ON NOYABRIN ON AYI... - On ayın on il olmaması üçün nə etməli?

Məğlubiyyət kompleksindən çıxıb, qalib düşüncəsilə yaşa bilməyənlər tarixi qələbəmizə kölgə salmaqla yanaşı, Azərbaycanın gələcək uğurlarına da balta çalırlar

10 noyabr razılaşmasından 10 ay keçir. Bu müddətdə baş verənlər bir daha göstərdi ki, Rusiya etibarlı tərəfdaş deyil, özü də qəribədir ki, təkcə Azərbaycan yox, elə Ermənistan üçün də...

Hazırda bu razılaşmanın bir neçə bəndi yerinə yetirilməmiş qalır – erməni qanunsuz hərbi birləşmələri hələ də Qarabağdadır, Zəngəzur dəhlizi açılmayıb, yollar, komunikasiyalar bağlı olaraq qalır, azərbaycanlı məcburi köçkünlərin Xankəndi, Xocalı da daxil olmaqla, yurd-yuvalarına dönüşünə şərait yaradılmır və s. Əksinə, Rusiya qanunsuz erməni hərbi birləşmələrini dirçəltmək üçün dəridən-qabıqdan çıxır, öz kontingentinin sayını razılaşmada göstəriləndən dəfələrlə artıq saya çatdırır və sülhməramlı adıyla bir araya sığmayan saysız-hesabsız əməllər törədir, erməni təxribatlarına yol açır və s.

Ermənilər də ki, həmişəki rollarındadırlar. “Quyruqları qapı arasında qalanda” imzaladıqları sazişin tələblərini bir balaca ara sakitləşən kimi, arxayınlaşaraq, yerinə yetirməkdən imtina edir, Avropada, Amerikada və Rusiyadakı himayədarlarına arxalanaraq, yenə Azərbaycana “buynuz göstərməyə” qalxırlar.

Əslində, hadisələrin bu ssenari üzrə gedişini proqnozlaşdıranlar çox idi və təəssüf ki, həmin proqnozlar özünü doğrultmaqdadır. Ancaq bununla yanaşı, bu gedişatı durduqmaq, əzm, iradə göstərmək, dövlətin, xalqın dirənişinə dəstək vermək əvəzinə, cəmiyyəti ruhdan salmağa, iradəsini zəiflətməyə yönələn təbliğata da rast gəlinir.

Ordumuzun, xalqımızın, dövlətimizin misilsiz xidmətləri sayəsində əldə olunan və üzərindən on ay keçən bu qələbəni gözdən salmaq üçün nələr edilmir? Azərbaycandakı xarici güclərin qulbeçələri hələ də iş başındadırlar. Onlar hüquq-mühafizə, məhkəmə, icra orqanlarından tutmuş elm sahəsinə, biznesə, oliqarxiyaya qədər çeşidli sahələrdə mövcuddurlar, yüksək vəzifələr tuturlar və proseslərin gedişinə müəyyən təsir imkanlarını hələ də saxlayırlar.

Həmçinin, hələ də Azərbaycanın qəhrəman əsgərinin, qazisinin, şəhidinin videolarını məzhəbçi mərsiyələrlə “bəzəyən”, sərhədin o tayındakı hansısa mollanı məqsədli şəkildə dindarlarımızın səcdəgahına, “bütünə” çevirən, onların “fətvaları” ilə yatıb-qalxan iranbaşlar, xalqa gecə-gündüz “rus istəsə filan edər” deyə xox gəlməyə çalışan rusbaşlar, dini yalnız mövhumat, qadağa, zorakılıq, cəza aləti kimi göstərən ərəbbaşlar və daha nə başlar var...

Və bu qüvvələrin təzyiqi, basqısı qarşısında yenə də duruş gətirən, buna özündə güc, inam tapan cəmiyyətimiz durur. Baxmayaraq ki, səhiyyədən təhsilə, iqtisadiyyatdan sosial təminata, hüquq-mühafizə, məhkəmə sistemindən gömrüyə qədər müxtəlif sahələrdəki eybəcərliklər, süründürməçilik, korrupsiya bu cəmiyyəti, xalqı xeyli yorub, yıpradıb.

Ancaq hər şeyə rəğmən o, 44 günlük müharibədən əvvəl və sonra da özünün dövlət, dövlətçilik, müzəffər ordu yaratmaq, savaşmaq, gözünü qırpmadan şəhid vermək bacarığını ortaya qoydu. Heç kim bunu da dana bilməz ki, həmin cəmiyyətin, xalqın bu potensialını maksimum istifadə edib, güclü, nizam-intizamlı, ən müasir silahlarla təmin olunan ordu yaradan dövlət iradəsi də var. Bunu ermənilər belə etiraf etdiyi halda, Azərbaycanda kimlərinsə danması ən azından qeyri-səmimilik və cığallıq kimi görünür...

Bəli, daxili siyasətdə tənqid olunacaq olduqca çoxlu sayda problemlər, çatışmazlıqlar, qüsurlar, hətta cinayətlər var. Lakin bu hakimiyyətin ən kəskin tənqidçiləri belə əllərini ürəyinin, vicdanının üstünə qoysalar, Azərbaycanın xarici siyasətdə, xüsusilə də Qarabağ məsələsindəki siyasi və hərbi uğurunu, qələbəsini etiraf etməyə mənəvi cəhətdən borcludurlar. Çünki bu nailiyyət ordumuzun misilsiz şücaəti, əzmkarlığı, qəhrəmanlığı ilə yanaşı, bizim bildiyimiz və bilmədiyimiz siyasi, geopolitik sədlər aşılaraq, gərgin müzakirələr, qarşıdurmalar, hətta olduqca təhlükəli risklər göz altına alınaraq əldə olunub...

Sosial şəbəkələrdə Rüstəm Muradovun geri çağırılmasıyla bağlı yayılan bəzi məlumatlarda onun şəxsən Şuşada və digər ərazilərdəki Azərbaycan silahllı qüvvələrinin yerlərdəki rəhbərlərinə təzyiq göstərdiyinə, Şuşada rus sülhməramlılarının patrul xidməti kimi dolaşmasına çalışdığına, erməniləri Şuşa istiqamətində atəşkəsi pozmasına, təxribatlar törətməsinə təhrik etməsinə dair iddialar var. Bunun nə dərəcədə doğru olduğunu bilmirik. Lakin bu məlumatlar inandırıcı gəlir. Çünki Rusiyanın xisləti, məramı, məqsədi bəllidir. Bu dövlət qədəmini qoyduğu hər qarışın ağası olmağa, ətrafa meydan oxumağa çalışır, əsrlərlə belə olub və belə də davam edir.

O da şübhəsizdir ki, nə 44 günlük müharibənin nəticəsi, nə də 10 noyabr sazişi regionda Rusiyanın arzuladığı mənzərəni yaratmayıb. Onun real istəyilə mövcud durum tam tərs mütənasib olmasa da, hər halda ideal uyğunluq da təşkil etmir. Odur ki, təzyiqlər davam edir və edəcək...

Lakin bütün bu mənzərənin fonunda daxildə cəmiyyəti, xalqı həvəsdən salmağa, məyus etməyə, əsl mənada tarixi qələbəmizə kölgə salmağa yönələn təbliğatın təşkilatçıları və bu təbliğata bilərəkdən ya bilməyərəkdən qoşulanlar da var ki, bunlar Azərbaycanın gələcək uğurlarına balta çalırlar. Bu adamlar sanki heç cür məğlubiyyət kompleksindən çıxıb, qalib düşüncəsilə yaşa bilmirlər. Necə ki, ermənilərin böyük qismi hələ də genosid ağlaşmasından çıxıb, reallıqla, türk düşmənçiliyinin qandan, ölümdən, aclıq və səfalətdən başqa bu xalqa heç nə vermədiyini anlamaqda çətinlik çəkirlər. Təəssüf ki, bizdə də eyni səhvi təkrarlayanlar var...

Həmin Rüstəm Muradov vəzifəsindən ayrılanda 5 il bitəndən sonra da rus “sülhməramlıları”nın Qarabağda qalma müddətinin uzadılacağını iddia edib. Təbii ki, bu, Rusiya imperiyasının istəyinin, niyyətinin özünün müsəlman, qafqazlı ruhunu ruslara satmış generalının diliylə səsləndirilməsi və Azərbaycana açıq mesajdır. Ancaq bunun baş tutmaması üçün dövlət və cəmiyyət arxayınlaşmamalı, qələbədən başgicəllənməsi keçirməyi dayandırmalı, müharibə günlərindən geri qalmayan dərəcədə gərgin işləməlidir

Müharibədə ortaya qoyulan iradə daxili siyasətdə də ortaya qoyulmalı, cəmiyyətin dövlətə, dövlətçiliyə inamını qazanmaq, artırmaq üçün ilk öncə məmkləkətin bədənini qara yara kimi saran korrupsiya, məmur oliqarxiyası, inhisarçılıq, hüquq-mühafizə, məhkəmə, səhiyyə, sosial və digər sahələrdəki ədalətsizliklər, bu ədalətsizliyə yol açan səbəblər aradan qaldırılmalıdır. Normal, saxtakarlıqdan uzaq iqtisadi və siyasi münasibətlər sistemi qurulmalıdır. Yalnız bu halda cəmiyyət, xalq olaraq, istənilən düşmənin qarşısına mümkün qədər sağlam, güclü çıxa bilərik...

Həmçinin, içimizdəki xaricə işləyən “beşinci, onbeşinci, iyirmibeşinci kolonlar” bütün hakimiyyət orqanlarından təmizlənməlidir, təəssüf ki, bu proses hələ başa çatmayıb. Türkiyə ilə münasibətlər daha da gücləndirilməli, beynəlxalq müstəvidə Azərbaycanın haqlı tələblərinin reallaşdırılması üçün diplomatik səylər çoxaldılmalıdır. Bütün bunlar edilməlidir ki, rus qoşununun 1960 nəfər adı ilə gəlib 7-8 minə çatan sayı kimi, bu qoşunun yerləşdiyi müddətdən keçən on ay da on ilə çevrilməsin.

Azərbaycanın dövlət olaraq ortaya qoyduğu iradə, Laçın rayonu da daxil olmaqla, rus hərbi kontingenti və erməni hərbi birləşmələrinin “qulağının dibində” Türkiyə ilə birgə hərbi təlimlərin keçirilməsi, Gorus-Qafan yolunda Azərbaycan tərəfinin İrəvana, dolayısıyla da Rusiya və İrana yerini göstərən addımlar atması, bütün təzyiqlərə baxmayaraq, Ermənistanla sərhəddə tutduğumuz mövqelərdən bir addım da geri çəkilməməyimiz, eləcə də işğaldan azad olunan ərazilərimizdə misli görünməmiş sürətlə quruculuq işlərinin aparılması, bütün dövlət qurumları səviyyəsindəki bəyanatlarda rus “sülhməramlılarına” “Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş” statusunun xatırladılması və digər məsələlər gələcəyə ümidlə baxmağa əsas verir. Və Azərbaycanın öz hədəflərinə çatacağına dair inam yaradır. Yetər ki, bu iradə davamlı olsun və onun reallaşması üçün daxildə cəmiyyətin güclənməsi üçün hələ də mövcud olan və yuxarıda sadaladığımız böyük və ciddi problemlər də aradan qaldırılsın...

Sonda haşiyə olaraq, 10 noyabran ötən 10 ayın ortaya qoyduğu, Ermənistana aid bir müşahidəni qeyd etmək istərdik. Müharibədən sonra Ermənistan mətbuatındakı köşə yazarlarının ermənilərə xitabən tez-tez “qəflət yuxusuna getmiş xalq”, “yatmış xalq” və s. buna bənzər ifadələr işlətməsinə rast gəlinir. Tanış mənzərədir, uzun illər biz də yarı açıq, yarı üstü örtülü şəkildə buna bənzər ifadələrdən istifadə etmişik. İndi isə sanki yerlər dəyişib. Ancaq erməni yazarların səhvi ondadır ki, əslində, erməni xalqı məğlubiyyətə rəğmən Paşinyana səs verməklə, müharibə, savaş, qan istəmədiyini ortaya qoydu və deməli, yatdığını yox, əksinə, oyandığını göstərdi. Və bu oyanışda da sözsüz ki, Azərbaycanın şanlı Ordusunun, “Dəmir yumruğun” misilsiz xidməti olub. Odur ki, Ordumuza minnətdar olmalıdırlar...

Cəlal Məmmədov

“AzPolitika.info”  

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Niyaməddin - ə 2021-09-14 14:19:09

Cənab Niyaməddin , siz , yəqin ki , bilirsiniz , " halva , halva deməklə, insanin aqzi şirin olmur . " Xalqin Istək və arzusunu reallaşdirmaq , həyatda tətbiq etmək uçun , bir milyona qədər insanlar UMUMXALQ MITINQINDƏ MUTLƏQ IŞTIRAK ETMƏLIDIR ki , POLIS DƏYƏNƏKLƏRI VURULMASIN XALQA , çunki , bir milyon insanlarin UMUMXALQ MITINQINDƏ , QEYRI - MUMKUNDUR POLISLƏRIN ZORAKILIQI və XALQ ISTƏYINƏ , ARZUSUNA , MƏQSƏDINƏ NAIL OLA BILƏR !!!! Aci həqiqət budur ki , rəsmi Baki , asilidir ..........putindən və cəsarətsizlik ucbatindan , Kreml tərəfindən ŞANTAJ OLACAQINDAN QORXUR ......... Hormətli cənab Niyaməddin , MƏGƏR , Turkiyənin KƏŞFIYYAT ORQANININ RƏHBƏRI BILMIR ki , TERRORIST PKK AKULALARI KIMLƏRDIR və HANSI YUKSƏK VƏZIFƏLƏRDƏ , AKTIV , anti - TURK FƏALIYYƏTI ilə MƏŞQULDURLAR ?

Eli 2021-09-14 13:12:31

Celal bey çox sağ ol bele düzgün tehlil apardığına göre.Yaşa!Bele ağıllı yazılar da ele döyüş sehnexinde esgerlerle birlikde vuruşmağa bereberdir.

Niyaməddin 2021-09-14 11:22:25

İldırım sürətli dəyişikliklərə nail olmaq, Türkiyə hərbi bazalarının Azərbaycan torpaqlarında yerləşdirilməsini təmin etmək lazımdır. Cənab prezident bu iradəyə sahibdir. Bir gecənin içərisində əclafları, rüşvətxorları, xainləri cəhənnəmə göndərə bilər. Biz dövlətin yanındayıq.

Son yazılar