Menu

"Əlifba" kitabının müəllifi 94 yaşında vəfat edib

13.08.2021, 12:22
"Əlifba" kitabının müəllifi 94 yaşında vəfat edib

"Əlifba" kitabının müəllifi, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsü, “Şöhrət” ordenli Yəhya Kərimov vəfat edib.

"Report" xəbər verir ki, o, bu gün 94 yaşında dünyasını dəyişib.

Mərhum bu gün Qax rayonunda dəfn olunacaq.

Qeyd edək ki, Yəhya Şəfi oğlu Kərimov 1927-ci ildə, Qax rayonun İlisu kəndində anadan olub. Qax orta məktəbini bitirərək Şəki Pedaqoji Texnikumuna daxil olmuş və bitirdikdən sonra Qaxda pioner baş dəstə rəhbəri və müəllim işləyib.

1950-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitunu bitirib.

1955-ci ildən Elmi Pedaqoji İnstitunun aspiranturasında təhsil alıb, 1958-ci ildən həmin inistitutda kiçik elmi işçi, 1961-ci ildən şöbə müdiri işləyib. 1962-ci ildə namizədlik, 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edib.

1976-cı ildən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işlər üzrə direktor müavini olub.

Uzun illər Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun müdafiə şurasının sədr müavini və sədri işləyib. 40-dan artıq elmlər namizədi, 3 elmlər doktoru yetişdirib.

Yəhya Kərimov yüzlərcə əsərin, o cümlədən "Savad təlimi", "İbtidai siniflərdə inşalar", "Altıyaşlıların məktəbə hazırlanmasının nəzəri və praktiki problemləri", "Əlifba dərsliyinin tətbiqi prinsipləri", "Uşaq məktəbə gedir", "Ana dilinin tədrisi metodikası" və s. monoqrafiyaların müəllifidir. 1959-cu ildən indiyədək ibtidai siniflər üçün ana dili proqramlarının tərtibçisi, bütün proqramların redaktorudur. 1963-cü ildən "Əlifba" dərsliyinin müəllifidir.

Hazırda onun tərtib etdiyi 6 dərslik və 5 dərs vəsaitindən istifadə olunur.

1970-ci ildən "İbtidai məktəb və məktəbəqədər tərbiyə" jurnalının redaktoru olub.

Şərhlər

Xalq 2021-08-13 15:46:43

Allah rəhmət eləsin!

t.ədalət 2021-08-13 13:02:53

Yəhya müəllimin xatirəsi xalqın yaddaşında həmişə yaşayacaq.Ləzgi xalqının oğlu olan Yəhya müəllim bizim dərsliklərin ən yaxşı müəlliflərindəndir.Yadımdadır, Qarabağ müharibəsi başlanan vaxtlarda tez-tez müd.nazirliyinə zəng edib döyüşlərdə qəhrəmanlıq göstərən igidlərimizin haqqında məlumat toplayırdı.Deyirdi ki,qəhrəmanlarımızın haqqında yazılar hazırlayıb dərsliklərə salmalıyıq.Qoy balalarımız qəhrəmanlarımızı yaxından tanısın.Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol