“Onların hamısı Amerikanın quludur”
Oktyabrın 9-da üçüncü dəfə Azərbaycan prezidenti seçilən İlham Əliyevə ABŞ-ın ali hakimiyyət instansiyasından – prezident Barak Obamadan təbrik gəlməyib. “Media forum” saytının bu məsələ ilə bağlı sualını cavablandıran hakim Yeni Azərbaycan Partiyasından deputat Siyavuş Novruzov deyib: “BMT-nin 200-ə yaxın üzvü var. Bu dövlətlərin hamısı, kiçikliyindən-böyüklüyündən asılı olmayaraq, dünya birliyində bərabər hüquqla təmsil olunur. Hər kəsin də bir səsi var. Ona görə də hansı dövlət cənab prezidenti təbrik edib, sağ olsun, təbrik eləməyənlər də özü bilər, bunun bizə heç bir dəxili yoxdur.
“Barak Obamadan təbrik gəlməyib” kimi məsələləri ayrı-ayrı siyasətçilər, ekspertlər qaldırır. Onların hamısı Amerikanın quludur, ağasına xidmət edən şəxslərdir. Hansısa ölkə təbrik edə bilər, hansısa yox. Bunun seçkiyə nə aidiyyəti var axı?
Hansısa ölkə Amerikanı özünə böyük qardaş, ağsaqqal və rəhbər hesab eləyə bilər. Azərbaycan isə müstəqil dövlətdir, özünün müstəqil siyasətini aparır. Azərbaycanın böyük qardaşı yoxdur. Özü elə böyük qardaşdır”.


Şərhlər