"Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu"- Əsas şahid dindirildi

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov növbəti dəfə hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.

Bu gün baş tutan prosesdə 2006-2017-ci illərdə "İdeal"da işləmiş Həbib Qarayev də dindirilib.

Şahid bildirib ki, əvvəl mağazada inzibatçı işləyib. Daha sonra mağazalardan pulu toplayıb, baş ofisdə mühasibatlığa çatdırmaqla məşğul olub.

Şahidin sözlərinə görə, bəzən kredit ödənişləri və digər məsələlər üçün şirkətin kassasından ona vəsait verilibi, o da tapşırığı icra edib: "Şirkətin inkişafı, yeni mağazaların açılması və ya təmiri üçün pul lazım olurdu. Ona görə bankdan kredit götürülürdü. O kreditin ödənişi üçün də kassadan pul verilirdi, aparıb ödəyirdim".

Şahidə "Yapıkredibank"dan götürülmüş 939 min dolların şirkətin kassasına köçürülməsi barədə qəbz təqdim olunub. Həbib Qarayev sənəddəki imzanın ona məxsus olduğunu təsdiqləyib.

Həbib Qarayev məhkəmədə ifadəsində deyib ki, o, digər təsisçiyə çatası gəliri dəfələrlə aparıb "Gazelli Group"un vitse-prezidenti Fuad Əliyevə təqdim edib: "Şüvəlanda "Gazelli"nin baş ofisində aparıb verirdim. Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu..."

Daha sonra hakim elan edib ki, ittiham tərəfin şahidlərinin dindirilməsi başa çatdı. Ardınca vəkillər əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər qaldırıb.

İş adamının vəkilləri vəsatət qaldırıblar ki, şirkətin indiki rəhbəri məhkəmədə dindirilsin. Məhkəmə vəsatəti təmin etməyib.

Vəkillərin məhkəmədə dindirilməsini istədiyi digər şəxs isə Fuad Əliyev olub: "Məhkəməyə təqdim edilən yazışmalarda Fuad Əliyevin də elektron məktubları var. Payların bölünməsində o da iştirak edib. Bundan əvvəlki şahid də dedi ki, digər təsisçiyə çatası məbləği aparıb Fuad Əliyevə verirdi. Əvvəlki məhkəmə iclasında mühasib Samirə Quliyeva da bunu təsdiqləmişdi".

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Vəkillər həmçinin 2017-ci ildə İlqar İsmayılov haqqında başlanmış, sonradan xitam verilmiş cinayət işinin materiallarının prokurorluqdan alınması barədə də vəsatət qaldırıb. Vəkil vurğulayıb ki, o zaman da iş adamı eyni ittihamla həbs olunmuşdu: "Cinayət işinin materiallarında olan mütəxəssis aktından görünür ki, İlqar İsmayılovun adından şirkətin kassasına köçürülmüş və çıxarılmış məbləğlərin fərqi İsmayılovun xeyrinə olub".

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Proses oktyabrın 4-nə qədər təxirə salınıb.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb. 3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.

Məhkəmə araşdırması davam edir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar