Deputat iki rayonda xeyriyyə aksiyası keçirib, sakinlərlə görüşüb - FOTOLAR

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov növbəti xeyriyyəçilik aksiyası çərçivəsində Siyəzən və Şabran rayonlarının bir neçə kəndinə gedərək şəhid ailələri, qazilər və aztəminatlı ailələrlə görüşüb, onları Qurban bayramı münasibətilə təbrik edib.

Xeyriyyəçilik aksiyasında iştirak edən “Avrasiya.net”-in əməkdaşı xəbər verir ki, millət vəkili, YAP-ın Siyəzən və Şabran rayon təşkilat rəhbərlərinin iştirakı ilə əvvəlcə Siyəzən rayonun Zarat, Böyük Həmyə, Yenikənd, Sadan və Eynibulaq kəndlərində camaatla görüşüb. S.Qurbanovun təşəbbüsü ilə adıçəkilən kəndlərin hər bir məscidində kəsilən qurbanlar şəhid ailələri, qazilər, müharibə iştirakçıları və aztəminatlı ailələrə paylanılıb. Eyni zamanda Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub, qazilərimizə və müharibə iştirakçılarına Allahdan cansağlığı arzulanıb.

Daha sonra S.Qurbanov Yenikənd kəndində "Şəhid guşəsi"ni ziyarət edib. Zarat və Yenikənd kənd sakinləri ilə görüşdə millət vəkili onların sosial problemləri ilə maraqlanıb. Səmimi keçən görüşlərdə sakinlər millət vəkilinə onların problemlərini diqqətdə saxlayıb həllinə çalışdığına görə minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, təkcə əlamətdar gün və bayramlarda deyil, S.Qurbanov həmişə onları yad edib, sosial problemləri, yaşam tərzləri ilə maraqlanıb. Kəndlərin böyük problemlərinin həllində əlindən gələni əsirgəməyib. Elə zamanlar olub ki, millət vəkili ayrıca olaraq hər bir kənd sakinin qapısını döyərək onun qonağı olub.

Siyəzən səfərinin sonunda millət vəkili Ağbaş kəndində yolun tikintisi ilə tanış olub. Burada da kənd əhli millət vəkilini mehribanlıqla qarşılayaraq onunla həmsöbət oldu. Müqəddəs Qurban bayramında kənd sakinlərinin görüşünə gəldiyinə görə millət vəkilinə təşəkkürlərini bildiriblər.

Günün ikinci yarısında S.Qurbanovu Şabran rayon Baş Əmirxanlı kənd sakinləri gözləyirdilər. Burada yaşı 100-ə yaxın olan kənd məscidinin bərpasından sonra açılış mərasimi və ilk azan səsləndiriləcəkdi. Məscidin həyətinə yığışan kənd əhli S.Qurbanovu səmimiyyətlə qarşılayıb. Baş Əmirxanlı, onun ətrafındakı kəndlər də millət vəkilinə doğmaydı. Millət vəkili ora yığışanların hər birini ayrı-ayrılıqda tanıdı. Əvvəlcə S.Qurbanova illərdir qaz üzünə həsrət qalan Əmirxanlı kəndinin qazlaşdırılmasında göstərdiyi köməkliyə görə minnətdarlıqlarını bildirdilər. Sonra kəndin su problemi olduğunu millət vəkilinin diqqətinə çatdırdılar. Millət vəkili bu problemin də həllinə səy göstərəcəyinə söz verdi. Burada da millət vəkili ilə sakinlər arasında səmimi söhbətlər oldu. Bərpadan sonra məscidə baxış keçirildi.

Daha sonra millət vəkilinin iştirakı ilə bərpa olunan məsciddə namaz qılındı. Bayram günündə bütün şəhidlərin ruhlarına dualar oxundu. Namaz qılındıqdan sonra da millət vəkili sakinlərlə ayaqüstü söhbətlərini davam etdirdi. Hər birinin ayrıca dinlədi, qeydiyyat aparıldı. Kənd ziyalılarından olan Yavər İbrahimov kəndin sosial problemlərinin həllində öz köməkliyini göstərən və hər bir kənd sakininə qayğı və diqqətini əsirgəməyən S.Qurbanova kənd camaatı adından yenidən təşəkkürünü çatdırdı. S.Qurbanov və onu müşayiət edən rəsmilər, media nümayəndləri Baş Əmirxanlıdan sonra Ceyranlı kəndində İkinci Qarabağ Müharibəsində şəhid olan Sahil Babayevin doğulduğu evi ziyarət etdilər. Şəhidin atası Çoşqun kişi də hər dəfə şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə S.Qurbanova təşəkkürünü bildirdi. S.Qurbanov şəhidin ata evində çay süfrəsinin qonağı oldu.

Yeri gəlmişkən, onu da qeyd edək ki, S.Qurbanovun təşəbbüsü ilə kəsilən qurban payları məscidə toplaşanlara paylanıldı. Eyni zamanda ətraf kənddən olan şəhid ailələri də yaddan çıxmadı.

Ceyranlı kəndindən sonra növbəti dayanacaq Padar kəndi oldu. Əsas məqsəd millət vəkilinin təşəbbüsü ilə çəkilən asfalt yola baxış idi. Mərkəzi yoldan təxminən 500 metr kəndə gedən yol tamamilə yeni asfaltla örtülmüşdü, maşınlar rahat gedib-gəlirdi. İlk dayanacaq kənd orta məktəb oldu. Məktəbin həyətində salınan bağ qonaqları valeh etdi. S.Qurbanovun kəndə gəldiyi xəbərini eşidənlər onun görüşünə gəldilər. Burada da sakinlər millət vəkilinin fəaliyyətindən razı qaldıqlarını bildirdilər. Məktəbin direktoru Akif Fərmanov qeyd etdi ki, hələ sovetlər dönəmindən bu vaxtadək Padar və Bor-bor kəndlərinin yolu asfalt üzü görməyib. S.Qurbanovun təşəbbüsü ilə kəndin yolu asfaltlanıb. Bu da kənd camaatını böyük sevincinə səbəb olub. Ona görə də kənd əhli millət vəkilindən razıdırlar və onun kəndə hər gəlişi sakinlər üçün bayramdır.

Lakin yolun körpüyə çatmamış 400 metr uzunluqda hissəsinə asfatl döşənmədiyi də millət vəkilinin nəzərinə çatdırıldı. Hansı səbəbdən işin yarımçıq qaldığının bilinmədiyi söylənildi. Millət vəkili sakinlərlə birlikdə həmin əraziyə getdi, problemlə yerindəcə tanış oldu. S.Qurbanov elə oradan, sakinlərin yanında lazımı orqanlarla əlaqə yaratdı və problemi onların diqqətinə çatdırdı. Yolun qalan az bir hissəsinin də tezliklə təmir ediləcəyini və buna görə narahat olmamalarını bildirdi...

... Beləcə, iyulun 20-də Qurban bayramının ilk günündə millət vəkili S.Qurbanovun Siyəzən və Şabranda bir neçə kəndin sakinləriylə keçirdiyi bayram görüşü başa çatdı.

635x100

Şərhlər

esger 2021-07-21 21:34:00

Şəkillərə baxanda, əsas birinci fotonun arxa mənzərəsi və insanlarin bu tədbirə maragö onların simalarında əks olunur Şərhə ehtiyac yoxdur

Son yazılar