"Apple" "Pegasus"a qarşı proqram hazırladı - Casusluqdan qoruyacaq...

"Apple" şirkəti təhlükəsizlik qüsurunu düzəltmək üçün təhlükəsizlik güncəllənməsi proqramı yayıb. Kibertəhlükəsizlik ekspertlərinin fikrincə, həmin qüsur şirkətin "iPhone" və digər cihazlarının haker hücumuna məruz qalmasına imkan verir.

Toronto Universitetinin “Citizen Lab” tədqiqatçıları ötən həftə sözügedən təhlükəsizlik qüsurunu aşkarlayaraq dərhal "Apple"ə xəbərdarlıq ediblər. Daha öncə bəlli olmayan bu boşluq şirkətin böyük cihazlarının hamısına təsir göstəribmiş.

Araşdırma üzə çıxarıb ki, İsrailin NSO Group şirkəti bu boşluqdan yararlanaraq cihazlara "Pegasus" casusluq proqramını sala bilib. Bundan ötrü istifadəçinin ziyanlı mesaja, yaxud linkə basması gərəkməyib. Tədqiqatçıların sözlərinə görə, ilk dəfədir “kliksiz” sui-istifadə aşkarlanıb.

"Apple" bloq postunda "iPhone" və "iPad" cihazları üçün təhlükəsizlik güncəllənməsi buraxdığını yazır. Çünki məkrlə hazırlanmış PDF faylı onların haker hücumuna məruz qoya bilər. Şirkət “Citizen Lab”in araşdırmasına istinad edib.

Tədqiqatçılar bildirirlər ki, bu təhlükəsizlik məsələsi hesabına səudiyyəli fəalların "iPhone" telefonlarına casus proqramı yeridilib, bu hücumun arxasında isə İsrailin NSO Group şirkətinin durmasına inam böyükdür.

İyulda 17 beynəlxalq media təşkilatı və “Amnesty International” iddia edib ki, NSO Group-un "Pegasus" proqramı smartfonlara haker hücumunda istifadə olunub. İnsan haqları fəalları, jurnalistlər, hətta dövlət başçılarının izlənildiyi üzə çıxıb. Siyahıda bəzi azərbaycanlı jurnalistlərin də adları vardı.

Proqramın hədəfləri içində Qazaxıstan və Fransa prezidentləri də olub. Bu hesabatdan sonra Hindistan və Meksika daxil demokratik hökumətlərin də NSO Group-un casusluq texnologiyasından siyasi məqsədlərlə istifadə etməsi iddiaları güclənib.

NSO Group isə baş verənlərə bir cümləlik bəyanatla cavab verib. Şirkət “dünyanın kəşfiyyat və hüquq-mühafizə agentliklərini terrorçuluq və cinayətkarlıqla mübarizədə həyati əhəmiyyətli texnologiyalarla təmin edəcəyini” bildirib.

"Apple" qeyd edir ki, "iPhone" istifadəçilərinə iOS proqramına düzəlişlə bağlı xəbərdarlıq gələcək. Şirkət “Citizen Lab” problemi aşkarlayandan dərhal sonra güncəllənmənin sürətlə hazırlandığını bildirib. Şirkət sözügedən hücumların xeyli təkmil hazırlandığını, milyonlara başa gəldiyini, amma qısaömürlü olaraq spesifik şəxsləri hədəfə aldığını bildirir.

Tədqiqatçı Con Skot-Reylton isə deyib ki, bu xəbər populyar mesajlaşma tətbiqlərini oxşar hücumlardan qorumağın vacibliyini göstərir. (azadliq.org)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar