“Tender tam şəffaf əsaslarla keçirilib...” - Dövlət Turizm Agentliyindən cavab

15 sentyabr 2021-ci il tarixində saytımızda Dövlət Turizm Agentliyinin “Daxili turizmin təbliğat kampaniyası üçün kreativ konsepsiyanın hazırlanması xidmətinin satın alınması tenderi” ilə bağlı yazı dərc olunub. 

Yazıda konsepsiyanın Agentliyin özü tərəfindən deyil, 135 min 841 manat ödənilərək "REPRISE DIGITAL AZERBAIJAN" Məhdud Məsuliyyətli Cəmiyyətinə hazırlatdırılması tənqid olunub. Bununla bağlı Dövlət Turizm Agentliyi (DTA) tərəfindən saytımıza məktub göndərilib.

Məktubda məqalədə qeyd olunan məsələlərlə bağlı Agentliyin mövqeyi əks olunub. DTA-nın mövqeyini əks etdirən məktubu kiçik ixtisarla dərc edirik:

“Dövlət Turizm Agentliyi 15 sentyabr 2021-ci ildə "azpolitika.info" saytında yayımlanan məqalədə “Daxili turizmin təşviqi üçün kreativ konsepsiya hazırlanması” ilə bağlı keçirilən tender proseduru haqqında qaldırılan suallara aydınlıq gətirir.

Turizm sənayesinin inkişafında prioritet istiqamətlərdən biri olan daxili turizmin inkişafı və təşviqinin pandemiya dövründə xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq, daxili turizmin təbliğatı istiqamətində müxtəlif yönümlü işlər həyata keçirilir.

Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri ölkədaxili turizmi inkişaf etdirmək, regionların turizm potensialını əhali arasında tanıtmaq, eləcə də yerli turizm sənayesinə dəstək göstərmək məqsədini daşıyan “Macəra Yaxındadır” adlı daxili turizm kampaniyasıdır.

“Macəra Yaxındadır” kampaniyasının daha maraqlı və cəlbedici olması, daha geniş kütləni əhatə etməsi üçün müxtəlif marketing və tanıtım kampaniyaları icra olunur. 2020-ci ilin mart ayından başladılan daxili turizm kampaniyasının yeni kreativ konsepsiyasının hazırlanmasına zərurət yarandığından “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq daxili turizmin təşviqi üçün kreativ konsepsiya hazırlanması üzrə açıq tender elan olunub.

Elektron qaydada, tam şəffaf əsaslarla keçirilmiş tenderdə marketing və reklam sahəsində ixtisaslaşan, dünyaca məşhur marketing agentliyi “Reprise Digital” şirkətinin Azərbaycanda yeni fəaliyyət göstərməyə başlayan nümayəndəliyi olan kreativ agentlik “REPRISE DIGITAL AZERBAIJAN” MMC qalib gəlib və şirkətlə müvafiq müqavilə bağlanılaraq əməkdaşlığa başlanılıb.

Qeyd edək ki, tenderin qalibi tərəfindən daxili turizm kampaniyası üçün vizual konsepsiya hazırlanacaq, sosial şəbəkə kanalları vasitəsilə paylaşılan kreativlər yaradılacaq, eyni zamanda maarifləndirmə və təşviqat kampaniyası təqdim olunacaqdır.

Kreativ konsepsiyanın hazırlanması yalnız bir sənədin hazırlanmasını deyil, bir sıra xidmətlərin icrasını nəzərdə tutur. Bu kompleks tədbirlər layihənin və onun verdiyi mesajların hədəf kütləsinə daha düzgün çatdırılması və arzu edilən nəticənin əldə edilməsi üçün zəruridir. Belə ki, əməkdaşlıq çərçivəsində rəqəmsal kampaniya icra olunacaq və müxtəlif rəqəmsal məhsullar (sosial şəbəkələr üçün məzmun təqvimi, paylaşım və kreativlər, video çarxlar, HTML bannerlər və s.) sosial şəbəkə və digər marketing kanallarında yerləşdiriləcək. Həmçinin yerli blogerlərlə əməkdaşlıq qurulacaq, blogerlərin iştirakı ilə 30 təbliğat videosu çəkilib sosial şəbəkələrdə yerləşdiriləcəkdir. Bu videoçarxlar vasitəsilə geniş izləyici kütləsi arasında Azərbaycanın zəngin turizm potensialı təbliğ olunacaq, unikal turizm məhsul və xidmətləri, eləcə də tarixi və təbii abidələr potensial turistlərin diqqətinə çatdırılacaqdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar