“RUSLARIN NİYYƏTİ QARABAĞDA ƏN AZI 30 İL QALMAQDIR” - "Türkiyə Azərbaycana 4 general göndərdi..."

Hazırda Rusiya və Azərbaycan arasında münasibətlərin hamar olmadığı, xüsusilə 44 günlük müharibədən sonra bu münasibətlərdə xeyli həllini tapmayan problemlərin yığılıb qaldığı göz önündədir. Moskva-Bakı xəttində gərginlik yaradan əsas məqamlardan biri sülhməramlı missiyanın mandatı ilə bağlıdır. Bu məsələdə tərəflərin mövqeləri bir-birilə ziddiyyət təşkil edir. Belə görünür ki, Moskva regionda birdəfəlik qalmasının hüquqi əsasını yaratmağa çalışır, Bakı isə buna heç bir halda razılıq verməyəcəyini nümayiş etdirir.

“AzPolitika.info” bu mövzu ətrafında siyasi analitik Oqtay Qasımovla söhbətləşib.

- Oqtay bəy, bir neçə gün öncə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan və Rusiya arasında sülhməramlıların mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər barədə ilkin kontaktların olduğunu və müzakirələrin davam etdiyini bildirib. O, xüsusi olaraq vurğulayıb ki, Qarabağ Azərbaycan ərazisidir və deməli, Rusiya sülhməramlılarının orada mövcudluğu müvəqqətidir. Diplomatik dildə verilən bu bəyanatın açıqlaması nədir?

- 10 noyabr razılaşması imzalandıqdan sonra Ermənistanda, elə bizdə də xəbər yayıldı ki, bu razılaşmadan əlavə daha bir sənəd olub. Bunu Nikol Paşinyan da dilə gətirdi. Bildirildi ki, Azərbaycan o zaman bu sənədlə razılaşmayıb və bu üzdən onun imzalanması təxirə salınıb. 2021-ci ilin 11 yanvarında Moskvada baş tutan görüş zamanı da Prezident Vladimir Putin sülhməramlıların mandatı və statusu ilə bağlı müəyyən mesajlar verdi. O zaman Putinin bu fikirlərindən belə qənaətə gəlmək olurdu ki, Rusiya tərəfinin hazırda vacib saydığı əsas məsələlərdən biri sülhməramlı adı ilə bölgədə yerləşən həmin kontingentin hüquqi statusunun müəyyən edilməsidir. Təbii ki, biz sənədin mətnindən məlumatlı deyilik, amma ümumən tarixə ekskurs etdikdə, Abxaziya, Cənubi Osetiya və Dnestryanı bölgələrindəki münaqişələr və o zaman Rusiya ilə Gürcüstan, eləcə də Rusiya ilə Moldova arasında imzalanan bu tipli sənədlərin sonradan hansı vəziyyətə gətirib çıxardığını görürük. Təəssüflər olsun ki, Rusiya tərəfi heç zaman sülhməramlı adı ilə daxil olduğu əraziləri tərk etməyib. Bu gün Moldovanın durumunu yaxından izləyirik. Moldova Prezidenti səviyyəsində dəfələrlə bu məsələnin qaldırılmasına və faktiki olaraq sülhməramlı adlandırılan qüvvələrin oradakı iştirakının müddətinin bitməsinə baxmayaraq, Rusiya həmin bölgədən çıxmaq istəmir. Digər tərəfdən, belə qənaət yaranır ki, o sənəddə Ermənistanın da tərəf olaraq göstərilməsi məsələsi var və sözsüz ki, Azərbaycan bunu qəbul edə bilməz. Bu məsələlər Azərbaycan və Rusiya arasında həll olunmalıdır. Həmçinin, sülhməramlıların burada yerləşmə müddəti var. İndi rusların marağı və niyyəti qeyri-müəyyən müddətə, əgər bu alınmayacaqsa, ən azı 30 il Qarabağda qalmaqdır. Azərbaycan tərəfi də haqlı olaraq dirəniş göstərir və bununla razılaşmır.

Eyni zamanda bölgədə xeyli məsələlər var ki, həllini tapmayıb. O cümlədən 10 noyabr anlaşmasının 3 maddəsi həyata keçirilməmiş qalıb. Azərbaycanın da bununla bağlı narazılığı var. Sızan məlumatlardan biri də odur ki, hazırda ermənilərin yaşadığı bölgədə yerli idarəetmə strukturlarında Azərbaycanın iştirak etməsi məsələsi var. Əlbəttə, bu, Rusiyadan asılı ola bilməz. Çünki bu, Azərbaycanın suverenliyi məsələsidir. Odur ki, ortada bizi narahat edən müəyyən məqamlar var. Görünür, bu mesajların Prezidentin köməkçisi tərəfindən verilməsi də dediklərimizin təsdiqidir. Xüsusilə də mövzu Rusiya olduqda cəmiyyət buna daha həssas yanaşır. Çünki Rusiyanın bölgədəki 250 illik varlığı və fəaliyyəti hər kəsə yaxşı məlumdur.

- Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev də sülhməramlıların statusuna dair Moskva ilə Bakı arasında aparılan danışıqlar barədə maraqlı bir detal açıqlayıb. Deyib ki, söhbət Laçın dəhlizinə Azərbaycanın nəzarəti və beynəlxalq təşkilatların Azərbaycanın suveren ərazilərində fəaliyyətindən və bir sıra başqa məsələlərdən gedir...

- Rusiya prosesi monopoliyaya almağa çalışır. Rusiyanın marağı indi ona yönəlib ki, burada yaranan status-kvo uzun müddət davam etsin və bu halda ruslara daim ehtiyac olsun. Moskva bu statusu kiminləsə bölüşmək istəmir. Baxmayaraq ki, ruslar bəzən Minsk Qrupunun digər üzvlərinin də prosesdə iştirakına tərəfdar olduqlarını bəyan edirlər. Aydındır ki, belə bəyanatlar səmimi deyil. Bu bəyanatların məqsədi bir növ təzyiqəri azaltmaq, Avropanın böyük ölkələrindən Rusiyaya qarşı sanksiyalara loyal münasibət göstərilməsinə nail olmaqdır. Rusiya təbii ki, özünü bölgənin ağası hesab edir və mövqelərini də heç kimlə bölüşmək istəmir. Bu baxımdan Şəfiyevin dediklərinin nə dərəcədə həqiqət oluğunu bilməsək də, onun keçmiş diplomat kimi məlumat almaq imkanlarının geniş olduğu şübhəsizdir.

Azərbaycanın sözsüz ki, Laçın dəhlizinə nəzarətlə bağlı təbii haqqı və istəkləri var. Azərbaycan Laçın dəhlizinin təhlükəsizliyinə görə cavabdehlik daşıyır. Bu, 10 noyabr razılaşmasında qeyd edilib. Eləcə də məlum ərazidə qalan ermənilərin Azəraycan cəmiyyətinə inteqrasiyası və Azərbaycanın həmin ərazidəki idarəetmədə iştirakı məsələsi var. Təbii ki, bunlar gündəmdə olan məsələlərdir.

- Sizcə, Rusiyanın sonuncu qeyd etdiyiniz məsələlərə münasibəti necə olacaq? 

- Əlbəttə, Rusiya çalışacaq ki, öz məqsədlərini və istəklərini həyata keçirsin. Həm də Rusiyanın buna razı olub-olmayacağından asılı olmayaraq, Azərbaycan öz mövqeyində qəti şəkildə dayanmalıdır. Bu işdə, yəni Azərbaycana qarşı olan təzyiqlərlə bağlı hesab edirəm ki, dövlət, cəmiyyət, fərd olaraq hamımız bir yerdə olmalı, bu təzyiqlərə qarşı birgə dayanmalıyıq. Açığı, Azərbaycan cəmiyyətinin istəyi bundan ibarətdir ki, bölgədə yerləşdirilən Rusiya hərbi kontingenti azı üçtərəfli razılaşmada göstərilən birinci müddət bitən kimi çıxıb getsin. Bizim istəyimiz budur, amma Rusiyanın da məqsədi odur ki, bölgədə qeyri-müəyyən vəziyyət qalsın.

Bu səbəbdən də son bir ayda Rusiya tərəfinin “Dağlıq Qarabağ Respublikası”, “Dağlıq Qarabağ özünü müdafiə qüvvələri” kimi ifadələr işlətməsi təzyiq elementləri kimi qiymətləndirilə bilər.

- Bəs, rəsmi Bakı bu təzyiqlərə nə dərəcədə ciddi müqavimət göstərir?

- Əgər indi müzakirə etdiyimiz sənəd 10 ay ərzində imzalanmayıbsa, deməli, Azərbaycan ciddi şəkildə müqavimət göstərir. Məhz bu amilə görə deyirəm ki, belə məsələlərdə siyasi düşüncəsindən asılı olmayaraq bütövlükdə cəmiyyət dövlətlə birlikdə olmalıdır. Hesab edirəm ki, müqavimətimiz gücləndikcə, hər şey düşündüyümüz kimi də olacaq. Yəni heç bir halda məğlub və darmadağın edilmiş işğalçı Ermənistan gəlib bizimlə eyni sırada dura bilməz.

- İlkin açıqlamalardan belə aydın olur ki, danışıqlar Azərbaycan və Rusiya arasında aparılır. 10 noyabr sazişində Ermənistanın da imzasının olduğunu nəzərə alsaq, indi belə çıxır ki, İrəvan sülhməramlıların statusuna dair danışıqlardan kənarda saxlanılıb...

- Əslində yayılan ilkin variant belə idi ki, sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı məsələlərdə hansısa sənəd üç dövlətin iştirakı ilə qəbul edilməlidir. Lakin Azərbaycan Ermənistanın bu müzakirələrdə iştirakını nəyə görə qəbul etməlidir? Ermənistan hansı əsas və hüquqla bu danışıqlarda iştirak etməlidir? Ermənistan işğalçı dövlətdir və BMT qətnamələri əsasında biz işğalçını ərazimizdən vurub çıxarmışıq, ərazi bütövlüyümüzü əsasən təmin etmişik. Bundan sonra bizim işimiz Rusiya ilə bu məsələni hansısa formada yoluna qoymaqdır. Söhbət Rusiya ilə münasibətləri gərginləşdirməkdən getmir. Sadəcə olaraq, Azərbaycan Rusiyanın maraqlarına hörmətlə yanaşıb, ona maneçilik törətmədiyi kimi, Rusiya da bizə qarşı eyni şeyi etməlidir. Əgər Azərbaycanı özünün müttəfiqi və ya əhəmiyyətli tərəfdaşı sayırsa, zəhmət çəkib bizim maraqlarımızın böyük hissəsini qəbul etməlidir.

- Son günlər Azərbaycan və Türkiyə hərbçilərinin ortaq hərbi təlimlərinin sıxlaşdığını müşahidə edirik. Bu amili Rusiya özünə qarşı əlavə təzyiq vasitəsi saya bilərmi?

- Məncə, hər şeyi təzyiq və təhdid kimi qavramamalıyıq. Əvvəla, ondan başlayım ki, vaxtaşırı “türk hərbçiləri buranı tərk etdi” kimi fikirlər yayılsa da, əslində bunlar əsassız və boş iddialardır. Bu cür fikirlərə ən yaxşı cavab 15 iyunda Şuşada imzalanan Şuşa Bəyannaməsidir. Ondan sonrakı dövrdə birgə təlimlər oldu. Bu günlərdə isə Laçında Azərbaycan və Türkiyə xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçirilir. Bu, əhəmiyyətli hadisədir. O cümlədən Azərbaycan hərbi qüvvələrinin pilotları Konyada türk pilotlarla birgə təlim keçiblər.

Daha önəmlisi isə odur ki, təxminən bir ay əvvəl Türkiyədə Ali Hərbi Şura illik toplantısını keçirdi. Qeyd edim ki, bu toplantıda əsasən hərbi sistemdə dəyişikliklər, rütbələrin verilməsi, mütəxəssislərin irəli çəkilməsi və hərbi sahəyə aid digər məsələlər diqqətə alınır. Azərbaycan cəmiyyəti bilməlidir ki, Ali Hərbi Şuranın qərarı ilə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı xidmət qrupu kontingentinə təyinatlar olub və rəsmi şəkildə Azərbaycana dörd general göndərilib. Bu, Türk Silahlı Qüvvələrinin Azərbaycanla əməkdaşlığa nə dərəcədə böyük əhəmiyyət verdiyinə işarədir. Artıq buradakı komanda heyətinin təmsilçilərinin sayı artırılıb. Bu mənada Türkiyə və Azərbaycan arasında hansısa anlaşılmazlıqların olması, zənnimcə, dezinformasiya xarakterli məlumatlardır. Təbii ki, qeyd etdiklərim çox önəmli məsələlərdir. Ancaq bütün bunlar həm də mesaj xarakteri daşıyır ki, Azərbaycan tək deyil, onun hərbi müttəfiqi var, Şuşa Bəyannaməsinə hər iki tərəf sadiqdir və s. Onu da bildirim ki, bu yaxınlarda “Üç qardaş” adlı hərbi təlimin keçirilməsi nəzərdə tutulub. Bu, Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimləridir. Özü də bunlar məhz Laçın və Kəlbəcər kimi çətin relyefə malik ərazilərdə keçirilən təlimlər olacaq. Bu baxımdan Azərbaycan haqlı olaraq öz hərbi gücünü artırmaqda davam edir və belə də olmalıdır.

O cümlədən düşünürəm ki, Azərbaycan Hərbi Doktrinasından irəli gələn müdafiəyə yönəlik strategiyadan çıxmalı, yeni anlayışlar qəbul edilməlidir. Bizim bundan sonrakı davranışlarımız bizə qarşı olan təhdidlərin önlənməsi olmalıdır. Biz, artıq önləyici tədbirlər görməliyik. Necə ki, Rusiya, Türkiyə, Amerika, İsrail və digər böyük dövlətlər özlərinə təhdid görən kimi qabaqlayıcı tədbirlər görərək onu aradan qaldırırlar. Biz də bundan sonra o cür davranmalıyıq. Yeri gəlmişkən, dövlət başçısı Kəlbəcərdə açıq bildirdi ki, əgər düşmən revanşist hərəkətlərə cəhd edəcəksə, biz önləyici tədbirlər görəcəyik. Hesab edirəm ki, bu, çox əhəmiyyətli vurğu idi. Bu cür də olmalıdır. Qənaətimcə, bizim Hərbi Doktrinamız da bu tezislərə uyğunlaşdırılmalıdır.

- Yəni Azərbaycan hərbi, siyasi və diplomatik sahədə hücum taktikasını əsas götürməlidir...

- Şübhəsiz. Əgər biz düşmənə qalib gəlmişiksə, torpaqlarımızın əhəmiyyətli hissəsini azad etmişiksə, bizim davranışlarımız da qalib tərəfin davranışları olmalıdır. Axı həm də haqq, ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Bu baxımdan həm diplomatiya, həm də informasiya sahəsində hücumda olmalıyıq. O cümlədən hərbi təhlükə və təhdid olacaqsa, önləyici tədbir görməliyik. 

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

lala metin 2021-09-09 18:43:59

44 günlük müharibədə siz dediyiniz dövlət cəmiyyət birliyi oldu amma cəmiyyətə xəyanət 10 noyabr sənədi oldu İndi dövlət hansı üzlə xalqa uz tutacaq kim ona inanacaq

Kamil 2021-09-08 17:41:41

Xəzər dənizində , Azərbaycanin dəniz sulari sərhədinə - YAXIN sularda , Rusiyanin Hərbi Dəniz Donanmasinin katerlərində raketlər var və GUCLU , ƏKS RADIO - ELEKTRON DALQALAR ilə , RADAR - in NƏZARƏTINDƏ OLAN Azerbaycanin HƏRBI QIRICI TƏYYARƏLƏRININ NAVIQASIYA SISTEMINI SIRADAN ÇIXARAN və TƏYYARƏNI IDARƏ OLUNMAZ VƏZIYYƏTƏ SALAN , ÇOX GUCLU, RADIO LOKASIYA SISTEMLƏRI - AVADANLIQLARI QURAŞDIRILIB . Bu SISTEMLƏRIN QURBANI OLDU Azərbaycanin hərbi pilotu Atakişiyev ........., bunu , Azərbaycanda hami bilir ....... , xarici olkelerden , HOKMƏN , Azerbaycan Ordusu uçun , TƏCILI ALINMALIDIR bu tipli , ƏKS RADIO - ELEKTRON DALQALAR buraxan SISTEMLI AVADANLIQLAR , bu tedbir , Azerbaycani hava hucumundan qoruyacaq , chunki , duşmenin herbi aviasiyasinin naviqasiya sistemi IDARƏ OLUNMAZ hala duşəcək , hətta , rus qoşunlari , QARABAQDA , hərbi qirici təyyarələrdən istifadə etməyə cəsarəti olmayacaq . ..... Şoyqu , ...........putinin əmri ilə , Azərbaycana " ISGENDER - M " raketləri ilə zərbələr vurdu , Gəncə , Tərtər , Bərdə, Mingəçevir , Daşkəsən , Xizi , Baki ətrafi , vuruldu raketlerle , yaşayiş binalari daqidildi , uşaqlar , qadinlar , qocalar həlak oldu, çox sayli insanlar aqir bədən xəsarəti aldilar , əlil oldular , 3000 nəfər əskərlərimiz ŞƏHID OLDULAR............ SUAL OLUNUR : Azerbaycan , ................paxan putinin MUSTƏMLƏKƏSIDIR ??????????????

Vətəndaş 2021-09-08 17:40:27

Gecə saat 2-də akta qol çəkəndə millətlə xalqla məsləhətləşmək lazım idi.

Niyaməddin 2021-09-08 15:31:46

Oqtay bəyə təşəkkür edirik! Hücum diplomatiyasının əsası heç şübhəsiz Türkiyə ordusunun Azərbaycana daxil olmasıdır. Bu heç şübhəsiz bütün imperialistlərə öldürücü zərbə olacaq. Türk ordusu Azərbaycana daxil olmalıdır! Yoxsa aqibətimiz çox pis olacaq!

Eli 2021-09-08 14:19:22

Sağ olsun Oktay bey

Son yazılar