“KORRUPSİYA, ZƏİF İDARƏÇİLİK, OLİQARXLARIN HÖKMRANLIĞI...” - Ömər Tarzi “Taliban”nın hakimiyyətə gəlməsinin səbəblərini açıqladı (MÜSAHİBƏ)

Əfqanıstan Kral ailəsinin üzvü: “Əfqanıstanda “Böyük oyun-2” davam edir, aktyorlarsa ABŞ və Çindir”

Dünyanın əsas gündəm mövzusu hələ də Əfqanıstan, “Taliban”, eləcə də ABŞ və müttəfiqlərinin bu ölkəni tərk etməsidir. Əfqanıstan ətrafında baş verənlər təhlilçilər tərəfindən müxtəlif aspektlərdən şərh edilir, amma Əfqanıstan dünənin, bu günün mövzusu deyil. Hadisələr bizi ötən əsrin əvvəllərinə aparır.

Amanullah xan 1919-cu ildə ölkəni İngiltərə İmperatorluğundan azad edən, Əfqanıstan müstəqil elan edildikdən sonra özünü bu ölkənin ilk kralı elan edən şəxsdir. O, həm də ölkənin ilk xarici işlər naziri olmuş Mahmud Tarzinin qızının həyat yoldaşı olub.

Əfqanıstan Kral ailəsinin üzvü, Mahmud Tarzinin nəvəsi, hazırda Amanullah-Tarzi ailəsinin böyüyü hesab edilən Ömər Tarzi “AzPolitika.info” saytına müsahibə verib. Onunla keçmişdən başlayıb bu günə kimi davam edən olaylardan, Əfqanıstanı modern ölkəyə çevirmək istəyən Kralın Mustafa Kamal Atatürklə yaxın dostluğundan, ölkəni parçalayan güclərdən, “Taliban”dan və s. söhbət etmişik.

Müsahibimiz 2005-ci ildə bir qrup türk millət vəkili və akademiklə birlikdə Azərbaycanda bir Forumda iştirak edib və deyir ki, çox qonaqpərvər və istiqanlı insanlarsınız.

Ömər Tarzinin “AzPolitika.info” saytına müsahibəsi:

- Ömər bəy, söhbətə sizin bir sözünüzlə başlamaq istərdim. Demisiniz ki, “böyük oyunu ingilislər başlatdı, Amerika davam etdirir”. Bəlkə bu böyük oyun barədə bir az açıq danışaq, söhbət hansı oyundan gedir? Bəzi ekspertlər Əfqanıstan uğrunda uzun illərdir davam edən bu müharibələrin, münaqişənin əsas səbəbi kimi geopolitik və geostrateji baxımdan əhəmiyyətli Dürand xəttini işarə edir...

-Bəli, Dürand müqaviləsi Əfqanıstanın taleyüklü tarixidir və ölkə xalqını parçaladı, həm iğtişaşlar artdı, həm də xarici güclərin daimi təzyiqi davam etdi. Böyük oyun, yəni “Great game 1”, Rusiya və İngiltərənin 1800-cü illərdə Əfqanıstanla bağlı strateji planı idi. Ancaq Kral Amanullah xanın və onun müəllimi Sərdar Mahmud Tarzinin səhrada və konfrans masasında bacarıqlı savaşı ilə bu oyun pozuldu, Əfqanıstan müstəqillik qazandı. Təəssüf ki, İngiltərənin müstəmləkəçilik siyasəti Əfqanıstanı tərk etmədi və o günlərin bu pis siyasəti bu günə qədər davam etdi. İndi isə bu möhtəşəm oyun “Great game 2” olaraq davam edir, aktyorları da ABŞ və Çindir. Əlbəttə ki, burada ən həssas nöqtə Çinin “Taliban”ı tanıması, dərhal yardım göstərməsi və ABŞ-ın buna necə reaksiya verməsidir. Bir sözlə, Amerika BMT-nin terror siyahısında adı olan bir təşkilatı tanıyan Çini hədəf alacaq.

-Amma ABŞ da 85 milyardlıq silah-sursatını Əfqanıstanda “Taliban”a qoyub çıxdı...

-Amerikanın silah-sursatla bərabər hər şeyini orda qoyub çıxması ilə bağlı nəsə deyə bilmərəm. Amma qoyub çıxdısa, bu elə də yaxşı hal deyil. Taliblərə ilk yardım 5-6 gün əvvəl Çindən gəldi...Yuxarıdakı sualınıza cavab olaraq əlavə etmək istəyirəm ki, Dürand müqaviləsi təəssüf ki, Əfqanıstan üçün birtərəfli üstünlük təmin edən pis bir müqavilə olub. Beləliklə, İngiltərə “böl - fəth et” strategiyasından istifadə etdi, Əfqanıstanın ən böyük etnik qrupu olan puştunları bölərək ölkəni zəiflədib. Beləcə, böyük oyunda daşlar yerinə qoyulub.

-20 il içində nə dəyişdi, nə baş verdi ki, Əfqanıstan yenidən “Taliban”a rahatlıqla təslim edildi? Ekspertlər hesab edir ki, ölkənin belə rahatlıqla “Taliban”ın əlinə keçməsinə səbəb dövlət strategiyasının düzgün qurulmaması, rüşvətxorluq, korrupsiya, daxili çəkişmələr, xəyanət və s. olub.

- Mən babam haqqında “İki kral bir lider” adlı kitab yazmışam. Bu kitab 1800-cü ildən 1930-cu ilə qədər olan ən etibarlı arxivlərin araşdırılmasına əsaslanır. Kitabda babam Mahmud Tarzinin fikirləri, o dövrün əmir və kral idarələrinin müəyyən məqamlarda birliyi, Mahmud Tarzinin millətçilik və vətən haqqında önəmli fikirlərindən bəhs edilir. Sərdar Mahmud Tarzi çox güclü ədəbi istedada malik bir insan və eyni zamanda vətən uğrunda fövqəladə bir siyasi mübarizə aparan dövlət xadimi idi. Bir ailə olaraq Əfqanıstan xalqının rifahı naminə, böyük xatirəsinə hörmətlə yanaşmalıyıq. Kitabımda bu nüfuzu ifadə etmək istəmişəm. Kitabımın türkcə versiyasından sonra indi dünyada “Two kings and a leader” adı ilə ingilis dilində satılır.

20 ildə baş verən sürətli dəyişikliklərə baxanda, o illərin həqiqətlərini bilmək mütləqdir. Bugünkü xaos heç birimizin arzuladığı bir mühit deyil. Kitabımda vurğulamışam ki, dövlət və digər qurumlar Əfqanıstan gənclərinin təhsili və xalqın dinc həyatı üçün birlikdə çalışmağı bacarmalıdır. Yəni Əfqanıstan son 20 ildə öyrəniləcək və araşdırılacaq bir ölkə deyil. Həmişə “böyük oyun” yaxşı oxunmalıdır. Hadisə 1800-cü illərdən başlayır. İngilislərin ardınca Rusiyanın işğalı və məğlubiyyəti, daha sonra ABŞ-ın işğalı və ölkədən tələsik çıxışı niyə baş verdi? Dünyanın güclü dövlətləri ölkəni niyə tərk etdi? Bəli, korrupsiya, dövlət idarəçiliyinin zəifliyi, münaqişələr, müharibə, oliqarxların hökmranlığı... Hamısı Əfqanıstanı zəiflətmək, onu çökdürmək üçün səbəblərdir.

Dəyərləriniz yüngülləşdirilərsə, dövlətin şərəfinə xələl gələcək və zəifliklər artacaq. Ümid edirəm ki, bu gözəl insanları sağlam düşüncə ilə dinc mühitlərə apara bilərik və aparmalıyıq.

Necə düşünürsünüz, “Taliban”ın rahatlıqla hakimiyyəti ələ keçirməsi ABŞ və Əfqanıstanın o zamankı hakimiyyətinin işbirliyi nəticəsində baş vermədimi? Çünki vitse-prezident Əmurullah Saleh açıqlamasında 15 avqustda Prezident Sarayı da daxil olmaqla güc nazirləri ilə əlaqə saxlasa da heç kimi tapmayıb. Belə demək mümkünsə, hamısı ölkəni tərk edib, qaçıb... Və bildiyiniz kimi hazırda Saleh, Məsud Şahın oğlu Əhməd Şahla birgə Pənşirdə taliblərə qarşı vuruşur...

-Bəli, bir xaos oldu və təəssüf ki, gözlənilməz bir dövlət çaxnaşması yaşandı. “Taliban”ın gəlişinin bu qədər asan və sürətli olacağını heç kim gözləmirdi, amma dediyim kimi, “DƏYƏRLƏR YÜNGÜLLƏŞDİKCƏ” qorxular son anda yaranır. Təbii ki, vacib bir məqam ABŞ-ın 11 sentyabr hadisələrinin kölgəsində daha güclü bir “Taliban”la qarşılaşmaq istəməməsidir. Beləliklə, Bayden “vaxtında hərəkət edən” prezident adını aldı.

-“Taliban” 20 il əvvəlki “Taliban” olmadığını, dəyişdiyini desə də, əfqanlar, əfqan rəsmiləri bunun əksini deyir. “Taliban” öz qanun və qaydaları ilə şəriət hökuməti quracağını bildirib. Belə olan halda, bu, Əfqanıstanın yenidən 20 il əvvələ dönüşü, “Taliban”ın əsiri olması demək deyilmi?

- “Taliban” ötən həftə bayrağı da dəyişdirərək “Əfqanıstan İslam Əmirliyi”nin müvəqqəti hökumətini - kabineti elan etdi. Beləliklə, 1990-cı illərdə başladıqları hərəkatın son mərhələsinə gəldilər. Liderləri 20 il əvvəl olduqları qrup olmadığını söyləsə də, hər şey ortadadır. Beləliklə, qrupun teokratik və əsas mühafizəkarlığı dəyişməyib. Kabinetin hamısı kişidir və bəzilərinin də adları terrorçu kimi BMT-nin siyahısındadır. Çoxu da puştundur. Dərhal da ölkəni şəriət qaydaları ilə idarə edəcəklərini vurğuladılar.

- Əfqanıstan böyük yeraltı sərvətlərə - mis, uran, zümrüd, qiymətli daşlar və s. sahibdir. Buna baxmayaraq, ölkə səfalət icindədir. Niyə bu qədər sərvəti olan Əfqanıstan ayağa qalxa bilmir? Amerika, Qərb, yoxsa qonşuları imkan vermir? Ortada həm də narkotik ticarəti, xarici güclərin bundan əldə etdiyi milyardlar var...

- Niyə bu qədər ölkə Əfqanıstanla maraqlanır, bu qədər əsgər, mülki vətəndaş və uşaq ölür və öldürülür? Çünki Əfqanıstan həm strateji mövqeyinə, həm də yeraltı və yerüstü sərvətlərin zənginliyinə görə dünyanın ən önəmli ölkələrindən biridir. Birincisi, şərq-qərb ticarət yolunun ən əhəmiyyətli hissəsi buradan keçir. İkincisi, Hindikuş dağları ölkəni bir qala kimi qoruyur və Əfqan tayfaları bu coğrafiyadan çox faydalanırlar. Eyni zamanda, dünyanın tiryək istehsalında lider bir ölkədir. Yeraltı çox zəngin kobalt, litium və mis yataqları var. Qiymətli daşlara böyük tələbat var. Kömürü və təbii qazı da daxil etsək, Əfqanıstanın profili tam ortaya çıxacaq. Buna görə də, sizin də çox açıq şəkildə ifadə etdiyiniz kimi, bu əhəmiyyətli zənginliklər bir çox insanın iştahını açır və nəticə göz qabağındadır. Milyardlarla dollara daha çox sıfır əlavə edin.

-“Taliban”ın yenidən dönüşü əfqan qadınlarını narahat edib. Onlar insan haqları pozuntuları ilə üzləşəcəklərindən qorxur. Amma “Taliban” sözçüsü Zabihullah Mücahid Əfqanıstanda qadınların oxuya və işləyə biləcəyinə işarə edib...

-Bax, budur insanlıq və Vətən azadlığı - Əfqan qadınları! Əhməd xan Abdalidən bu yana qadınlar Əfqanıstan tarixinə bələdçilik etməkdə əhəmiyyətli rol oynayıb. Bu qadınlar Vətəninin müstəqilliyi üçün həyat yoldaşlarına cəsarət verən, onlarla bərabər döyüşənlərdir. Babam Mahmud Tarzi bu mövzuda çox diqqətli və qətiyyətli olub. Əfqanıstan jurnalistikasının atası olaraq tanınan bu hörmətli şəxs, "Seraj al Akhbar" qəzetində həmişə millətçilik, Vətən və müstəqillik mövzularını işıqlandırıb və Əfqan qadınlarının inkişaf etməsi üçün hər cür infrastrukturun yaradılmasına imza atıb. Təsəvvür edirsinizmi, “Taliban” Kabili ələ keçirdiyi ilk günlərdə Əfqan qadınları Qəndahar, Herat və Məzari-Şərifdə küçə mitinqlərinə getdilər, əllərində meqafonlarla hüquqlarını müdafiə etməyə başladılar, “Qorxmarıq, biz qadınlar hər yerdə bir yerdəyik” dedilər. Digər tərəfdən, “Taliban” sözçüsü “Qadınlar bu addımları dayandırmalı və küçədən çəkilməlidir, çünki küçədəki gənc mühafizəçilərimiz qadınları küçədə görməyə öyrəşməyiblər, nə edəcəkləri bəlli deyil” deyir. 21-ci əsrdə nə qədər geriyə gedə biləcəklərini təsəvvür edirsinizmi?

-Yeri gəlmişkən, Əfqan qadınları haqda danışılanda ilk olaraq Kral Amanullah xanın xanımı, kraliça Soraya yada düşür. Onun "qadınlar hicab geyməməli və kişilər bir qadından çoxu ilə evli olmamalıdır” fikirləri dillərdə dastandır. Əfqanıstanda qızlar üçün ilk məktəbi də o açdırıb. Bir az kral ailəsi barədə məlumat verərdiniz...

- Babam Mahmud bəy və həyat yoldaşı Əsma Resmiyenin 10 övladı - 5 qız və 5 oğlu olub. Onlar o dövrün şərtləri daxilində uşaqlarına ən yaxşı təhsili veriblər. Hamısı 1 və ya 3-4 xarici dil öyrənib, məslək sahibi, yaradıcı insanlar olub. Dediyiniz kimi, o vaxt qız məktəbləri açıldı, gənclik jurnalları çıxdı. Xüsusilə təhsil, səhiyyə və hərbi sahələrdə akademiklər Türkiyədən gətirildi. Planlı şəhərlər qurmaq üçün memar professorlar dəvət olundu, şəhərin planları hazırlandı. Amanullah xanın dövründə Əfqanıstan Orta Asiyanın İsveçrəsi olaraq tanınırdı. Böyük bibim Xayriyə xanım demək olar ki, atasının sağ əli idi. Bilik və zəkası ilə onun köməkçısı oldu. Kraliça Soraya əri ilə ata minən, mərasimlərdə həmişə yanında olan və təhsil üçün bir çox fəaliyyətlərə imza atan bir qadın idi. O, Təhsil almaq üçün Türkiyəyə gedən ilk qız tələbə qruplarını yaratdı. 1905-1929-cu illər arasında Əfqanıstan hər cəhətdən inkişaf etməyə hazır olan və elmə meylli, həvəsli gənclər ölkəsi idi. Bu dövrdən sonrakı hadisələrə keçmək istəmirəm, amma keçid dövrü artıq çox pis olmuşdu. Təəssüf ki, uzun illər Tarzi və Amanullahın ailəsinə öz vətənlərinə getmək qadağan edildi.

- Ömər bəy, Əfqanıstanda son dəfə nə zaman olmusunuz? Babanızın adına orada bir Fond - Vəqf yaratmışdınız, tələbələrə təqaüd verirdiniz. Bildiyimə görə, 2009-cu ildən sonra getmədiniz. Səbəb nəydi?

- İlk dəfə Əfqanıstana 2003-cü ildə bacım, mərhum şahzadə Leyla xanımla birlikdə getmişdik. Hava limanında bizi hərbiçilər, məmurlar və böyük bir izdiham qarşıladı. Çox həyəcanlı idik və o gün bacımla birlikdə qərara aldıq ki, bu ölkəyə, bu xalqa xidmət etməliyik. Babam Sərdar Mahmud Tarzinin adına bir fond yaratdıq. Kral Amanullah ailəsinin övladları, əziz əmioğullarım və Tarzi ailəmizlə birgə “Mahmud Tarzi Mədəniyyət Vəqfini” (MTCF) qurduq. O vaxtkı Prezident H.Karzai və 26 nazirlik bizə çox kömək etdi. Vəqfimiz QHT deyil, Əfqanıstanda yerləşən tam bir təşkilatdır. Vəqf bu günə qədər 18 tələbəni liseydə, universitetdə oxutdu, işlə təmin etdi, evləndirdi. Vəqf əfqan qadınları üçün tikiş kursları açdı və tikiş maşınları aldı. Kabil Mahmud Tarzi Liseyində 16 sinifdən ibarət yeni bir məktəb binası tikdik. Qızım İdil Tarzinin təşkilatçılığı ilə Türkiyədən karqo ilə geyimlər gətirdik. Mahmud Tarzi Liseyi ərazisində yeni 16 sinifli bir bina tikdik. Bu binanın inşasında mənə o vaxt Türkiyə Xarici İşlər Nazirliyi və TİKA böyük dəstək verdi. Kitabxanası, laboratoriyası, musiqi-sənət şöbələri Milli Təhsil Nazirliyinə verildi. Milli Təhsil Nazirliyi mənə hörmət əlaməti olaraq bu binaya “Sərdar Ömər Tarzi Salonu” adını verib lövhə asdı.

2009-cu ilə qədər hər şey yaxşı idi, amma hökumətdəki dəyişikliklər, daxili gərginliklərdən sonra bəzi təzyiqlərlə mənə dedilər ki, bir müddət gəlməsən daha yaxşı olar. O zamandan sonra bir daha Əfqanıstana getmədim.

- Əfqanıstanın digər tanınmış şəxsiyyətlərinin olmasına baxmayaraq, ilk sırada Amanullah xan, Mahmud Tarzi və Əhməd Şah Məsudun adı çəkilir. Niyə məhz bu insanlar?

- Bizim, yəni Əfqanıstanın əsrlər boyu mənimsədiyimiz adət və ənənələrimiz var, onlarla bütünləşərək böyüdük. Bunlarla qurulmuş dəyərlərimiz var. Amanullah və Mahmud Tarzini gözdən salsanız, bir tarixi, bir milləti gözdən salmış olarsınız. Bu iki şəxsə, bu iki hörmətli insana xidmət edən və onlara kömək edənlərin əməlləri məhv edilməməli və məhv edilə bilməz. Bütün səyləri yaxşı, keyfiyyətli, təhsilli həyat yaşamaq üçün olub. Baxın, indi Kabilin keçən həftə gözlənildiyindən daha sürətlə “Taliban” tərəfindən tutulduğunu söyləyirik. Ordu dağıldı, dövlətin yuxarı eşelonu bu və ya digər şəkildə ölkəni tərk etdi.

- Bəs niyə belə oldu?

- Mən sizə deyim niyə belə oldu. Əfqan xalqı, inandığı, güvəndiyi və sevdiyi adamın arxasınca ölümə qədər gedər. Ailəsi, torpağı, vətəni və özü üçün. Düşünün, 1900-cü illərdə Amanullah adlı bir adam çıxır və deyir: “Ey millətim, sənə müstəqillik söz verirəm”, Mahmud Tarzi çıxır, “Bir bayraq, bir millət” deyərək millətçiliyi alovlandırır! O tayfalar, insanlar, fraksiya yaratmadan və heç bir şey düşünmədən liderlərinin arxasınca qaçırlar və döyüşdə müstəmləkə imperiyalarının bütün ordularını məğlub edirlər. Bundan başqa, Mahmud Tarzinin müstəsna qabiliyyəti ilə istəklərinə uyğun olaraq müstəqillik müqaviləsi imzalandı. Mahmud Tarzi cəhalətdən oyanan bir millətə rəhbərlik etdi və o millət cahilliyi ilə heç bir yerə çata bilməyəcəyini gördü. Bəli, indi cəmiyyət televiziya cihazını parçalayan yobaz bir anlayışa itələnmək istənilir.

Belə yüksələn dəyərləri və həyəcanı yaşayan bir ölkə bir gündə məhv edilə bilməz! Bu həyəcanın son elementi mərhum Əhməd Şah Məsud idi. Ona inandılar və onun ardınca getdilər. Uğurlu da alınırdı, amma dərhal bu işi sui-qəsdlə sona çatdırdılar. İndi oğlu müqavimət göstərir, çox düzgün də edir. Əfqanıstan “Taliban”la heç bir yerə gedə bilməz. Sadəcə qorxudan, sual verəndə güllə ilə cavab verən bir zehniyyətdir. “Niyə bu insanlar” deyə verdiyiniz sualın cavabı bax budur.

-Bu insanlardan söz düşmüşkən, rəhmətlik Məsud Şah deyirdi ki, Amanullah xan bacarıqlı bir dövlət rəhbəri olsaydı, dövlət devrilməsəydi, yerinə yenidən monarxizm gəlməsəydi, Əfqanıstan bu gün bu duruma düşməzdi. Amma kral Amanullah xan o zaman deyib ki, əfqanların bir-birini öldürməsini, qanlı taxtın üstündə oturmağı istəmədiyi üçün Əfqanıstanı tərk edərək sürgünə gedib. Onu da deyirlər ki, Amanullah xan ən yaxın dostu Mustafa Kamal Atatürkün bir tövsiyəsini dinləməyib. Atatürk deyib ki, güclü bir ordu yarat və güclü orduya sahib ol. Kral da cavab verib ki, xalq məni sevirsə, güclü orduya gərək yoxdur...

- Bəli, bu barədə yazılı məlumatlar çoxdur və doğrudur. O zamankı şərtlərlər daxilində güclü ordu çox vacib idi. Atatürk də bunun fərqindəydi. Amanullah ona güvənən insanların sevgisinin yetərli olduğunu düşünürdü. Bu da baş vermədi. Nina Xruşşovanın gözəl bir sözü var: “Zalım rejimə itaət etmək təkcə qorxu deyil. İç bir harmoniya və xoşbəxtlik arzusu insanları motivasiya edir”. Mahmud Tarzi cəhaləti çox yaxşı təhlil edərək, kütlə üçün elm və modernləşmə yoluna işıq saldı. Deyirdi ki, “cahilliyin şirin razılığından oyanmadan xoşbəxt olmaq cahillərin ən böyük sərvətidir”. Mahmud Tarzi Əfqanıstanın ilk xarici işlər naziridir.O, daha sonra ölkəsini Parisdəki səfir olaraq da təmsil edib. Fars, Urdu, Puştun, Fransız və Ərəb dillərini çox yaxşı oxuya, yaza və danışa bilirdi. Yazılarında və çıxışlarında ictimaiyyətin başa düşə biləcəyi yüksək səviyyəli nitq qabiliyyətinə malik idi. Təhsilli, dil bilən bir heyət qurdu. Dövlət quruluşu sistemləri hazırladı. Mahmud bəy “jurnalistikanın atası” kimi də tanınır. Xarici dillərdən bir çox kitablar tərcümə edib. Nazım və Nesir dövrünün ən əhəmiyyətli ustaları arasındadır. Atası Qulam Məhəmmədin sevimli oğlu idi. Atası ona “Tarzi” ləqəbini verdi. Mahmud “Tarzi” soyadından qanuni olaraq istifadə etməyə başlayıb. Ofisi və evi həmişə öyrənmək istəyən gənclərlə dolu idi. Din və dövlət işlərini ayrı tutan “dünyəvi sistem” üçün də addımlar atdı. Ailəsinə böyük əhəmiyyət verən xoş, intizamlı bir ailə başçısı idi.

-Kral Amanullahın Mustafa Kamal Atatürkün ən yaxın dostu olduğunu deyirlər. Hətta Atatürk vəfat edəndə Türkiyəyə göndərdiyi başsağlığı teleqramında yazıb ki, mənə başsağlığı verin, çünki mən bir qardaş itirmişəm. İstanbuldakı cənazə törənində tabutun arxasında belə ilk dayanan kral Amanullah olub. Bu, doğrudurmu?

- Atatürk və Amanullah arasındakı dostluq qardaşlıq xüsusiyyətlərinə malikdir. Bir-birinəqarşı səmimi və dəyər verən iki insan idi. Amanullah bu birlikdən çox şey öyrənir və bunu ölkəsində tətbiq edirdi. Atatürk də belə təmiz və sevən bir insanla birlikdə olmaqdan çox məmnun idi. Daha sonra Əfqanıstandan ayrılarkən Amanullah qardaşı Atatürkdən Mahmud Tarzi və ailəsini qəbul etməsini istəyib. Atatürk Baş nazir İsmet İnönü ilə hər şeyi təşkil edib. Mahmud bəy ailəsi ilə İstanbula gedir və ömrünün sonuna qədər orada rahat yaşar. Məzarı Eyyubsultandadır.

Babam Mahmudun qızı Xayriyyə xanım Əmir Habibullahın böyük oğlu Enayatullahla evlənib. Digər qızı Soraya isə kral Amanullahla ailə qurub. Emine xanım kral Amanullahın qardaşı şahzadə Obeidullah Serajla, Azize xanım diplomat Kasım Xanla, Huriya xanım diplomat Qulam Siddiqlə evlənib. Bunlar mənim bibilərimdir. Atam polkovnik Tavab Tarzi Mahmud Tarzinin Dəməşqli dostu, İstanbullu Farisin qızı Zakire ilə ailə qurub.

... Ən həssas olduğum məsələ, 21-ci əsri başa vurduqca hələ də qorxuya əsaslanan metodların milləti və insanları idarə etməsidir. Dünya indi çox sürətli elmi nailiyyətlər əldə edir. İnanclarında azad, sərbəst olanlar daha sürətli hərəkət və inkişaf edir. Odur ki, Əfqanıstan üçün də hər zaman ümidimizi davam etdirirk.

Laçın SƏMLA

AzPolitika.info

 Atatürk və kral Amanullah

 Kral ve xanımı

 Kral karlica qızları

Kabilde Tarzi məktəbi

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar