Menu

“NİYƏ SUSMUSUNUZ?” – Baş redaktordan deputatlara

09.08.2021, 11:15
“NİYƏ SUSMUSUNUZ?” – Baş redaktordan deputatlara

Mənim üçün maraqlı məsələlərdən biri budur ki, dövlətlə, hökumətlə bağlı hansısa bir məsələ ortaya çıxanda, niyə bu dövlətin qaymağını yeyənlər, bu dövlətdən ən çox imtiyaz alanların əksəriyyətinin qətiyyən səsləri çıxmır? 

Bəzən bunu onunla izah edirlər ki, guya tənqid edənlərlə eyni səviyyəyə enmək istəmirlər. Amma yaddaşımızı azacıq vərəqləyəndə bu arqumentin heç bir əsası olmadığı aşkara çıxır. Götürək elə Milli Məclisin Sədri Sahibə Qafarovanın bir neçə gün əvvəl baş tutan İran səfərini.

Az-çox məlumatı olan hər kəs dərk edir ki, diplomatiyada protokol qaydaları deyilən normalar var. O qaydalara görə yalnız eyni ranqlı şəxslərin görüşündə iki tərəfin də bayrağı asılır. Yəni prezident prezidentlə görüşəndə, nazir nazirlə görüşəndə, spiker spikerlə görüşəndə. Bu, dünyanın hər yerində belədir.

Fəqət, bununla bağlı Milli Məclisin Sədrinə qarşı haqsız ittihamlara bir-iki millət vəkilindən başqa reaksiya verən olmadığı kimi, bu kimi səfərlərin bəzəyi funksiyasını oynayanlardan da səs çıxmır. Nəinki buna səs çıxarmırlar, Sahibə xanımın İranda qaldırdığı və əsas müzakirə olunası mövzu olan Xocalı soyqırımının İran parlamenti tərəfindən tanınması, Zəngəzur kimi məsələləri belə gündəmə gətirmirlər. Ermənistana "can simiti" olan İranda bu məsələlərin Azərbaycan parlamentinin rəhbəri tərəfindən qaldırılması gündəm olmalıykən, dəxilsiz protokol məsələsi önə sürülür.

Bəs niyə özləri ilə bağlı hər hansısa neqativ bir məsələ olanda stəkanda fırtına qoparan millət vəkilləri, parlamentin komitə sədrləri, eləcə də bu günə qədər spikerlə səfərlərdə iştirak edən digərləri sükuta qərq olub? Axı hədəfdə həmin şəxslərin də təmsil olunduqları parlament var və söhbət həm də Milli Məclisin ictimai nüfuzundan gedir. Onlar isə sanki prosesdən həzz alırlar, ya da beynəlxalq protokol qaydalarından bixəbərdirlər. 

Nəyə görə həmin şəxslər dövlətdən minimum dəstəklə ayaqda durmağa çalışan, dövləti müdafiə etdiyi üçün xaricdə və daxildə bəzi qüvvələr tərəfindən təhqirlərə məruz qalan media və ictimaiyyət nümayəndələri kimi mövqe ortaya qoya bilmirlər?! Bilmirlər, yoxsa istəmirlər? Yoxsa “mənə dəyməyən ilan çox yaşasın” prinsipindən yeni dönəmdə də əl çəkə bilmirlər? 

O da bəllidir ki, bu günə qədər spiker Sahibə Qafarova çoxsaylı xarici səfərlər edib. Və bu səfərlərdə Milli Məclisin komitə sədrləri, deputatlar onu müşayiət ediblər və təbii ki, həmin görüşlərdə aparılan danışıqların da, Azərbaycan üçün maraqlı olan məsələlərin də müzakirəsində iştirak ediblər. Deməli bu şəxslər spikeri də, onun xarici görüşlərinin mahiyyətini də biz media nümayəndələrindən də, ictimaiyyətdən də daha dəqiq bilirlər. O zaman niyə görə Milli Məclisin komitə sədrləri, millət vəkilləri, hansı ki, demək olar hamısı sosial şəbəkələrdə aktivdirlər, bu cür məsələlərdə sadəcə tamaşaçı rolunu oynayırlar? 

Fikrimcə, bu, dövlət və təmsil olunduqları ali hakimiyyət üçün də bir siqnal olmalıdır…

Aqil Ələsgər,

"Yeni Çağ" Media Qrupun rəhbəri

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol