"Ölkə başçısının Azərbaycan Ordusunda struktur islahatlarının aparılması və onun say tərkibinin artırılması istiqamətində tapşırıqlarına əsasən kadr orqanlarının üzərinə mühüm vəzifələr düşür".

Bunu Müdafiə nazirinin 2021-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin kadr işləri üzrə heyətlərinin təlim-metodiki toplanışında çıxışı zamanı nazir müavini general-leytenant Kərim Vəliyev deyib.

O, kadr islahatlarının daha səmərəli aparılması üçün yeni texnologiyalardan istifadə olunacağını bildirib: "Şəxsi heyətin yerləşdirilməsinin, rotasiyasının, kadr islahatlarının daha çevik və səmərəli təşkil olunmasına imkan yaradacaq yeni layihələr hazırlanır. Bu sahədə görülən bütün işlər hərbi qanunvericilik aktlarının tələblərinə uyğun olaraq təşkil olunur".

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov ötən il ərzində kadrların komplektləşdirilməsi ilə bağlı görülmüş işlərdən, cari ildə qarşıda duran vəzifələrdən danışıb, kadrların idarə edilməsində əldə olunan nailiyyətlərdən və kadr idarəetmə sisteminin daha da təkmilləşdirilməsindən söz açıb. Vurğulanıb ki, kadrların idarə edilməsi prosesinin təkmilləşdirilməsi, kadr potensialının keyfiyyətinin daha da yüksəldilməsi Müzəffər Ali Baş Komandanın şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların layiqincə yerinə yetirilməsinə xidmət edir.