Menu

Dostluğun Azərbaycan-Pakistan nümunəsi – “Prezident İlham Əliyev dünyada yeni təməllər atır”

28.07.2021, 16:33
Dostluğun Azərbaycan-Pakistan nümunəsi – “Prezident İlham Əliyev dünyada yeni təməllər atır”

“Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin imzaladığı Bakı Bəyannaməsi mühüm əhəmiyyətə malikdir və üç qardaş ölkənin bütün sahələrdə əlaqələrinin daha da dərinləşməsinə ciddi töhfələr verəcək”. 

Bunu “AzPolitika.info”-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov bildirib.

Xatırladaq ki, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop və Əsəd Qyesərənin rəhbərlik etdikləri nümayəndə heyətləri Milli Məclisin spikeri Sahibə Qafarovanın dəvəti ilə Bakıda üçgünlük səfərdə olub. Spiker üçtərəfli görüş təşəbbüsünü dəstəklədiklərinə görə həmkarlarına minnətdarlığını ifadə edib.

Bakı Bəyannaməsinin əhəmiyyətindən danışan S. Qurbanov vurğulayıb ki, Milli Məclis sədri Sahibə Qafarovanın bu təşəbbüsü təqdirəlayiqdir. Onun sözlərinə görə, imzalanan sənəddə xarici dəstəkli terror təhdidi, kiber hücumlar, hibrid savaş formaları, hədəfli dezinformasiya kampaniyaları və artan islamofobiya tendensiyası kimi ölkələrin qarşı-qarşıya olduğu saysız çətinliklər, ortaya çıxan təhdidlərə qarşı birgə mübarizə əzmi ifadə olunub: “Beləliklə, tərəflər Azərbaycan, Pakistan və Türkiyənin qardaş xalqlarını daha da yaxınlaşdırmaq üçün həm ikili, həm də çoxtərəfli səviyyələrdə parlamentlərararası dialoq və əməkdaşlığı inkişaf etdirməyə yönəlik qərarlılıqlarını bəyan etdilər. Bundan başqa spikerlər COVID-19 pandemyiasının geniş miqyaslı təsirləri ilə bağlı müzakirə apardılar, informasiya və ən yaxşı təcrübələri dəstəkləməkdə razılığa gəldilər və bu problemlə əhatəli mübarizə aparmaq üçün beynəlxalq əməkdaşlığın və həmrəyliyin gücləndirilməsinə çağırış etdilər”.

Komitə sədri vurğulayıb ki, hər üç dost ölkə Bakı Bəyannaməsi ilə bir daha müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini və qarşılıqlı hörmətlərini yenidən təsdiq ediblər.

Millət vəkili sənəddə əksini tapan bölgə və beynəlxalq parlament platformalarında islamofobiya, ayrı-seçkilik və müsəlman azlıqlara yönəlik təzyiqlərə qarşı mübarizə məsələsində ortaq səylərin koordinasiya edilməsi barədə müddəya da diqqət çəkib. Sadiq Qurbanov qeyd edir ki, Türkiyə-Azərbaycan qardaşlığı, strateji müttəfiqlik münasibətləri ilə bağlı xüsusi danışmağa ehtiyac yoxdur: “Vaxtilə ulu öndər Heydər Əliyev iki ölkənin münasibətlərini “Bir millət, iki dövlət” şüarı ilə mükəmməl ifadə edib. Hazırda bütün əlaqələrimiz ona uyğun olaraq uğurla davam etdirilir”.

Komitə sədri Azərbaycan-Pakistan münasibətlərinin xalqlar arasında tarixi dostluğa, əməkdaşlığa əsaslandığını vurğulayıb. O, Prezident İlham Əliyevin bu yaxınlarda Azərbaycanda səfərdə olan Pakistanın Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacva ilə görüşdə səsləndirdiyi fikrə diqqət çəkib: “Cənab Prezident demişdi ki, Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik”.

Millət vəkili xatırladır ki, Pakistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə Ermənistanı tanımayan yeganə dövlətdir: “Onu da yada salım ki, 1993-cü ilin aprelində, Kəlbəcərin işğal olunması məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik edib. Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr Pakistanın dəstəyi ilə qəbul olunub”.

Sadiq Qurbanov 250 milyonluq dost ölkənin həm də strateji hücum silahlarına, mükəmməl döyüş qabiliyyətinə malik ordusuna görə dünyada böyük nüfuz sahibi olduğunu vurğulayıb: “Əlbəttə, belə bir ölkə ilə dostluq, qardaşlıq Azərbaycan üçün ciddi mənəvi və siyasi təminatdir və bir növ təhlükəsizlik çətiri rolunu oynamış olur”.

Komitə sədri vurğulayıb ki, Pakistanla bu əlaqələrin əsasının qoyulması Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır: “Belə ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılıb. İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edib. Bu gün də onlar bu dəstəyi unutmurlar”.

Millət vəkili qeyd edir ki, COVİD-19 pandemiyasının bəşəriyyətə sarsıdıcı zərbələr vurduğu indiki zamanda Azərbaycan Prezidenti İlham Əliyev də dünyada bu xeyirxahlıq, yardımsevərlik missiyasını davam etdirir: “Azərbaycan 30-dan artıq ölkəyə birbaşa maliyyə yardımı edib, dərmanlar, tibbi ləvazimatlar, vaksinlər göndərib. Bu addımlar xalqların ən çətin vaxtında atılır, onların böhranı adlamasında olduqca vacib rol oynayır. Bu da xalqların yaddaşlarından silinmir, necə ki, Pakistan bu gün Azərbaycanı dəstəkləyir, iki ölkə arasında qardaşlıq münasibətləri formalaşıb, gələcək üçün də başqa ölkələrlə, xalqlarla belə münasibətlərin təməli indidən atılır. Bu, ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən, tərəqqipərvər siyasətinin nəticəsidir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol