Menu

“Hər yerdə COVİD-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılsın” - Deputat

27.07.2021, 14:36
“Hər yerdə COVİD-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılsın” - Deputat

Nazirlər Kabineti yanında Operativ Qərargahın açıqladığı yeni qaydalara görə, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər qapalı məkanda fəaliyyət göstərən ictimai iaşə müəssisələri, mehmanxanalar və iri ticarət mərkəzlərindən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə biləcəklər.

Qərarı şərh edən deputat Vüqar Bayramov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əhali arasında vaksinasiya səviyyəsinin ən azı 65 faizdən çox olduğu halda əvvəlki normal həyata qayıtmağın mümkünlüyü qənaətindədir. O, xatırladıb ki, Operativ Qərargahın məlumatına görə, indiyədək 4 milyon 564 min peyvənd aparılıb: "Hər iki doza peyvənd olunanların sayı isə 1 milyon 910 min nəfərdir. "Bloomberg"-in məlumatına görə, Azərbaycanda əhalinin cəmi 19.1 faizi hər iki doza peyvənd olunub. Göründüyü kimi, tam vaksinasiya səviyyəsinə görə Azərbaycan MDB-də birinci olsa da, peyvənd olunan vətəndaşlarımızın sayı hələlik ÜST-nin 65 fazilik tövsiyəsindən aşağıdır".

V.Bayramovun qənaətinə görə, yeni qaydaların tətbiqində məqsəd vaksinasiya prosesini sürətləndirməkdir. "Bununla belə, yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin daha da gücləndirilməsi və prosesin tam elektronlaşdırılmasına ehtiyac var. Əvvəlla, daha məqsədəuyğun olardı ki, iri ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVİD-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılsın. Bu, prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, eyni zamanda növbələrin sayını və kənar müdaxilələri azaldar", - deyə o vurğulayıb.

Millət vəkili hesab edir ki, qaydaların icrasına ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var: "Pandemiya ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də, sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədəuyğun olardı. Bütün bunlar vaksinasıya prosesinin sürətləndirilməsinə dəstək ola bilər".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol