Özbəkistan Prezidenti Şavkat Mirziyayev bu həftə Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar videosammitində iştirak edib.
"AzPolitika.info" "Azadlıq" radiosunun yerli bölməsinə istinadla xəbər verir ki, Mirziyayev bu virtual görüşə qonaq qismində qatılıb və onun bunda əsas məqsədi qonşu ölkələrin Əfqanıstanda yaranmış vəziyyətə münasibəti ilə tanış olmaq idi.
Bu ay "Taliban" Əfqanıstanın Özbəkistan, Tacikistan və Türkmənistanla həmsərhəd bölgələrinə nəzarəti ələ alandan sonra Mərkəzi Asiya ölkələri üçün yaranan təhlükələr barədə çoxsaylı xəbər və təhlillər dərc olunur. Belə bir vəziyyətdə Rusiya Mərkəzi Asiyadakı hərbi fəallığını artırır və KTMT-nin bu regiondakı ölkələrin təhlükəsizliyini təmin edəcək yeganə təşkilat olduğunu bəyan edir.
Moskva, eyni zamanda ABŞ-ın Mərkəzi Asiya ölkələrində mümkün hərbi mövcudiyyətinə qarşı çıxır. Bütün bunlardan çıxış edən bir sıra Özbəkistan təhlilçiləri güman edirlər ki, Daşkənd Rusiyanın rəhbərlik etdiyi hərbi bloka yenidən qoşula bilər. Sözügedən videosammitdə təşkilatın üzvü olan Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın liderləri iştirak ediblər. Hərçənd KTMT-nin üzvü olmayan və Əfqanıstanla 800 kilometrlik sərhədə malik Türkmənistan video sammitə qatılmayıb.
Təşkilatın iclasında radikal İslamın bölgəyə sızmasına yol verilməməsinin vacibliyi müzakirə olunub. İştirakçılar habelə Mərkəzi Asiya ölkələrinin vətəndaşlarının radikal islamçıların sıralarına qoşulmasının qarşısının alınmasından danışıblar. Prezidentlər həmçinin Əfqanıstan ərazisində terrorçu “İslam Dövləti” təşkilatının olmasından narahatlıq ifadə ediblər. Bu görüş zamanı Özbəkistan Prezidenti Mirziyayev ölkəsinin Əfqanıstanla sərhədinin etibarlı qorunduğu barədə məlumat verib. Özbəkistan Prezidentinin KTMT-nin sentyabrın 16-da Düşənbədə keçiriləcək sammitinə də qoşulacağı gözlənilir.
Bəzi təhlilçilərin fikrincə, Əfqanıstanda "Taliban"ın hakimiyyətə gəlməsi Özbəkistanın müstəqil xarici siyasətinin sonu deməkdir.
Londonda mənzillənmiş təhlilçi Əlişir İlhamov deyib: “Putin kəməndi Miziyayevin boynuna atıb. İndi onu yalnız dartmaq qalır. Ümumiyyətlə son həftələrdə Daşkənd vahiməli panika keçirir. Belə görünür ki, ölkə öz ordusunun etibarlığına o qədər də güvənmir”.
Lakin belə qənaətləri rədd edən təhlilçilərin fikrincə, Özbəkistanın xarici siyasət doktrinası dəyişməyib və Mirziyayev heç bir hərbi bloka qoşulmamaq əzminə sadiqdir. Bu doktrinada deyilir ki, Özbəkistan hətta sonradan hərbi bloka çevrilən təşkilatları da tərk etmək hüququnu özündə saxlayır. Avqustun 23-də keçirilən sammitdə də Özbəkistanın bloka qayıtmasına dair heç bir söhbət olmayıb.
Şərhçilər bildirirlər ki, Özbəksitan KTMT-nin üzvü olmasa da, Rusiya ilə ikitərəfli strateji müttəfiqlik sazişi imzalayıb. Yeri gəlmişkən, bu ilin aprelində Özbəkistan və Rusiyanın müdafiə nazirləri Bahadır Qurbanov və Sergey Şoyqu, ölkələri arasında 2021-2025-ci illər üçün strateji hərbi partnyorluq proqramını imzalayıblar. Bütün bunlar Özbəkistana hər hansı təşkilatın üzvü olmadan da Rusiya ilə yaxınlaşmaq imkanı verir.
"AzPolitika.info"


Şərhlər