyə düşünmürsünüz? Bu 28 il ərzində bizə niyə belə humanitar yardımlar, köməklik etmirdiniz? Mənim Xocalıdakı evimdə bu gün erməni yaşayır. Eləcə də digər xocalıların, ağdərəlilərin, xocavəndlilərin evlərində. Niyə mənim evimi boşaltdırıb evimə qayıtmağımı təmin etmirsən, ancaq mənim evimə erməni gətirib yığırsan ki, burada yaşa, təhlükəsizliyini mən təmin edirəm?! Bu da Rusiyanın mövqeyidir. Belə çıxır ki, Rusiya həmin saxta qurumun mövcudluğuna təminat verir və şərait yaradır.

- Bu üç fərqli, ziddiyyətli mövqedən sonra gəlinən nəticə nədir?

- Nəticə ondan ibarətdir ki, belə gedişatla Azərbaycanın yeganə çıxış yolu var: Azərbaycan özünün ərazilərini düşməndən, separatçı qurumdan, qeyri-qanuni silahlı birləşmələrdən və terrorçulardan təmizləmək üçün heç kimdən soruşmadan, öz konstitusiyasına uyğun Silahlı Qüvvələrindən istifadə edərək, anti-terror əməliyyatlarına başlamalı və ərazisini cinayətkarlardan təmizləməlidir. Bu, bizim konstitusion hüququmuz, səlahiyyətimizdir. Biz bunu etməliyik və edəcəyik də. Çünki görürük ki, müharibədən sonra bu istiqamətdə nə beynəlxalq qurumlar, nə də Rusiya sülhməramlıları heç bir iş görmək fikrində deyillər. Əksinə, işğalçıların və cinayətkarların həmin ərazilərdə sərbəst fəaliyyət göstərməsinə şərait yaradırlar. Demək onların bu hərəkətləri Azərbaycanı məcbur edir ki, hərəkətə keçsin.

- Dediniz ki, həmin ərazilərə 90 min azərbaycanlı qaytarılmalıdır...

- Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində - vətənimizdə erməni soyqırımına məruz qalanda, öldürüləndə və nəticə olaraq məcburi köçkün düşəndə sayımız 60 minə qədər idi. Mən sizə 1992-ci ildən bəhs edirəm. Bu gün Azərbaycanda əhalinin artımı göz önündədir. 1992-ci ildə bizdə əhalinin sayı heç 8 milyon nəfərə çatmırdı, ancaq bu gün sayımız 10 milyonu keçib. Bu 10 milyona çatma artımının içərisində həmin ərazilərdən olan azərbaycanlıların sayı 90 min nəfərdən çoxdur. Bu statistika Şuşa, Xocalı, Xocavənd və Ağdərəyə aid olan əhalinin sayını aparan icra hakimiyyətlərində, Qaçqınkom-da və Statistika Komitəsində də var. Bizim sayımız bu gün 90 mini keçib və öz doğma yurd-yuvamıza qayıtmalıyıq. Yeri gəlmişkən, 1989-cu ildə SSRİ-də əhalinin siyahıya alınması həyata keçirilib. Bu siyahıya alınmaya əsasən, o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin əhalisi 180 min nəfərə qədər göstərilirdi. Bu rəqəmləri o zaman ermənilər təqdim edirdi. Çünki bütün vəzifələrdə onlar idi. Onların məlumatına görə, 180 minə qədər əhalinin 130 minə yaxını ermənilər, yerdə qalan rəqəm isə bir neçə azlıqlar olmaqla, əsasən azərbaycanlılardan ibarət idi. Amma bu gün vəziyyət necədi? Azərbaycan Prezidenti haqlı olaraq bu rəqəmi bir neçə dəfə səsləndirib. Bu gün Dağlıq Qarabağda 35-40 min arasında erməni yaşayır. Yəni ermənilərin və onlara həmin ərazidə yaşamaq üçün şərait yadanların qorxduğu ondan ibarətdir ki, 90 mindən çox azərbaycanlı öz yurd-yuvasına qayıtdıqdan sonra ermənilər ayaq altında qalacaq. Onları qorxudan budur.

- Elman müəllim, yola saldığımız həftə daha bir maraqlı görüş Rusiya Prezidenti Putinlə Fransa Prezidenti Makron arasında telefon danışığı baş tutdu. Rusiya tərəfi Fransaya müharibədən sonrakı dövrdə əraziyə humanitar yardım göstərməyi, kapital qoymağı təklif edib. Müzakirələrlə bağlı yekun açıqlamada Fransanın “münaqişənin həllinə daha sıx cəlb edilməsi” istəyi ifadə olunub. Sizcə, yeni rus-fransız yanaşması nələri nəzərdə tutur?

- Bütün bunları birbaşa Azərbaycanın əleyhinə olan görüş və çağırışlar kimi qəbul edirəm. Çünki hər iki dövlət bu gün deyil, tarixən ermənipərəst mövqeyi ilə fərqlənib. Fransa və Rusiya tarix boyu ermənilərin müdafiəçisi kimi tanınıb. I Dünya Müharibəsi zamanı Fransa ordusunun tərkibində Osmanlı İmperiyasına qarşı 30 minlik erməni legionu iştirak edib. Eləcə də Rusiya ordusu tərkibində. Bu iki dövlət ermənilərə söz vermişdi ki, siz Osmanlı içində üsyan qaldırın, biz sizə Osmanlıda Ermənistan dövləti yaradacağıq. 200 il ərzində bu zir-zibil töküntüsünü İran və Türkiyədən köçürüb bizim tarixi ərazilərimizdə məskunlaşdıran dövlətlər də məlumdur. Onlara dövlət yaradanların da kim olduğu məlumdur. Fransanın da mövqeyi son 30 ildə bir daha ortaya qoyulub. Makron, az qala ermənilərdən daha çox ermənilik etməklə məşğul oldu. Ona görə də onların Qarabağı müzakirə etməsi və humanitar yardın haqda fikir söyləmələri ermənilərlə bağlı məsələdir. Yəni erməniləri qoruyaq, onlara şərait yaradaq və yenidən gücləndirək Azərbaycana qarşı problemlər yaratsınlar. Mən bu müzakirələrdən xeyirli bir şey görmürəm.

Rasim ƏLİYEV

"AzPolitika.info"

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Oxucu 2021-07-07 22:06:28

Ermənilərnən qohum olanları heç bir vəzifəyə təyin etmək olmaz ?

Əski qarabağlı 2021-07-07 08:48:22

Cənab Qarabağ DEPUTATI, biz separatçı qurum üzərində ZƏFƏR çalmışıq, yoxsa onun müdafiəsini Kreml hərbi tərəfdaşı ilə gücləndirmişik?

t.ədalət 2021-07-06 13:17:18

Biz birinci arvadı erməni olanlardan qurtulmalıyıq."Rahatlığını" erməni qadınlarında tapan kjişilərin vətənpərvərliyi dırnaqarası olur.

tofiq abdulov 2021-07-06 12:41:22

daha get otur pensiyani al

Niyaməddin 2021-07-05 23:44:04

Elman müəllim, 90000 azərbaycanlını rus ayılarının üzərinə göndərmək lazımdır ki, Qarabağımızdan cəhənnəm olub getsinlər... Türk ordusu Azərbaycana daxil olmalıdır!

boris 2021-07-05 21:32:50

Rusiya cəzalanmalıdır,onlar kimdir ki,Azərbaycan ərazisinə xarici investor cəlb edir

Oxucu 2021-07-05 17:38:22

Bu Elman Məmmədov kreslodan nə vaxt əl kəçəcəkdir ?

turan 2021-07-05 16:53:08

ruslar öz əsgərlərinin saxlamaq pulunu da makaronunvə yuxulunun boynuna qoymaq üçün hərəkətə keçiblər.pul sizdən , xərcləmək bizdən. ən ağıllı siyasət

Son yazılar