PEKİN - MOSKVA ƏMƏKDAŞLIĞI RƏQABƏTƏ ÇEVRİLİR... – “Rusiya və Çin orduları birgə təlim keçirsələr də, gizlində...”

Avqust ayının ortasında Rusiya ilə Çin növbəti dəfə iri miqyaslı müştərək hərbi təlimlər keçirdilər. Hələlik hər iki ölkə bəyan edir ki, NATO və ya Varşava müqaviləsi kimi hərbi ittifaq yaratmağa ehtiyac duymurlar. Amma iki ölkə silahlı qüvvələrinin yaxınlaşması onların anti-Qərb cəbhəsində dayandıqlarını nümayiş etdirir.

İqtisadi cəhətdən Rusiyanın Çindən asılı olmasına baxmayaraq, hələ ki, müdafiə sənayesi sahəsində Pekin Moskvanın “köhnə müştərisidir”. Ancaq bəzi analitiklər qeyd edirlər ki, Rusiya silahının böyük idxalatçısı olan Çin artıq tədricən silah istehsalında Moskvanın rəqibinə çevrilir.

“Qərb: Qarşılıqlı fəaliyyət-2021” kod adı altında baş tutan beş günlük müştərək hərbi təlimlər Çinin mərkəzi hissəsi olan Ninsa-Hueskom muxtar vilayətində keçirilib və bu, iki ölkənin Çin ərazisindəki ilk birgə təlimidir. Bu manevrlərə on min hərbçi, çoxlu sayda təyyarə, texnika və müxtəlif müdafiə sistemləri cəlb olunub. Burada ruslar ilk dəfə Çin silahlarından istifadə ediblər.

Təlimlər əlverişsiz geosiyasi şəraitdə keçirilib, çünki hər iki ölkənin yaxınlığında yerləşən Əfqanıstanda taliblər hakimiyyətə gəlib. Bu, Rusiya və Çini hərbi cəhətdən tam hazır vəziyyətə gəlməyə məcbur etdi.

Digər yandan taliblərin Əfqanıstandakı irəliləyişi Moskva və Pekin üçün xüsusi əhəmiyyət daşıyan Orta Asiya dövlətlərini təhlükə altına qoyur. Ona görə də, Rusiya qoşunlarının bir hissəsi Çində keçirilən təlimlərdə iştirak etdiyi halda, digər hissəsi Tacikistanda tacik və özbək silahlı güclərilə birlikdə hərbi təlimlərə qoşulmuşdu.

Moskva Əfqanıstandakı döyüşlərin Tacikistana keçəcəyindən bərk qorxur. Rusiyanın xaricdəki ən böyük hərbi bazası Tacikistanda yerləşir. Düşənbə son illər Çin silahlı qüvvələri ilə də sıx əməkdaşlıq edir.

Rusiyanın Krımı ilhaq etməsindən və Ukraynanın şərqinə soxulmasından sonra Moskva və Pekin çox yaxınlaşdılar. Qərbin tətbiq etdiyi iri miqyaslı iqtisadi sanksiyalardan sonra Rusiya prezidenti iqtisadi baxımdan Qərb dövlətlərindən özünü təcrid etmək qərarına gəldi.

Daha dəqiq ifadəylə desək, o, Avropa Birliyi və ABŞ-la ticarəti məhdudlaşdırmaq istədi. Son otuz ildə Rusiya ticarətində Çinin payı iki dəfə artıb, bu müddət ərzində Avropa Birliyi ilə ticarət isə on faiz azalıb. İrəlidəki üç ildə Rusiya və Çin arasındakı ticarət dövriyyəsi 200 milyard dollara qədər yüksələ bilər.

Çin Rusiyadan əsas etibarilə enerji daşıyıcıları və silah alır və bu element Rusiyanın dünyadakı gücünün önə çıxmasında açar rolu oynayır. Hələ 20 il öncə Çin və Rusiya Putinin hakimiyyətə gəlməsindən bir az sonra dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar(Bu yaxınlarda həmin müqaviləni təntənəli surətdə uzadıblar).

Si Çzinpin hakimiyyətə gəldikdən sonra iki ölkə arasındakı ticariət mübadiləsi Çinin xeyrinə xeyli böyüyüb. Əgər indi Rusiya xarici ticarətində Çinin payı 20 faizdirsə, bunun əksinə olaraq Çinin xarici ticarətində Rusiyanın payı 0,8 faizdir(2018-ci ilin məlumatı).

Bu, o anlama gəlir ki, Çin Rusiya iqtisadiyyatı üçün daha çox vacibdir, nəinki əksinə. Lakin bunu silah barəsində və eləcə də iki ölkə münasibətləri çərçivəsində Rusiya silahlı qüvvələrinin tutduğu mövqe haqqında söyləmək olmaz.

Rusiya və Çin 2005-ci ildən birgə hərbi təlimlər keçirirlər. Çin çoxdandır ki, Rusiya silahının böyük idxalatçısıdır. 2016-cı ildən 2020-ci ilədək Çinin idxal etdiyi silahın 77%-i Rusiyanın payına düşüb.

“South China Morning Post”qəzeti yazır ki, Rusiya hərb sənayesinin ixrac məhsulunun 18 faizi Çinə yollanılır. Bu müddət ərzində Putin Rusiyasının ən çox silah ixrac etdiyi ölkə Hindistan olub. Lakin maraqlıdır ki, ötən altı ay ərzində Rusiya ən çox silahı Çexiyaya satıb. İkinci yerdə Əlcəzair, üçüncü yerdə isə Çin gəlir.

Rusiya ilə Çinin birlikdə hərbi təlimlər keçirməsinə baxmayaraq, müəyyən bir cizgi var ki, heç bir tərəf onu aşmaq istəmir. Odur ki, Moskva və Pekin bir neçə dəfə aydın şəkildə bildiriblər ki, onların hərbi ittifaq yaratmaq niyyətləri yoxdur.

Putin keçmişdə bəyan etmişdi ki, Rusiyaya Çinlə hərbi ittifaq lazım deyil. Dünyanın iki və ya üç böyük dövlətinin hərbi ittifaq bağlaması, özü ilə birlikdə böyük geosiyasi nəticələr gətirə bilər.

Keçən ay Rusiya və Çin orduları “Şanxay Əməkdaşlıq Təşkilatı” çərçivəsində anti-terror əməliyyatına həsr olunmuş daha bir təlim keçiriblər. Hindistan və Pakistandan başqa Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğızıstan da bu təşkilatın tam hüquqlu üzvləridir. Bu təşkilat vasitəsilə Çin nə vaxtsa SSRİ respublikaları olmuş Orta Asiya ölkələrindəki hərbi iştirakını genişləndirib (Hazırda Rusiya bu respublikaları özünün yaxın xarici qonşuları hesab edir).

Orta Asiya ölkələri Rusiya və Çin əlaqələrində mühüm yer tutur, çünki burada onların mövqeləri sonadək üst-üstə düşmür.

Analitiklər qeyd edirlər ki, son iyirmi ildə Çinin müdafiə sənayesi böyük sıçrayış edib və bu gün Çin Hərbi Sənaye Kompleksi ölkəsinin daxili tələbatını təmin etmək qabiliyyətindədir. 25 ildir ki, Çinin müdafiə büdcəsi durmadan artır və 2020 -ci ildə 225 milyard dollara çatıb. Rusiyanın müdafiə xərcləri isə 62 milyard dollardır. Belə bir disbalans müəyyən nəticələrə gətirib çıxara bilər.

“Soyuq müharibə” qurtarandan sonra Pekin əvvəlcə Qərbdən silah almaq istəyirdi. Lakin Tyananmen meydanında tələbələrə divan tutulmasından və Qərbin Çinə qoyduğu sanksiyalardan sonra Pekin üzünü şimala, Moskvaya tərəf çevirdi.

Boris Yeltsin hökuməti dönəmində iqtisadi böhran yaşayan Rusiya, Çinə sata biləcəyi yeganə məhsulu olan silah ticarətinə çox ümüd bəsləyirdi. 1992-2007-ci illər arasında Çin aldığı silahların 84 faizini Rusiyadan idxal edirdi. Amma son illər vəziyyət dəyişib, Çin hərbi büdcəsi həmin dövrlərə nisbətən iki dəfə böyüyüb. Ona görə də Pekin öz ordusuna lazım olan silahların böyük bir qismini özü istehsal edir.

“Nikkei Asia” portalına müsahibə verən amerikalı analitik Maykl Kofman deyib: ”Biz gözləyirik ki, yaxın beş ildə Rusiya çinlilərə texnologiya verən ölkələr siyahısından çıxacaq”.

“Veçerni list” – (Xorvatiya)

Tərcümə etdi: V. Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar